Tur-aksiyanın iştirakçıları Astarada
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Bakının Sabunçu, Nərimanov, Nizami, Binəqədi, eləcə də Zəngilan, Şuşa, Zaqatala, Balakən, Yevlax və Qax rayonlarının məktəbliləri noyabrın 18-də Astara rayonuna səfər ediblər.
Astarada tur-aksiya iştirakçılarını rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Rayon icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaların məktəblilərin dünyagörüşünün formalaşmasındakı rolundan danışıb.
Y.Rəsulova şagirdlərə ölkəmizdə, o cümlədən Astara rayonunda həyata keçirilən infrastruktur layihələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.
Məktəblilər Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini, böyük rəhbərin Astara rayonuna səfərlərini əks etdirən eksponatlar və fotoşəkillərlə böyük maraqla tanış olublar.
Sonra Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə gələn məktəblilərə məlumat verilib ki, 2014-cü ildə 6 hektar ərazidə salınmış park-bulvar kompleksinin ərazisi 15 hektara çatdırılacaq. İran İslam Respublikası ilə dövlət sərhədinə qədər sahil boyunca inşa edilən park-bulvar kompleksinin yeni ərazisində tikiləcək Bayraq Meydanı, mehmanxana və hotellər, idman və müxtəlif əyləncə mərkəzləri, xidmət obyektləri Astara şəhərinə xüsusi gözəllik verəcək.
Ərazidə, həmçinin uşaqların mənalı istirahətini təmin etmək məqsədilə uşaq əyləncə mərkəzlərinin, açıq fitnes meydançasının, fəvvarənin, amfiteatrın tikilməsi, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub. Parkın əvvəlki hissəsindən fərqli olaraq, yeni ərazidə dəniz sahilinə bir neçə çıxış olacaq.
Məktəblilərə Astaranın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, əhalinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədə də məlumat verilib. Qeyd olunub ki, Astara zəngin təbiətə və qədim tarixə malik, nadir el sənətkarlığının, adət-ənənələrin və folklorun qorunduğu qədim yaşayış məntəqəsidir.
Park-bulvar kompleksi ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları rayonun Ərçivan kəndindəki “Yanar bulaq”da suyun necə alovlandığını böyük maraqla izləyiblər.
Məktəblilər “Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesini izləyib, burada yaradılmış “Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlara baxıblar.