Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Qamışovka kəndində səyyar qəbul və görüş keçirilmişdir

20 noyabr 2017 | 16:00

Kakalos inzibati ərazi dairəsinə daxil olan Qamışovka kəndi  ərazicə kiçik olsa da nümayəndəliyin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında mühüm rol oynayır. Burada yaşayanların əsas məşğuliyyəti əkinçilik və balıqçılıqdır. Ərazinin 57 hektar sahəsində 320 nəfər əhali yaşayır. 80 təsərrüfat, 67 yaşayış evi  vardır.

Son illərdə rayonumuzun hər yerində olduğu kimi, Qamışovka kəndində də abadlıq-quruculuq işləri, yaraşıqlı,  müasir tələblərə cavab verən yaşayış evləri və digər obyektlər diqqəti cəlb edir.

Noyabrın 20-də rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Qamışovka kəndində əhali ilə səyyar qəbul və görüş keçirmişdir. Qəbulda rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər. Görüşü giriş sözü ilə açan icra başçısı Q.Ağayev kənd sakinlərini salamlamış, son dövrdə respublikamızda, rayonumuzda, o cümlədən Kakalos inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində geniş abadlıq və quruculuq işlərinin görüldüyünü diqqətə çatdırmışdır.

Kakalos inzibati ərazi dairəsi üzrə nümayəndə Raul Məmmədov tədbirdə çıxış edərək səyyar qəbul və görüşə gəldiyinə, əhalini düşündürən və narahat edən məsələlərlə yaxından maraqlandığına görə təşəkkür və minnətdarlığını bildirmiş, əvvəlki səyyar qəbuldan sonra vətəndaşların müraciətləri əsasında həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.

Qamışovka kənd sakinlərindən İzzət Şahverdiyev, Akif Məmmədov, Şamil Şahverdiyev, Novruz Bəşirov, Ramin Əsədov və başqaları çıxış edərək respublikamızda, xüsusən doğma Astara rayonunda aparılan geniş abadlıq və quruculuq işlərindən razılıqlarını bildirmiş, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin sosial-iqtisadi inkişafla əlaqədar verdiyi Sərəncamların layiqincə yerinə yetirildiyini, Astara və astaralılara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmişlər. Çıxış edənlər nümayəndəliyin ərazisində xeyli quruculuq işlərinin görüldüyünü bildirməklə yanaşı, həlli vacib olan məsələlər barədə təkliflərini irəli sürmüşlər. Qeyd olunmuşdur ki, son dövrdə kənd təsərrüfatı əkinlərinə geniş yer verildiyinə görə suvarma kanallarının genişləndirilməsinə və dərinləşdirilməsinə ehtiyac yaranmışdır. Nümayəndəliyin ərazisində yerləşən məktəblərin istilik sistemlərinin qaydaya salınması üçün müvafiq tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırmışlar.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək müstəqil Azərbaycan Respublikasında sosial və iqtisadi inkişaf sahəsində həyata keçirilən  genişmiqyaslı proqramlar nəticəsində bütün sahələrdə əsaslı dönüş yaradıldığını bildirmişdir. İcra başçısı qeyd etmişdir ki,  respublikamız inkişaf səviyyəsinə görə nəinki Qafqazda, hətta bütün dünyada əksər ölkələrdən irəlidə gedir. 25 illik müstəqillik dövründə əsrə bərabər inkişaf dövrü keçən ölkəmizdə əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün müntəzəm olaraq ciddi və əsaslı tədbirlər görülür. Dünyanı bürüyən iqtisadi böhran dövründə Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasət qısa müddətdə öz müsbət nəticələrini göstərmişdir. Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən tədbirlər, kənd təsərrüfatı əkinlərinin genişləndirilməsi üçün həyata keçirilən genişmiqyaslı proqramlar ictimaiyyət tərəfindən razılıq hissi ilə qarşılanmışdır.

Son illərdə müstəqil respublikamızın füsunkar guşələrindən biri olan Astara rayonunda da bütün sahələrdə əsaslı irəliləyişin olduğunu diqqətə çatdıran icra başçısı bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini xüsusi vurğulamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin sentyabrın əvvəllərində cənub bölgəsinə səfəri, sitrusçuluq, çayçılıq və çəltikçiliklə bağlı keçirdiyi müşavirədə çıxışları zamanı qarşıya qoyduğu mühüm və şərəfli vəzifələr bütün əhalinin ruh yüksəkliyinə səbəb olmuş, onları yeni-yeni nailiyyətlər qazanmağa ruhlandırmışdır. Möhtərəm Prezidentin “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 12 sentyabr 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar görülən işlər bir daha sübut edir ki, qarşıdakı illərdə bölgəmizdə ənənəvi kənd təsərrüfatı növlərinin sürətli inkişafı təmin ediləcəkdir.

İcra başçısı Kakalos inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində kənd təsərrüfatının daha sürətli inkişafı üçün münbit şəraitin olduğunu bildirmiş, yerli əhali tərəfindən bu sahəyə diqqətin daha da artırılmasının vacibliyini vurğulamışdır. Kəndin ərazisində istifadədən kənarda qalan yararlı torpaq sahələri dövriyyəyə qaytarılmalı, kənd təsərrüfatı əkinləri daha da genişləndirilməlidir.

Səyyar qəbul və görüşdə kənd sakinləri tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası ilə əlaqədar aidiyyəti təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir. 

Keçidlər