Motlayataq kəndində səyyar qəbul və görüş keçirilmişdir
Noyabrın 23-də rayonun ucqar dağlıq ərazisində yerləşən Motlayataq kəndində Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev idarə, müəssisə, təşkilatların, inzibati orqanların rəhbərlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə səyyar qəbul və görüş keçirilmişdir. Görüşə gəlmiş yerli əhalini salamlayan icra başçısı vətəndaşlarla keçirilən hər bir görüşdən məmnun olduğunu, qaldırılan problemlərin və verilən təkliflərin yerinə yetirilməsi üçün aidiyyəti qurumlar tərəfindən konkret və əməli tədbirlər görüldüyünü diqqətə çatdırmışdır. Taxtanakəran-Toradi avtomobil yolunun üzərində yerləşən Motlayataq kəndində, ümumilikdə dağlıq ərazidə yerləşən yaşayış məntəqələrində son illər rahat yolların çəkilməsi, mühüm sosial və mədəni obyektlərin inşası yerli əhalinin böyük razılığına səbəb olmuşdur.
Asxanəkaran inzibati ərazi dairəsi üzrə nümayəndə Səlahəddin Əliyev çıxış edərək Motlayataq kəndində son dövrdə görülən geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, rayon mərkəzindən 38 kilometr məsafədə yerləşən Motlayataq kəndinin əhalisi 420 nəfər, ərazisi 210 hektardan ibarətdir. Son dövrdə Motlayataq və Əzərüd kəndlərində yeni məktəb binaları tikilmiş, kənd daxili yollar abadlaşdırılmışdır. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, bağçılıq və əkinçilikdir. İcra nümayəndəsi kənd sakinlərini narahat edən məsələlərin həllində, mühüm problemlərin aradan qaldırılmasında rayon rəhbərliyinin gündəlik qayğısı və diqqətini minnətdarlıq hissi ilə bildirmiş, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, rayonumuzda, hətta ən ucqar dağ kəndlərində yol və infrastruktur layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır. Bunun parlaq sübutu olaraq illərdən bəri yararsız halda olan və minlərlə kənd sakinlərinin gündəlik istifadə etdiyi bərbad yolun yenidən qurulması məqsədi ilə ölkə başçısının verdiyi Sərəncamın qısa müddət ərzində yerinə yetirilməsini göstərmək olar. Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yolunun yenidən qurulması üçün vəsait ayrılması və bu sahədə aparılan işlərin operativ şəkildə və yüksək keyfiyyətlə başa çatdırılması rayonumuzun bütün sakinləri kimi, həmin ərazidə yaşayan ucqar dağ kəndləri əhalisinin böyük sevincinə və ruh yüksəkliyinə səbəb olmuşdur. İndi bütün kənd sakinlərimiz geniş və asfalt yoldan rahat şəkildə istifadə etdiklərinə görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirirlər.
Kənd sakinlərindən Şirməmməd Fərəcov, Ramiz Gənciyev, Akif İbrahimov və başqaları çıxış edərək hörmətli icra başçısı Qəzənfər Ağayevə vaxt tapıb ucqar dağ kəndinə gəldiyinə və yerli əhali ilə çox səmimi və işgüzar görüş keçirdiyinə görə razılıqlarını ifadə etmişlər. Onlar bir daha qeyd etmişlər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik diqqəti və qayğısı nəticəsində ölkə əhalisinin rifah halı gündən-günə yaxşılaşır. Biz bunu gündəlik həyatımızda açıq-aşkar hiss edirik. Əvvəllər heç bir sosial obyekti olmayan dağ kəndlərimizdə yeni-yeni məktəblər, xəstəxanalar tikilir, geniş və rahat yollar çəkilir. Bizim yaşadığımız kəndlərə son dövrdə çəkilən yollar hər birimizin qəlbini hədsiz sevinc hissi ilə doldurur. Biz bu qayğıya əməli işimizlə cavab verməyə çalışırıq.
Kənd sakinlərini onları narahat edən məsələlər barədə də fikir və təkliflərini bildirmiş, elektrik xəstələrinin əsaslı təmir olunması, telefon və internet xətlərinin çəkilməsi və digər problemlərin həlli ilə əlaqədar müraciət etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat vermişdir. Ötən dövrdə respublikamızda yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələr uğurla icra olunmuşdur.
Ölkəmizin neft-qaz sektorunda əlamətdar hadisələr baş vermiş “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni saziş imzalanmış, Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılışı olmuşdur.
140 ölkə arasında rəqabətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ci yerə qalxmış, MDB məkanında liderliyini qoruyub saxlamışdır.
2017-ci ilin rayonumuzda da xeyli iş görülmüşdür. Ən yaddaqalan hadisə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin bölgəmizə səfəri, yeni obyektlərin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü və çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirməsi olmuşdur. Müşavirədə cənab Prezident aqrar sektorun inkişafı ilə əlaqədar mühüm tövsiyə və tapşırıqlarını vermişdir. Bu tapşırıqlara uyğun olaraq kənd təsərrüfatının inkişaf etdirilməsi, istifadəsiz qalan torpaq sahələrinin dövriyyəyə qaytarılması ilə əlaqədar rayonumuzda da mühüm tədbirlər həyata keçirilmişdir.
Kənd investisiya layihəsi çərçivəsində Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ərazisində müasir tipli xəstəxana binası tikilib istifadəyə verilmişdir. Ucqar dağlıq əraziləri əhatə edən, mürəkkəb relyef şəraitində yerləşən Taxtanakəran-Toradi avtomobil yolunun tikintisində işlər yekunlaşdırılmışdır.
İcra başçısı vurğulamışdır ki, Ələt-Astara-İran sərhədi avtomobil yolu ölkəmizin əsas avtomobil yollarından biri olmaqla yanaşı, “Şimal-Cənub“ nəqliyyat dəhlizinin tərkib hissəsi sayılır. Yolun istifadəyə verilməsi bölgəmizə turist axınının xeyli artmasına səbəb olacaqdır. Turizm potensialına malik olan rayonumuzda uzaq dağ kəndlərinin yollarının asvaltlaşdırılması ilə tarixi,mədəni, təbiət abidələri ilə zəngin olan bu ucqar dağ kəndlərə turistlərin gəlişi xeyli artacaqdır.
Rayonda bundan sonra da geniş abadlıq və quruculuq işlərinin aparılması sürətlə davam etdiriləcəkdir. Biz rayonumuzun bütün yaşayış məntəqələrində olduğu kimi, ucqar dağ kəndlərinə də diqqət və qayğımızı əsirgəməyəcəyik. Dağlıq ərazidə yaşayan sakinlər əməksevərdirlər, burada bərəkətli torpaqlardan səmərəli istifadə edilməsi üçün bütün qüvvələr səfərbərliyə alınmalıdır. Yeni avtomobil yolunun istifadəyə verilməsi bu ərazidə yaşayan bütün kəndlərin inkişafına əlverişli şərait yaratmışdır. Biz inanırıq ki, qarşıdakı illərdə diqqətdən kənarda qalmış dağ kəndlərinə gediş-gəliş artması nəticəsində sosial-iqtisadi inkişaf sahəsində daha sevinc doğuran uğurlar əldə ediləcəkdir.
Eyni zamanda icra başçısı Motlayataq kənd orta məktəbində olmuş,məktəbdə gedən dərs prosesi və məktəbin şəraiti ilə maraqlanmışdır.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tövsiyə və tapşırıqlarını vermişdir.