Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kakalos kənd sakinləri ilə səyyar qəbul və görüşü
Kakalos kəndi Astara rayonunun böyük kəndlərindən biridir. Kəndin daxil olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi kəndlərdə 6007 nəfər əhali yaşayır. Təsərrüfatların sayı 1677, ərazisi isə 1235 hektardır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Ərazidə 3 tam orta məktəb, 1 həkim məntəqəsi, 1 uşaq bağçası, 2 mədəniyyət evi, 1 klub, 3 kütləvi kitabxana, 1 poçt, 2 məscid fəaliyyət göstərir. Ərazidə sosial – iqtisadi inkişafla və problemlərin həlli ilə bağlı lazımi tədbirlər görülür.
Bütün bunlar barəsində keçirilən səyyar qəbul və görüşdə Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Nəsib Əkbərov məlumat verərək rayon İcra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevi əhali adından salamlamış, rayonumuza icra başçısı təyin olunması münasibəti ilə təbrik etmiş, uğurlar arzulamışdır.
Kakalos bələdiyyəsinin sədri Bəhram Əliyev, Kakalos kənd həkim məntəqəsinin müdiri İqbal Rzayev, Bala Şahağac kənd tam orta məktəbin direktoru Allahverən Eynullayev, Kakalos kənd 2 saylı tam orta məktəbin direktoru Nazim Rzayev, Kakalos kənd 1 saylı tam orta məktəbin müəllimi Ağamməd Əliyev, Kakalos kənd 2 saylı tam orta məktəbin müəllimi Lalə Dadaşova görüşdə çıxış edərək əhali ilə görüşə gəldiyinə görə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə minnətdarlıqlarını və təşəkkürlərini bildirmiş, rayonda sosial-iqtisadi inkişaf sahəsində görülən işlərdə, rayonun daha abad, yaraşıqlı və müasir yaşayış məntəqəsinə çevrilməsi üçün həyata keçiriləcək tədbirlərdə fəal iştirak edəcəklərini söyləmişlər.
Görüşdə çıxış edənlər tərəfindən bir sıra təkliflər də irəli sürülmüşdür. Bildirilmişdir ki, istismar müddəti başa çatmış elektrik naqil və dirəklərin dəyişdirilməsi, kənddə qazlaşdırmanın başa çatdırılması, kəndin mərkəzindən keçən avtomobil yolunun üzərində sürət məhdudlaşdırıcısının qoyulması arzu olunan məsələlərdir. Söylənilən təklif və müraciətlərin icra olunacağına əminlik ifadə edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev görüşdə çıxış edərək söylənilən təbriklərə və deyilən xoş sözlərə görə kənd sakinlərinə minnətdarlığını bildirmiş və söyləmişdir ki, müstəqil ölkəmiz sürətlə inkişaf edir. Bütün bunlar ulu öndərimiz Heydər Əliyevin müdrik siyasəti, bu siyasəti ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində mümkün olmuşdur. Bu uğurlu inkişafı rayonumuzun şəhər, qəsəbə və kəndlərinin timsalında da aydın görmək olar. Sevindirici haldır ki, bəzi xırda məntəqələri nəzərə almasaq kəndinizdə elə bir problem məsələ yoxdur. Çıxışlardan hiss olundu ki, bu kəndin, sakinləri dövlətə və dövlətçiliyə sadiq, ölkə rəhbərinin ətrafında sıx birləşmiş insanlardır. Yol boyu bağ-bağçalarda tarla işləri ilə məşğul olan insanların torpağa bağlılığı, zəhmətsevərliyi məni çox sevindirdi. Burada söylənildi ki, elektrik naqilləri və dirəklərinin, istismarı başa çatmışdır və cari təmir işləri aparılmaqla əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Gələcəkdə isə elektrik təsərrüfatının tamamilə yeniləşdirilməsi nəzərdə tutulmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev söylənilən təklif və müraciətləri diqqətlə dinlədiyini bildirmiş və həmin məsələlərin icrası üçün əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Daha sonra icra başçısı Q.Ağayev Kakalos kənd mədəniyyət evində ulu öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoymuşdur. Mədəniyyət evi nəzdində fəaliyyət göstərən “Nəcib qızlar” klubunun əl işləri və dekorativ sənət nümunələri ilə tanış olmuş. “Rəy və təkliflər” kitabına ürək sözlərini yazmış, Heydər Əliyev parkını gəzmişdir. Gələcəkdə bu parkın daha da abadlaşdırılması üçün müasir dizaynla müəyyən işlərin görüləcəyini qeyd etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev belə görüş və səyyar qəbulların bundan sonra müntəzəm olaraq təşkil ediləcəyini, insanları narahat edən məsələlərin həllinə hər cür köməklik göstəriləcəyini bir daha vurğulamışdır.