Miki kəndində səyyar qəbul və görüş keçirilmişdir
Dekabrın 14-də Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku inzibati ərazi dairəsi üzrə nümayandəliyinin Miki kəndində əhali ilə səyyar qəbul və görüş keçirmişdir.
Əhalini salamlayan icra başçısı möhtərəm cənab Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına Taxtanakəran-Miki avtomobil yolunun asfaltlaşdırılmasının başa çatdırılmasını kəndin tarixində mühüm bir hadisə olduğunu qeyd edərək sakinləri bu münasibətlə təbrik etmişdir. Qeyd etmişdir ki, rayonun ən ucqar dağlıq əraziləri olan, minlərlə insanın yaşadığı Deqədi-Pəlikəş, Taxtanakəran-Toradi avtomobil yolundan sonra mürəkkəb relyefə malik Miki kəndinə asfalt yolun çəkilməsi, ölkə başçısının təkcə şəhər və qəsəbələrin deyil, ucqar kəndlərin sosial problemlərinin həllini də daim diqqətdə saxlamasına bariz nümunədir. Uzunluğu 4,5 kilometr olan Taxtanakəran-Miki avtomobil yolundan 240 təssərrüfatın olduğu Taxtanakəran, Vaqadi, Lobır, Qanqalaş, Qalaparqo və Miki kəndlərinin 1500 nəfərdən çox əhalisi rahatlıqla istifadə edəcəkdir.
Kəndə rahat asfalt yolun çəkilməsi burada yaşayan əhalinin böyük sevincinə və ruh yüksəkliyinə səbəb olmuş, bütün kənd sakinləri bu mühüm layihənin həyata keçirilməsinə görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirmişlər.
Kənd sakinlərindən Şahyar Hüseynov, Arif Nəzərov, Şahmirzə Nəsirov, Əlikram Salayev, Gülxanım Hüseynova və başqaları çıxış edərək icra başçısı Qəzənfər Ağayevə Miki kəndinə növbəti dəfə gəldiyinə və əhali ilə səmimi görüş keçirdiyinə görə razılıqlarını bildirmişlər. Qeyd etmişlər ki, bu kəndlərdə yaşayan əhalinin əsas məşğuliyyəti heyvandarlıq, arıçılıq, sitrusçuluqdur. Avtomobil yolu bərbad olduğundan sakinlər fərdi təsərrüfatlarında istehsal etdikləri məhsulu bazarlara çıxarmaqda, eyni zamanda gündəlik tələbat mallarını almaqda problemlərlə üzləşir, böyük əziyyət çəkirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində ölkədə sosial məsələlər həllini tapdıqca insanların rifah halı gündən-günə yaxşılaşır. Biz bunu gündəlik həyatımızda açıq-aşkar hiss edirik. Rayon mərkəzindən xeyli uzaq məsafədə yerləşən yaşadığımız bu dağ kəndinə qısa müddətdə asfalt yolun çəkilməsi inanılmazdır. Amma bu artıq reallığa çevrilib. Əvvəllər bir saata qət etdiyimiz yolu indi 15 dəqiqəyə gedirik. Bu rahatlığa görə bütün sakinlər adından cənab Prezidentimizə hədsiz minnətdarlığımızı bildiririk.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş abadlıq və quruculuq işləri, həyata keçirilən beynəlxalq və respublika əhəmiyyətli layihələr barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, həyata keçirilən mühüm tədbirlərlə ölkənin iqtisadi inkişafı gücləndikcə təkcə yol infrastrukturu deyil, yeni məktəblərin, xəstəxana və idman obyektlərinin tikintisi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminatla bağlı layihələr uğurla icra olunur. Son illər rayonumuzda 40-dan çox, təkcə Siyaku inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə isə 6 yeni məktəb binasının tikintisi buna misaldır. Hazırda Astara şəhərinə içməli su xəttinin çəkilişi, park-bulvar ərazisinin genişləndirilməsi istiqamətində işlər sürətlə davam edir. Bütün bunlara görə ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdar olmalıyıq.
Eyni zamanda aqrar sektorun inkişafı ilə əlaqədar möhtərəm Prezidentin tapşırığına uyğun olaraq kənd təsərrüfatının rayonumuz üçün əlverişli olan sitrusçuluq, çayçılıq, çəltikçilik, tərəvəzçiliyin inkişafında böyük irəliləyişlərin olduğunu qeyd edən icra başçısı gələcəkdə də bu istiqamətdə fəaliyyətin genişləndiriləcəyini, ölkədə ərzaq bolluğunun yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, sosial rifahının yaxşılaşdırılmasına hər cür köməklik olunacağını diqqətə çatdırmışdır.
Yeni avtomobil yolunun istifadəyə verilməsi ilə bu ərazidə yerləşən bütün kəndlərin inkişafına əlverişli şərait yaranacaqdır. Gözəl təbiətə malik olan bu kəndlərdə istirahət yerlərinin, turizm obyektlərinin tikintisi ilə əraziyə turistlərin, xarici qonaqların marağı və gəlişi artacaq ki, bu da kəndlərin inkişafına müsbət təsir göstərəcəkdir. Rayonda bundan sonra da geniş abadlıq və quruculuq işləri davam etdiriləcəkdir.
Sonra İcra başçısı Qəzənfər Ağayev Miki kənd tam orta məktəbində olmuş, dərs prosesi və məktəbin şəraiti ilə maraqlanmış, tövsiyə və tapşırıqlarını vermişdir.