Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin gənclərlə görüşü
Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayonun şəhər, qəsəbə və kəndlərində vaxtaşırı olaraq əhali ilə keçirdiyi səyyar qəbul və görüşlərdən başqa ictimai təbəqənin ayrı-ayrı nümayəndələri – ağsaqqallar, sahibkarlar, qadınlar və gənclərlə görüşü də ənənə xarakterini almışdır. Dekabrın 19-da rayon icra başçısının gənclərlə növbəti görüşü keçirilmişdir.
Görüşdə icra başçısı müstəqil Azərbaycan Respublikasının bugünkü inkişafında gənclərin xüsusi rolu və yerini qeyd etmiş, hər birinə yeni-yeni uğurlar arzulamışdır. Bildirmişdir ki, xalqımıza xas olan yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik gənclərimizin ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda göstərdikləri fədakarlıqlar bizi hədsiz sevindirir, ürəyimizi fərəh hissi ilə doldurur. Müstəqil Azərbaycanımızın dünyada tanınmasına idman və elmi nailiyyətləri ilə töhfələr verən gənclərimiz Vətənimizin azadlığı və müstəqilliyi, torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsi uğrunda aparılan mübarizədə də həmişə ön sırada olmuş, qəhrəmanlıq nümunəsi göstərmişlər.
Xalqımızın ümummilli lideri Heydər Əliyev gənclərin yüksək təhsil alması, müxtəlif məsul vəzifələrə irəli çəkilməsinə həmişə diqqət yetirmiş, problemlərinin həllinə həssaslıqla yanaşmışdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev bu ənənəyə sadiq qalaraq vaxtaşırı gənclərlə görüşür, gəncliyin problemləri ilə daha yaxından tanış olur, onları düşündürən məsələlər ətrafında geniş fikir mübadiləsi aparır.
İcra başçısı respublikada gənclərin maraqlarına xidmət edən, sağlam gəncliyin formalaşmasında xüsusi əhəmiyyətə malik olan Heydər Əliyev Mərkəzləri, müasir tipli Olimpiya İdman Kompleksləri, Gənclər Evi, mədəniyyət və turizm obyektlərinin inşasını qeyd edərək, mühüm idman və mədəniyyət tədbirlərinin ölkəmizdə keçirilməsinə, turizmin sürətli inkişafına xüsusi diqqət yetirilməsində möhtərəm Prezidentimizin müstəsna rolunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan İnformasiya Kommunikasiya Texnologiyaları sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Müasir rabitə və informasiya texnologiyaları, ölkəmizin hərtərəfli inkişafı, əhalinin intellektinin yüksəldilməsi, həmçinin dünyada baş verən inteqrasiya proseslərinə daha aktiv cəlb olunması istiqamətində respublikamızın qarşısında yeni imkanlar açmışdır. Bir neçə il öncə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismarı müstəqil dövlətimizi kosmosda peyki olan azsaylı ölkələrdən birinə çevirmişdir.
İcra başçısı ölkədə aparılan geniş tikinti-quruculuq və abadlıq işlərinin son dövrdə daha geniş vüsət aldığını diqqətə çatdırmış, Astara rayonunda da görülən işlərin miqyasının xeyli genişləndiyini vurğulamışdır. Xüsusən gənclərin asudə vaxtının səmərəli təşkili üçün idman obyektləri, park və xiyabanlar, istirahət mərkəzləri tikilib istifadəyə verilir. Ölkə rəhbərinin rayonumuza tarixi səfərlərində bir sıra sosial obyektlərlə yanaşı, müasir gəncliyin formalaşmasında mühüm rol oynayan Heydər Əliyev Mərkəzi, Gənclər evi, Olimpiya İdman Kompleksi və Astara Boks Mərkəzini gənclərimizə hədiyyə etməsi ən unudulmaz bir hadisə kimi yaddaşlarda qalıb. Bu diqqət və qayğıya cavab olaraq Astara gəncləri müstəqilliyimizin qorunması, ölkəmizin iqtisadi, sosial və mədəni inkişafı, idman nailiyyətlərinin artırılması üçün var qüvvələri ilə çalışır, ictimai-siyasi həyatda fəal iştirak edirlər. Bu gün Milli Ordu sıralarında nümunəvi xidmət edən astaralı gənclərin xoş sorağı qəlbimizi fərəh hissi ilə doldurur. Təhsilə və elmi biliklərə yiyələnməkdə, ölkəmizin idman şərəfinin qorunmasında rayonumuzun gəncləri böyük nümunə göstərirlər.
Siz gənclər yüksək elmi biliklərə nail olmaqla, müasir elmi texnikanın və yeni texnologiyaların sirlərini öyrənməklə qloballaşma prosesinə layiqli töhfənizi verməli, böyük vətənpərvərlik mövqeyinizlə, ölkəmizin daha da qüdrətlənməsi üçün əlinizdən gələni etməlisiniz. Bütün bunlarla yanaşı cəmiyyətimizin sağlam aparıcı qüvvəsi olaraq bütün sahələrdə yüksək vətənpərvərlik nümayiş etdirməli, cəmiyyətdə zərərli vərdişlərin qarşısının alınması, narkomaniya ilə mübarizədə fəallıqlarınızı artırmalısınız.
Rayon Gənclər İdman İdarəsinin rəisi Ərçə Əliyev, idarənin baş məsləhətyçisi Elnur Qurbanlı, Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova, Astara "BOOK HOUSE" kitab evinin rəhbəri Şərqiyə Məmmədova, Astara Pedaqoji Kollecin kitabxana müdiri Xanımnisa İsayeva, kollecin tələbəsi Sevinc Məmmədzadə, Şiyəkəran kənd həkim məntəqəsinin müdiri Rahim Dadaşov, Şümrüd kənd tam orta məktəbin müəllimi Faiq Dadaşov, Qarabağ müharibəsi əlili Orxan Əliyev və başqaları çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı möhtərəm Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin daim gənclərlə görüşərək onların qayğı və problemləri ilə yaxından maraqlanması, gənc kadrlara yüksək etimad göstərərək irəli çəkməsi, hərbi lisey və məktəblərə daxil olan gənclərə maddi və mənəvi yardım göstərməsi, ali məktəblərdə təhsil alan tələbələrin problemlərinin həllinə köməklik göstərməsi gənclərin ruh yüksəkliyinə səbəb olmuşdur. Çıxış edənlər rayon gənclərinin fəallığının daha da artırılması, vətəndaş cəmiyyətinin formalaşmasında yaxından iştirak etməsi, vətənpərvərlik ruhunda tərbiyə olunmasında konkret tədbirlərin görülməsi üçün təkliflər vermişlər. Onların Astara park-bulvar ərazisində oxu və satış üçün kitab köşkünün yaradılması, ərazidə rayon haqqında əsas məlumatları özündə əks etdirən lövhələrinin yerləşdirilməsi, gənclərlə layihə tədbirlərinin keçirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqətin daha da artırılması və digər məsələlər barədə təklifləri diqqətlə dinlənilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev gəncliyi maraqlandıran məsələlərin həmişə diqqətdə saxlanılacağını, verilən təkliflərin dəyərləndiriləcəyini, rayonun inkişafı istiqamətində həyata keçirilən layihələrin icrası zamanı bunların nəzərə alınacağını diqqətə çatdırmışdır.
Rayonun ictimai-siyasi həyatında və çalışdıqları peşədə yüksək fəllığına görə bir qrup gənci Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandıran icra başçısı sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkmişdir.