Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2017-ci ilin yekunları müzakirə edilmişdir

16 yanvar 2018 | 16:00

 

Yanvarın 16-da Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. İnzibati ərazi dairəsi nümayəndəsi Şahin Əmənullayev hesabat məruzəsində qeyd etmişdir ki,  nümayəndəlik bir şəhər tipli qəsəbə və 9 kənddən ibarətdir. 12400 nəfər əhalisi, 2520 təsərrüfatı olan qəsəbədə 4 tam orta, 2 ümumi  orta,  3 ibtidai məktəb və 1 körpələr evi-uşaq bağçası, 1 sahə xəstəxanası, 1 həkim,  3 tibb məntəqəsi, 3 mədəniyyət evi, 4 klub və 7 kitabxana əhaliyə xidmət göstərir.

2017-ci ildə rayonumuzun hər yerində olduğu kimi nümayəndəlikdə də xeyli tikinti və quruculuq işləri aparılmış,  kənd ara yolları və çay daşqını zamanı sıradan çıxmış Ovala kəndinə gedən avtomobil körpüsü təmir edilərək elektrik təsərrüfatının yenidən qurulması sahəsində tədbirlər görülmüş, iki ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Uzun illər təmiri həyata keçirilməyən qəsəbə daxilində piyada səkilərə tamet düzülmüş, hasarlar suvaqla suvanaraq rənglənmiş, suötürücü kanallar təmir edilmişdir.

Nümayəndəlikdə kənd təsərrüfatının inkişafı diqqət mərkəzində olmuş, keçən il fərdi təsərrüfatlarda 300 hektardan çox əkin aparılmışdır. Nümayəndəliyin ərazisinin təxminən 900 hektarını sitrus, 134 hektarını çay bitkisi təşkil edir. Əvvəlki illərə nisbətən sitrus meyvələrinin istehsalı xeyli artmışdır. Bu sahənin inkişafı üçün son zamanlar ciddi tədbirlər görülür. İstifadəsiz qalan pay torpaqları abadlaşdırılaraq yeni sitrus sahələri salınır. Ötən il qəsəbədə yüksək məhsuldarlığı və şaxtaya davamlılığı ilə seçilən 1400 ədəd narıngi tingi əkilmiş, baramaçılığın inkişafı məqsədilə nümayəndəliyin ərazisində daha 1000 ədəd tut tingi əkilərək bu ağacların sayı ümumilikdə 2500 ədədə çatdırılmışdır.

Hesabat yığıncağında çıxış edən Sabir Fətullayev, Təbrizə Rəsulova, Vüsal Babayev, Rafiq Ağayev, Musa Məcidov, Həsənağa Ağayev, Heyran İbrahimova, Ayna Ağayeva və başqaları qəsəbədə və rayonda aparılan geniş quruculuq-abadlıq işlərinə görə İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmiş, hesabat ilində görülən işləri yüksək qiymətləndirmiş, tənqidi qeyd və təkliflərini diqqətə çatdırmışlar. Kəndarası və kənddaxili yolların təmiri, qəsəbə mərkəzində küçə işıqlarının qoyulması, suvarma su xəttinin çəkilməsi  barədə təkliflər verilmişdir.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev hesabat yığıncağında çıxış edərək yeni il münasibəti ilə qəsəbə əhalisini təbrik etmişdir. Ulu öndər Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Respublikamızın sosial-iqtisadi inkişafı ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat vermiş, dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq ölkəmizdə əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün tədbirlərin 2017-ci ildə davam etdirildiyini, Respublikamızın bütün bölgələrində əmin-amanlığın və sabitliyin təmin olunduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan xalqı, onun iradəsi, xalqla iqtidaran sarsılmaz birliyi və ölkə Prezidentinin həyata keçirdiyi uğurlu siyasətdir.

Ötən il qeyri-neft sektoru 2,5 faiz, o cümlədən sənaye 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artmışdır. Azərbaycanın valyuta ehtiyatı 4,5 milyard dollar artaraq 42 milyard dollara çatmışdır. Sabit, stabil siyasət yürüdən, yaxşı perspektivi olan ölkəmizin iqtisadiyyatına yerli və xarici investorlar tərəfindən 14,6 milyard dollar sərmayə qoyulmuş, ticarət balansının müsbət saldosu 6,2 milyard dollar təşkil etmişdir.

XX əsrin müqaviləsi kimi tarixə düşən neft kontraktının müddətinin 2050-ci ilə qədər uzadılması xarici investorlar tərəfindən bundan sonra da Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyulmasına imkanlar açmaqla, bu da yeni müəssisələrin, iş yerlərinin yaradılmasına şərait yaradacaq.

2017-ci ilin yaddaqalan hadisələrindən biri də Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur ki, bu da Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirir. Ölkəmiz Şimal-Cənub nəqliyyat dəhlizinin icrsı istiqamətində öhdəsinə düşən bütün işləri müvəffəqiyyətlə sona çatdırmışdır.   

Ölkəmizin iqtisadi gücü artıqca böyük şəhərlərlə yanaşı, regionlarımız da ildən-ilə abadlaşır. Son illər ölkə Prezidentinin Sərəncamları ilə ayrılan vəsait hesabına rayonumuzda ən mühüm sosial layihələrin müvəfəqiyyətli icrası göz qabağındadır. Ən ucqar dağlıq ərazilər də daxil olmaqla rayonun əsas böyük yaşayış məntəqələrinə rahat asfalt yollar çəkilmiş, müasir tipli məktəb binaları, xəstəxanalar, idman obyektləri tikilmiş, ictimai yaşayış binaları əsaslı təmir olunmuşdur.  Görülən işlər arasında İllər uzunu həllini tapmayan, əhalinin böyük əziyyətlə getdiyi Deqədi-Pəlikəş, Taxtanakəran-Toradi, Taxtanakəran-Miki avtomobil yollarının asfaltlaşdırılması və  əhalinin normal istirahəti, vaxtını səmərəli keçirməsi üçün Astara şəhərində salınan və hazırda genişləndirilməsi həyata keçirilən park-bulvar layihəsinin icrası xüsusilə qeyd edilməlidir. Bunlar rayonumuzun sakinlərinə möhtərəm Prezidentimizin əvəzsiz hədiyyəsidir. Bu yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə hədsiz minnətadarlığımızı bildiririk.

 Sizinlə hər dəfə keçirdiyimiz səyyar qəbul və görüşlər səmərəli nəticələrlə yaddaqalan olub. Verdiyiniz təkliflər əsasında qəsəbədə və ətraf kəndlərdə ən mühüm problemlər həllini tapmışdır.  

İcra başçısı qeyd etmişdir ki, ölkə başçısı tərəfindən qarşıya qoyulan ən mühüm vəzifələrdən biri də kənd təsərrüfatının intensiv inkişafına nail olmaq, mövcud əkin sahələrindən səmərəli şəkildə istifadə edilməsi üçün bütün imkanları səfərbərliyə almaqdır. Bu istiqamətdə son illərdə rayonumuzda xeyli uğur qazanılmış, kənd təsərrüfatı əkini artırılmış,  sitrusçuluq, çayçılıq, çəltikçilik və tərəvəzçilik sahəsində yüksək göstəricilər əldə edilmişdir. Kijəbə qəsəbəsində çayçılıq və sitrusçuluq sahəsində əldə edilən uğurlar fərəhlidir. Bu inkişaf, bu qazanılan uğurlar ilbəil artırılmalıdır. Bununla əlaqədar tərəfimizdən lazım olan hər cür köməklik göstəriləcəkdir. Ərazilərin suvarma suyu ilə təmin edilməsindən ötrü Deqədi kəndində və Pensər çayı üzərində su anbarlarının tikintisi ilə əlaqədar aidiyyəti təşkilatlara təkliflərimizi göndərmişik. 

2018-ci ildə də rayonumuzda, eyni zamanda Kijəbə qəsəbə ərazisində tikinti-quruculuq və abadlıq işləri davam etdirələcəkdir. İnanıram ki, qəsəbənin elektrik təsərrüfatının tamamilə yenidən qurulması, təbii qazın olmadığı yaşayış məntəqələrinin qazlaşdırılması, Burzubənd məktəbinin tikintisi, 11 km uzunluğu olan Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisi, Kijəbə-Maşxan avtomobil yolunun asfaltlaşdırılması ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin bu ildə sizə töhfəsi olacaqdır.

Bu yolda müstəqil dövlətimizə əmin-amanlıq, hamınıza uğurlar arzulayıram.

 

Keçidlər