Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada 20 yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilmişdir

20 yanvar 2018 | 16:00

Artıq 28 ildir ki, tarixə qanlı şənbə gecəsi kimi düşən, ürəkləri göynədən 20 yanvar qırğınından ağrı ilə danışılır, həmin gecə şəhid olmuş azadlıq mücahidlərinin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən ehtiramla yad edilir.  Bunu özünün müqəddəs borcu hesab edən Azərbaycan xalqı faciə qurbanlarını həm də Vətənin qorxmaz, mərd övladları kimi anmaqla bundan bir qürur hissi duyur.

20 yanvar 2018-ci il tarixdə Astara rayonunda qanlı yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilmişdir.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, şəhid ailələrinin üzvləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

1990-cı ilin qanlı qış gecəsində imperiya ordusunun vəhşiliyi nəticəsində qanlı terrorun qurbanı olan 134 nəfər günahsız insan arasında iki nəfər astaralı - Əliyev Çingiz Mirzəhüseyn oğlu və Əsgərov Novruz Faiq oğlu da var idi. Soyuq qış gecəsində yaralananların sayı 800 nəfərdən çox idi.

Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən 20 yanvar faciəsi, cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətini, öz azadlığına, müstəqilliyinə qalxan xalqın isə mübarizliyini, məğrurluğunu nümayiş etdirmişdir.

Qanlı yanvar faciəsi törədilən günlərdə Moskva şəhərində yaşayan Azərbaycanın qeyrətli, qorxmaz, mərd və mübariz oğlu Heydər Əliyev heç bir təzyiqdən və təqibdən çəkinməyərək, özünün və əzizlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 20 yanvar faciəsinə siyasi qiymət verilməsi tələbi ilə bəyanat vermişdir. Bu, xalqının başına gətirilən dəhşətli müsibətlərdən hiddətlənmiş bir tarixi şəxsiyyətin, siyasi xadimin Azərbaycan həqiqətləri ilə dünyanı silkələyən mərd, mübariz, böyük vətəndaş çağırışı idi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilməmiş, həmin faciədə həlak olan vətən oğulları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazmışlar.

Tədbir iştirakçıları tərəfindən Şəhidlərin Xatirə Kompleksində astaralı şəhidlərinin xatirə lövhələri önünə tər qərənfillər qoyularaq Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur. 

Saat 12 : 00-da rayon ərazisində bayraqlar endirilmiş, nəqliyyatın hərəkəti dayandırılaraq 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər