Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Telman kənd sakinləri ilə səyyar qəbul və görüşü
Telman kəndi Astara rayonun girəcəyində, təbiətin gözəl bir guşəsində, əlverişli coğrafi mövqeyə malik bir ərazidə yerləşir. Bu kənd Pensər inzibati ərazi dairəsi nümayəndəliyinə daxildir. Son illər kənddə sosial – iqtisadi inkişaf sahəsində bir sıra tədbirlər görülmüşdür. Tikilən fərdi evlər kəndin simasına gözəllik bəxş etmişdir. Kənd əhalisi əsasən əkinçilik, çayçılıq, sitrusçuluq və heyvandarlıqla məşğul olur. Kənddə sahibkarlıqla məşğul olanlar üçün də imkanlar yaradılmışdır. Kənddə dövlət proqramı çərçivəsində, 220 yerlik yeni məktəb binasının tikintisi davam etdirilir.
1 may 2012-ci il tarixdə rayon icra hakimiyyətinin başçısı Q.Ağayevin bu kəndə əhali ilə görüşə gəlməsi, səyyar qəbul keçirməsi hamı tərəfindən rəğbət və razılıq hissi ilə qarşılandı. Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rəqibə Fərzullayeva kənddə həyata keçirilən tədbirlər haqqında məlumat verdi, bir sıra problemləri diqqətə çatdırdı.
Telman kənd tam orta məktəbin direktoru Sərraf Əhmədov, ağsaqqal Abdulla Əliyev, mədəniyyət işçisi Bəsti Şükürova kənd yolunun asfaltlaşdırılması, kəndin qazlaşdırılması, uşaq bağçası və mədəniyyət evinin əsaslı təmir edilməsi barədə arzu və təkliflərini irəli sürmüşlər.
Söylənilən təkliflər rayon icra hakimiyyətinin başçısı tərəfindən diqqətlə dinlənilmiş, icrasının təmin edilməsindən ötrü əlaqədar idarə və müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.
Rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev görüşdə çıxış edərək demişdir:
-Telman kəndi rayonumuzun giriş qapısıdır. Gözəl, səfalı təbiəti var. Bu kəndin inkişafı üçün yeni planlarımız vardır. Müasir layihələr həyata keçiriləcəkdir. Burada rayonun girişində yenidənqurma işləri görəcəyik. Burada kəndə təbii qazın verilməsi barədə təkliflər söylənildi. Xatırlatmaq istəyirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı”na əsasən 2013-cü ilə qədər ölkəmizin ərazisinin 95 faizi qazlaşdırılacaq. Yeni layihəyə uyğun olaraq bu kəndə də təbii qaz xətti çəkiləcəkdir. Kəndin əsas yolunun asfaltlaşdırılması üçün hazırlıq işlərinə də bu yaxınlarda başlanılacaqdır.
Kəndinizdə 220 yerlik müasir tipli yeni məktəb binası tikilir. Tikinti başa çatandan sonra məktəbə yeni inventar və avadanlıqlar da veriləcək. Bu da imkan verəcək ki, burada təhsil alan şagirdlər daha yüksək biliklər qazansınlar. Sentyabr ayında həmin məktəbin açılışını sizinlə bir yerdə keçirəcəyik. Burada söyləndiyi kimi məktəbəqədər və mədəniyyət müəssisələrinin əsaslı təmiri də tədricən öz həllini tapacaq. Sizinlə bu ilk tanışlıq görüşümüz idi. Bu görüşdən çox məmnun oldum. Bu kəndə tez-tez gələcəyik. Çünki burada görülməsi nəzərdə tutulan işlərimiz çoxdur.
Sonra rayon icra hakimiyyətinin başçısı Q.Ağayev kənddə tikilməkdə olan yeni məktəb binasında tikinti işləri ilə tanış oldu, tapşırıq və tövsiyələrini verdi.