Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda 2017-ci ilin nəticələri müzakirə olunmuşdur

09 fevral 2018 | 16:00

 

Fevralın 9-da rayon İcra hakimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül qoyulmuşdur.

Yığıncaqda geniş hesabatla çıxış edən Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-cı ilin sosial-iqtisadi inkişafının yekunları və  2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, qeyd etmişdir ki, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövləti ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı uzaqgörən daxili və xarici siyasəti nəticəsində yüksək inkişaf mərhələsinə çatmışdır.

Ötən il ümumi daxili məhsul və qeyri-neft sənayesi artmış, ölkəyə investisiya qoyuluşunun həcmi yüksəlmiş, sosial obyektlərin inşası uğurla təmin edilmişdir. Bütün istiqamətlərdə sürətli inkişafın davam etməsi, tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsi, əhalinin sosial, mədəni-məişət şəraitinin yüksəlməsinə geniş imkanlar açmış, ölkəmizi regionda lider dövlətə çevirmişdir.

2017-ci il ərzində rayonumuzda da bütün sahələrdə nailiyyətlər qazanılmışdır. Yerli gəlirlər 6 milyon 200 min manat olmaqla 103 %, yerli xərclər isə 93 % icra olunmuşdur. Rayonda iqtisadiyyatın əsas sahələri  üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi dəyəri  227 milyon manat, əhalinin  hər bir nəfəri üçün  2120 manat  təşkil  etmişdir. 2016-cı illə müqayisədə nəqliyyat təsərrüfatı sahəsində 5 faiz, informasiya və rabitə sahələrində 11,5 faiz, sənayedə 12 faiz, ticarət-nəqliyyat vasitələrinin təmiri sahələrində 1,7 faiz artım müşahidə  edilmişdir

Son illərdə rayonda 12300 yeni iş yeri açılmış, bunun da 9700-dən çoxu daimi iş yerləridir. İl ərzində rayonda 4024 yeni iş yeri açılmışdır.

Hesabat ilində rayonda  tikinti-quruculuq və abadlıq işləri davam etdirilmişdir.

Cənab Prezidentin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılmasına  dair müvafiq Sərəncamının icrası olaraq rayonda mənzil növbəsinə alınmış 1 ailə üçün fərdi yaşayış evi tikilərək istifadəyə verilmiş, daha bir ailə üçün fərdi evin tikintisinə başlanılmışdır.

2017-ci ildə görülən işlər sırasında ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə ayrılmış vəsait hesabına tikintisi yenicə başa çatdırılmış Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının inşası xüsusilə qeyd olunmalıdır. Rayon mərkəzindən 35-50 km məsafədə yerləşən, ucqar dağlıq əraziləri əhatə edən avtomobil yollarının tikintisi ilə bu istiqamətdə yerləşən 38 yaşayış məntəqəsinin  12 min nəfər əhalisinin ən böyük problemi həllini tapmışdır.

Dağ kəndlərinə rahat asfalt yolun çəkilməsi əhalinin böyük sevincinə və ruh yüksəkliyinə səbəb olmuş, bütün rayon sakinləri bu mühüm layihənin həyata keçirilməsinə görə cənab Prezidentə hədsiz minnətdarlıqlarını bildirmişlər.

Tikinti-quruculuq sahəsində rayonda həyata keçirilən ən böyük layihələrdən biri də Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksi ərazisinin genişləndirilməsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2017-ci il tarixli Sərəncamına uyğun olaraq park-bulvar kompleksinin genişləndirilməsi ilə əlaqədar ayrılan vəsait hesabına tikinti işlərinə başlanılmış, hazırlanmış layihəyə əsasən nəzərdə tutulan işlər ardıcıl olaraq həyata keçirilir. Burada  tikinti işləri yekunlaşandan sonra park-bulvar kompleksinin  ümumi ərazisi  18 hektar olacaqdır.

Astara şəhərinin su təchizatının yenidən qurulması ilə əlaqədar Xanbulançay su anbarından çəkilən su şəbəkəsinin qurulması istiqamətində işlər il ərzində davam etmişdir. Şəhərin prospekti və küçələrində boru xətləri tikilmiş, 1677 mənzil çıxışları verilmişdir. Bu il şəhərin yeni  layihə üzrə içməli su təchizatının təmin edilməsi gözlənilir. 

Hesabat ilində Astara şəhərində 29 çoxmərtəbəli ictimai yaşayış binasının fasad və bloklarında əsaslı təmir işləri görülmüş, 3 binanın dam örtüyü dəyişdirilmişdir. Astara şəhərinin küçələrində, Lovayın-Pəlikəş, Kijəbə-Burzubənd, Astara-Qamışovka və Pensər-Şahağac avtomobil yollarında cari təmir işləri görülmüşdür.

“Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt-Astara-İran sərhədi avtomobil yolunun, Astara stansiyasından İran sərhəddinə qədər olan 8.3 km-lik dəmir yolu xəttinin və Astara çayı üzərində 85 metr uzunluğunda dəmir yolu körpüsünün tikintisi başa çatdırılmışdır. Bu nəqliyyat layihələri istifadəyə verildikdən sonra  bölgəmizə turist axını xeyli artacaqdır.

Rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmiş, 323 ev təsərrüfatı qazlaşdırılmış, rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 16937-yə çatdırılmışdır.

Rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər davam etmişdir.  Bir neçə ərazidə dayaqlar yeniləri ilə əvəz edilmiş,  6 ədəd köhnə transformatorlardan ibarət şəbəkə yeni müasir tipli şəbəkə ilə əvəz olunmuşdur. Ərçivan və Şahağac nümayəndəliklərində ümumilikdə 600 ədəd SMART tipli sayğac quraşdırılmışdır. Əvvəllər elektrik təchizatı  olmayan Şəvqo kəndinin elektrikləşdirilməsi ilə əlaqədar  yeni xətt təsərrüfatı tikilmiş, 48 evə elektrik enerjisi verilmişdir. Ümumilikdə il ərzində 400 yeni abonent üçün sayğac  quraşdırılmış, 3060 abonentin sayğacı dəyişdirilmişdir.

Rayon telekommunikasiya qovşağı tərəfindən əhaliyə göstərilən rabitə xidmətinin həcmi 800 min manat təşkil etmiş, bu da ötən illə müqayisədə 49 min manat çox olmuşdur. Qovşaqda genişzolaqlı internet xidmətləri lahiyəsi əsasında xətt şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Astara Poçtamtı 428 min manat olan tarif gəliri proqnozunu 100 % icra etmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin 11 milyon 573 min manat olan proqnoz planı müəssisə tərəfindən 100 % icra edilmişdir. İl ərzində pensiya və müavinətlər tam ödənilmişdir. Ünvanlı sosial yardım  alan  ailələrin sayı 1930 nəfər olmuşdur. 

Rayon  Məşğulluq  Mərkəzində 2017-ci il ərzində 1160 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınmışdır. Qeydiyyata alınanların 461 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuş, 15 nəfər işaxtaran vətəndaşa işsizlik statusu verilmişdir. 15 aztəminatlı ailə özünüməşğulluq layihəsinə cəlb edilməklə dövlət dəstəyi ilə öz ailə bizneslərini qurmuşlar. Gələcəkdə bu layihəyə daha çox ailələrin cəlb edilməsi nəzərdə tutulmuşdur.

İl ərzində rayon Suvarma Sistemləri İdarəsi tərəfindən 100 min paqonometrdən çox  müxtəlif ölçülü kanallar lildən təmizlənmiş, suvarma suyunu itkisiz su tələbatçılarına çatdırmaq üçün arxlar qazılaraq istismara verilmişdir. İlin əvvəlindən başlayaraq bütün hidrotexniki qurğularda, qapalı şəbəkələrdə, nasos stansiyasında cari təmir işləri  vaxtında aparılmış, Lovayn su anbarı tam həcmdə su ilə doldurulmuşdur. Görülən tədbirlər nəticəsində rayonda aparılan əkin sahələrində, xüsusən çəltik, çay və sitrus bağlarında xırda problemlər nəzərə alınmasa su çatışmazlığı əsasən müşahidə edilməmişdir. 

Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi 300 hektar sahədə meşə bərpa tədbirləri aparmışdır. Quru və  yıxılmış ağaclardan 650 kub metr odun yanacağı tədarük edilərək ümumtəhsil məktəblərinə, xəstəxanalara, hərbi hissələrə, şəhid, əlil və kimsəsiz ailələrə verilmişdir. İl ərzində meşə qanunvericiliyinin pozulması ilə əlaqədar 6000 min manat dəyərində qırıntı aşkar edilmiş, müvafiq tədbirlər görülmüşdür.   

Rayonda hesabat dövründə Baytarlıq İdarəsi tərəfindən ev heyvanları arasında peyvəndlərin vaxtında və keyfiyyətli aparılmasını təmin etmək məqsədilə müəyyən işlər görülmüşdür. Aidiyyəti orqanların nümayəndələrinin iştirakı ilə peyvəndləmənin mahiyyəti  barədə əhali arasında maarifləndirmə işi aparılmış, rayon  ərazisində 2550 kv-metr sahədə dezinfeksiya işlərinin aparılması təmin edilmişdir.

Rayonun təbii iqlim şəraiti arıçılığın inkişafı üçün əlverişlidir. Bu sahənin prioritet olması nəzərə alınaraq  arıçılığın inkişafı istiqamətində görülmüş işlər nəticəsində ümumilikdə arı ailələrinin sayı 12 minə çatdırılmışdır. Hesabat ilində 100 tona yaxın təbii bal və digər arıçılıq məhsulu istehsal edilərək, bazar və yarmarkalarda satışı həyata keçirilmişdir.

Rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədilə 7 məktəbdə cari təmir işləri aparılmış, 96 şagird yerlik Bala Şahağac kənd ümumi orta məktəbinin yeni binası ötən həftə istifadəyə verilmişdir. Siyatuk kənd ibtidai məktəb üçün inşa edilən 56 yerlik modul tipli məktəb binası istifadəyə hazırdır. 2017-2018-ci tədris ilində 6 tam orta məktəbdə yaradılmış təmayül siniflərinə rayon üzrə IX sinfi bitirmiş 300 şagird cəlb edilmiş, tədris  ilini başa vuran məzunlardan 243 nəfər respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdur. 

Ölkə başçısının tapşırığına əsasən Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, müstəqillik illərində sürətli sosial-iqtisadi inkişafının öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” devizi altında rayonun yuxarı sinif şagirdləri Respublikanın rayonlarında səfərdə olmuş, digər  bölgələrdən gələn şagirdlər isə rayonumuzun görməli yerləri ilə tanış edilmişlər.

Hesabat ilində rayon əhalisinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Bir neçə səhiyyə müəssisəsi cari təmir edilmiş, Pəlikəş kənd sahə xəstəxanası üçün müasir tipli bina tikilib istifadəyə verilmişdir.

Cənab Prezidentin göstərişinə əsasən fevral-may aylarında rayon Mərkəzi Xəstəxanasında və yerlərdəki tibb müəssisələrində keçirilən əhalinin tibbi müayinəsi ənənəvi hal almışdır. Bu sağlamlıq aksiyasından 80 mindən çox insan yararlanmış, müayinə zamanı xəstəlik aşkar edilmiş 8100 nəfər müalicə üçün mərkəzi xəstəxanaya və respublikanın digər müalicə mərkəzlərinə cəlb edilmişlər. Məlumat üçün bildirirəm ki, bu il fevral ayının 12-dən əhalinin növbəti tibbi müayinəsinə başlanacaqdır. May ayının 10-dək davam edəcək aksiyada əhalini fəal iştirak etməyə dəvət edirəm.  Müasir tibbi avadanlıqlarla  təchiz olunmasına baxmayaraq  Mərkəzi Xəstəxanada həkim və digər tibb personalının çatışmaması narahatçılıq doğuran məsələlərdəndir.

Aparılan quruculuq abadlıq işləri turizmin inkişafı üçün daha geniş imkanlar açmışdır. Dəniz sahilində müasir tələblərə cavab verən park-bulvar kompleksinin salınması və ucqar dağ kəndlərinə gedən yolların asfaltlaşdırılması, turizm potensialının genişlənməsinə əlavə imkanlar yaratmışdır. Bunun nəticəsidir ki, 2017-ci ildə rayona gələn əcnəbi və yerli turistlərin sayı əvvəlki  illərlə müqayisədə xeyli artmışdır. Xüsusilə qeyd etməliyəm ki, Ələt-Astara avtomobil yolu istifadəyə verildikdən sonra rayonda turizmin inkişafına  böyük  təkan verəcəkdir.

Dövlət Gənclər Siyasətinin ən vacib istiqaməti olan vətənpərvərlik tərbiyəsinin, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin aşılanması və gənclərin sosial rifahının gücləndirilməsinə istiqamətlənən gənclər siyasəti rayonumuzda da daim diqqətdə olmuşdur. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə onların fiziki tərbiyəsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, idmançılarımıza göstərilən daimi diqqət və qayğı Respublika və Beynəlxalq yarışlarda uğurlu nəticələr qazanması üçün şərait yaratmış, respublika turnirləri və beynəlxalq yarışlarda 154 medal qazanmışlar. 

Ötən il idman sahəsində yadda qalan önəmli hadisələrdən biri Respublikamızda keçirilən IV İslam Həmrəyliyi Oyunları olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Bakıda start verilmiş IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti” aprelin 9-da rayonumuzda davam etmişdir.

Rayonda ideoloji, ictimai-siyasi, qeyri-hökumət təşkilatları və siyasi partiyalarla işin təşkili də diqqətdə olmuşdur. “Dini etiqad azadlığı haqqında” Qanun və digər normativ hüquqi sənədlərin tələblərinə əməl olunmuş, dini durum  nəzarətdə saxlanılmış, sabitliyin qorunması təmin edilmişdir. 2017-ci il ərzində 1104 nəfər çağırışa cəlb olunmuş, onlardan 455 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.

 Rayonda ictimai asayişin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində müəyyən işlər görülmüşdür. 2017-ci ildə rayon ərazisində 202 cinayət hadisəsi qeydə alınmış, cinayətlərin açılma faizi 89 % təşkil etmişdir. Aparılmış operativ əməliyyat axtarış tədbirləri nəticəsində il ərzində rayonda ayrı-ayrı  vətəndaşlardan ümumilikdə  14.3 kq müxtəlif adda narkotik vasitələr aşkar edilərək götürülmüş, həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilmişlər.

Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 8 saylı Səyyar Asan Xidməti il ərzində 2 dəfə  rayonda olmuş və  10 xidmət növü üzrə 60 gün müddətində fəaliyyət göstərmişdir. Ümumilikdə 11 min nəfərə yaxın vətəndaşa müxtəlif fəaliyyət  növləri üzrə xidmətlər göstərilmişdir.

Son illər ölkəmizdə İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı bütün digər sahələr kimi aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Aqrar sahənin inkişafına dövlət dəstəyinin artması, bir sıra stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nəticəsində kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, əhalinin məşğulluğunun təmin edilməsinə və güzəranının yaxşıladırılmasına səbəb olmuşdur. Hesabat ilində 685 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 67 min 693 manat subsidiya verilməsi təmin edilmişdir.

Ötən il sentyabrın 3-də Lənkəran şəhərində keçirilən respublika müşavirəsində möhtərəm Prezident İlham Əliyev geniş nitq söyləyərək respublikada, o cümlədən cənub bölgəsində qeyri-neft sektorunun dinamik inkişafını təmin etmək məqsədilə aqrar sahənin canlandırılmasında sahibkarların, fermerlərin müstəsna rolunu xüsusilə diqqətə çatdırmış, müvafiq tapşırıqlar vermişdir.

Möhtərəm prezidentimiz tərəfindən qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar   5 sentyabr 2017-ci il tarixdə rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, fermer təsərrüfatlarının başçıları, istehsal, emal müəssisələrində çalışan sahibkarların iştirakı ilə rayonda işgüzar görüş keçirilmişdir. Aqrar sektorun inkişaf etdirilməsi ilə əlaqədar möhtərəm cənab Prezidentin tövsiyə və tapşırıqları diqqətə çatdırılmış, sahibkarların fəaliyyəti, onların işinə mane olan halların olub-olmaması, ümumilikdə iş adamlarını narahat edən problemlər və təkliflər dinlənilmiş, kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün səylərin birləşdirilməsinin vacibliyi  bildirilmişdir.

Bununla bağlı  kənd təsərrüfatı məhsulları istehsalçıları, fermerlər və təsərrüfat başçıları ilə mütəmadi görüşlər keçirilmiş, rayonda kənd təsərrüfatı ənənələrinin bərpa olunmasına, əkilməyən torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasının əhəmiyyəti barədə geniş izahat, təbliğat və maarifləndirmə işləri aparılmış, bu gün də bu tədbirlər davam etdirilir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsinə görə inzibati məsuliyyət və cərimələrin nəzərdə tutulması ilə bağlı bildirişlərin inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən vətəndaşlara  paylanması təşkil edilmişdir.

Maarifləndirmə və izahat işləri nəticəsində əkinə yararlı torpaq sahələrinin dövriyyəsi xeyli artırılmışdır. Sututarlara yaxın ərazilər və çay vadiləri çəltik əkini üçün, dağ və dağ yamaclarında meşə ilə örtülü olmayan tala yerlərində istifadə olunmayan torpaqlar isə sitrus  sahələrinin  salınmasından ötrü müəyyənləşdirilmiş, ümumilikdə 1500 hektara yaxın əkinə yararlı torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir.

Çəltikçiliyin inkişafı sahəsində son illər qazanılan uğurlar diqqəti cəlb edir. Keyfiyyətli və ekoloji təmiz  Astara düyüsü bazarlarda öz yerini tutmuş, ətirli və dadlı düyüyə olan tələbat xeyli artmışdır. Odur ki, bütün qüvvələr səfərbərliyə alınmalı, çəltik  sahələrinin qarşıdakı illərdə  1000 hektara çatdırılması hədəfinə çatmalıyıq. 2017-cı ildə  çəltik əkini aparılmış 447 hektar sahədən 1802 ton çəltik yığılmış, məhsuldarlıq 40 sentner olmuşdur. Bu əvvəlki illə müqayisədə 3.3 dəfə çoxdur. Yığılmış çəltikdən yüksək məhsuldar  toxumların tədarük edilməsi nəticəsində növbəti illərdə əkiləcək sahələr üçün toxum idxalına ehtiyac olmayacaqdır. Bərəkətli torpaqlarımızda yetişdirilən məhsullar, xüsusilə çay, çəltik, sitrus həm faydalı həm də gəlirli olduğuna görə bu sahələrə daha çox diqqət yetirməlidirlər.

Rayonda mövcud  192 hektar məhsuldar çay plantasiyalarından ümumilikdə 476 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilmişdir. Aparılan tədbirlər nəticəsində gələcəkdə  1000 hektar torpaq sahəsində  çay plantasiyalarının  salınması nəzərdə tutulmuşdur.

Sevindirici haldır ki, 2016-cı ildə 425 hektar, 2017-ci ildə isə 774 hektar, yeni sitrus və subtropik meyvə bağı salınaraq  əkin sahələri ümumilikdə 3116 hektara çatdırılmışdır. Təkcə son iki ildə yeni salınmış sitrus və subtropik meyvə bağlarının sahəsi 40 faiz artmışdır. Bu işlərin görülməsinə ümumilikdə 3200 nəfərdən çox işçi qüvvəsi cəlb olunmuşdur.

Aqrar sahəni, xüsusən də sitrusçuluğu innovasiyalar tətbiq etmədən, xarici ölkələrin qabaqcıl təcrubəsini öyrənmədən inkişaf etdirmək qeyri-mümkündür. Ona görə də subtropik meyvəçiliyinin rayonda daha yaxşı inkişaf etdirlməsi üçün, sitrus bağlarının yerli iqlim şəraitinə uyğun, yeni texnologiya əsasında əkilməsindən ötrü mütəxəssislərin iştirakı ilə maarifləndirici tədbirlərin təşkilinə də diqqət artırılmışdır. Bu məqsədlə aprel və iyun aylarında sitrus məhsulları istehsalçıları üçün təşkil edilən seminara dəvət etdiyimiz Türkiyənin Çukurova Universitetinin Subtropik Meyvəçilik Mərkəzinin alimləri iştirakçılara subtropik meyvəçiliyi ilə əlaqədar geniş məlumat vermişlər. Mütəxəssislər rayonun sitrus bağlarını gəzmiş, sitrus meyvəçiliyinin daha səmərəli və məhsuldar inkişafını  təmin etmək məqsədilə yeni sort tinglərin əkilməsini tövsiyə etmişlər. Bu məqsədlə ötən il rayona 10 mindən artıq yüksək məhsuldarlığı və şaxtaya davamlılığı ilə seçilən narıngi tingləri gətirilərək rayonun ayrı-ayrı ərazilərində əkilməsi təmin edilmişdir. Bu sort tinglərin rayonumuzda yetişdirilməsindən ötrü tingçilik təsərrüfatının yaradılması zəruridir.

Çukurova Universiteti ilə əməkdaşlığın rayonda sitrusçuluğun inkişafına müsbət təsirini nəzərə alaraq iyun ayında rayonumuzun nümayəndə heyəti Türkiyə Respublikasının Adana və Mersin bölgələrində sitrusçuluq təsərrüfatlarını gəzmiş, universitetin sitrus meyvələrinin araşdırma və tədqiqat mərkəzi ilə tanış olmuşlar.

2017-ci ildə vətəndaşlarımız rayon üçün prioritet olan çay, çəltik, sitrus və arıçılıq sahələrindən ümumilikdə 60 milyona yaxın gəlir əldə etmişlər ki, bu da onların maddi rifah halının yaxşılaşmasına səbəb olmuşdur.

Rayon ərazisində 2017-ci ilin məhsulu üçün 1100 hektardan çox  payızlıq şumu aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Torpaqlardan səmərəli istifadənin vəziyyətini araşdırmaqdan ötrü yaradılmış komissiya dövlət və bələdiyyə ehtiyat fond torpaqlarından icarəyə verilmiş torpaqlarda uçot-inventarizasiya işləri aparmışdır. Nəticədə torpaq sahələrini  təyinatı üzrə istifadə etməyən və müqavilə öhdəliklərini yerinə yetirməyən fermer və icarədarlarla bağlanmış müqavilə ləğv edilmişdir.

Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ tədbirlər görülmüşdür.

 2017-ci ildə rayon İcra hakimiyyətində qeydə alınmış ərizə və şikayətlərin araşdırılması və həllinə həssaslıqla yanaşılmışdır. Ayrı-ayrı yaşayış məntəqələrində 41 səyyar qəbul keçirilmiş, vətəndaşların müraciətləri əsasında qaldırılan məsələlər yerində həllini tapmışdır. Bunun nəticəsidir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 293 ərizə və şikayət azalmışdır.

 “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda cənab Prezident bölgələrdə görülmüş işlərə yekun vuraraq görüləcək işlərlə bağlı konkret vəzifələr müəyyənləşdirmişdir. Bununla əlaqədar rayonumuzda il ərzində nəzərdə tutulmuş layihələrin icrası istiqamətində işlərin görülməsinə ciddi səylər artırılacaq, özəl sərmayələrin cəlb olunmasından ötrü  işlər davam etdiriləcəkdir.

Rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha vacib olan məsələlər gündəmdədir. İlk növbədə park-bulvar kompleksində və Astara şəhərinin içməli su təchizatında işlərin layihə üzrə başa çatdırılması, Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun yenidən qurulması, Ərçivan qəsəbəsində gündəlik istehsal gücü 40 ton olan çəltik emalı zavodunun tikintisi, Astaraçay və Pensərçayda sahilbərkitmə işlərinin aparılması, qazlaşdırılmayan kəndlərin qazlaşdırılması, əkin sahələrinin suvarılmasının təmin edilməsi, rayonun elektrik təsərrüfatının yenidən qurulması işinin davam etdirilməsi, ümumtəhsil məktəbləri üçün yeni binaların  tikintisi və əsaslı təmiri, həmçinin, rayonda logistik mərkəzin yardılması əsas məsələlərdəndir.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şəraitdən səmərəli istifadə etməli, rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik, arıçılıq və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalını artırmaqla  ölkədə  ərzaq bolluğunun yaradılmasına ciddi səy göstərməliyik.

İcazə verin bütün astaralılar adından möhtərəm cənab Prezident İlham Əliyevi əmin edim ki, xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyi bütün işlərdə ona daim dəstək olacaq, tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcək, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılması, rayonumuzun hərtərəfli inkişafı üçün vacib olan bütün tədbirləri görəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində  var-qüvvələrimizi səfərbər edəcəyik.

İcra başçısı rayonun bütün məsul işçilərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə bir vəzifə olaraq tapşırmışdır ki, əhali arasında tez-tez olsunlar, onların qayğı və problemlərinə həssaslıqla yanaşsınlar, qaldırılan məsələlərin, haqlı tələblərin aidiyyəti təşkilatlara operativ çatdırılmasını təmin etsinlər.

Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Etibar Abbasov, İcra hakimiyyəti başçısının Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağarəhim Abdulov, Ərçivan bələdiyyəsinin sədri İradə Rzayeva, fermer təsərrüfatının rəhbəri Nizami Rəsulov və başqaları  tədbirdə çıxış etmiş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən, abadlaşan, müstəqil dövlətimizin qazandığı nailiyyətlərindən qürur duyduqlarını vurğulamış, ölkəmizin daha da çiçəklənməsi naminə ölkə rəhbəri ətrafında hər an sıx birləşdiklərini söyləmişlər. 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış edərək bildirmişdir ki, ictimai-siyasi vəziyyətin sabit olduğu Azərbaycanda  2017-ci ildə qarşıda duran vəzifələr həllini tapmış, ölkəmizin dinamik inkişafı təmin edilmiş, beynəlxalq mövqeləri daha da möhkəmlənmiş, iqtisadi və sosial proqramlar icra olunmuşdur. Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan xalqı, onun iradəsi və xalq-iqtidar birliyindən bəhrələnən uğurlu siyasətdir.

Habil Əzənmədov qeyd etmişdir ki, ötən il ölkəmizdə dərin islahatlar ili olmuşdur. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliyinə görə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşmış və MDB məkanında lider mövqeyini qoruyub saxlamışdır.  

Natiq cənab Prezidentin nitqlərinə diqqət çəkərək 2017-ci ildə iqtisadi islahatların daha da sürətlə aparıldığını qeyd etmiş, qeyri-neft sektorunun 2,5 faiz, o cümlədən, sənayenin 3,6 faiz, kənd təsərrüfatının 4,1 faiz artdığını bildirmiş, Azərbaycanın valyuta ehtiyatlarının 4,5 milyard dollar artaraq 42 milyard dollara çatdığını vurğulamışdır. Sosial və sənaye infrastrukturunın yaradılması istiqamətində işlər davam etmiş, 177 mini daimi olmaqla, ümumilikdə 221 min yeni iş yeri açılmışdır.

Ötən il enerji siyasətimizin təkmilləşdirilməsi istiqamətində növbəti addımlar atılmış, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddəti 2050-ci ilə qədər uzadılmışdır ki, bu da Azərbaycan iqtisadiyyatına önəmli təsir göstərməklə, uğurlu inkişafın davamlı olacağını təmin edəcək.

Ölkəmizdə ixracyönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi, hər bir rayonun sənaye  və kənd təsərrüfatı potensialının inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilmişdir. 

Habil Əzənmədov yola saldığımız 2017-ci ilin bütün Azərbaycan xalqının həyatında olduğu kimi, Astara sakinlərinin həyatında da əlamətdar olduğunu vurğulayaraq, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu diqqətə çatdırmışdır.  

Sonda yığıncağın qətnaməsi qəbul edilmiş, iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.

                              

 

Keçidlər