Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ojakəran kəndində səyyar qəbul və görüş

15 mart 2018 | 16:00

15 mart 2018-ci il tarixdə Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ojakəran kəndində əhali ilə səyyar qəbul və görüşü olmuşdur. İcra başçısı kənd sakinlərini salamlayaraq qonşu kəndlərdə keçirdiyi səyyar qəbullarda tez-tez görüşmələrinə baxmayaraq, bu gün Ojakəran kəndində növbəti dəfə yerli sakinlərlə görüşüb onları dinləmək, kəndin problemləri ilə yerində tanış olmaq, həllinə köməklik etmək məqsədi ilə gəldiyini diqqətə çatdırmışdır.  

Kənd sakinləri əvvəlki görüşlər zamanı qaldırılan məsələlərin həlli, xüsusən, uzun illər əziyyət çəkdikləri yolun asfaltlaşdırılması, əhalinin təbii qaza olan ehtiyacının ödənilməsi üçün əməli tədbirlərin görüldüyünü yüksək qiymətləndirmiş, görülən işlərə görə minnətdarlıq etmişlər. Nəsibulla Hidayətov, Nizami İbayev, Əlövsət Talıbov, Əbülfət Talıbov, Kamil Kamilov, Eldar Həmdəmov və başqaları çıxış edərək respublikamızda və rayonumuzda əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində görülən işlərə hədsiz sevindiklərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Müntəzəm olaraq kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə İcra başçısına razılıqlarını bildirmiş, kəndə gələn əsas  avtomobil yolunun təmiri, feldşer-mama məntəqəsinin fəaliyyətinin bərpası, kəndə suvarma suyunun verilməsi, qazlaşdırılmayan məhəllələrin qazlaşdırılması və digər məsələlər barədə təkliflər  vermişlər.

Səmimi və işgüzar görüşə görə sakinlərə təşəkkürünü bildirən İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev yerli əhəmiyyətli məsələlərin həllinə aidiyyəti üzrə tapşırıqlar verərək zaman tələb edən digər məsələlərin icrasına müvafiq köməkliklərin göstəriləcəyini bildirmişdir.  

 Hazırda rayonda əhəmiyyətli sosial layihələrin – dənizkənarı park-bulvarın ərazisinin yeni layihəyə uyğun genişləndirilməsi, şəhərə içməli suyun çəkilməsi, qazlaşdırılmayan kəndlərin qazlaşdırılması, elektrik xətt təsərrüfatının yenidən qurulması istiqamətində görülən işləri iştirakçıların nəzərinə çatdıran icra başçısı, rayonun şəhər, qəsəbə və kəndlərində, o cümlədən Kijəbə qəsəbə ərazisində tikinti-quruculuq və abadlıq işlərinin davam etdirələcəyini vurğulamışdır. Bu il qəsəbənin ərazisində mühüm işlərin görülməsi nəzərdə tutulmuşdur. Ümid edirəm ki, təbii qazın olmadığı yaşayış məntəqələrinin qazlaşdırılması, Burzubənd kənd tam orta məktəbinin, 11 km uzunluğu olan Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisi bu il həllini tapacaqdır ki, bununla da Ojakəran və ətraf kəndlərin minlərlə sakininin rahatlığı təmin olunacaqdır.

Bütün bunların ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirən İcra başçısı dünyada iqtisadi-siyasi böhran yaşanmasına baxmayaraq müstəqil dövlətimizin uğurlu inkişafı ilə bundan sonra da əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini əminliklə söyləmişdir.

Ojakəran və ətraf kəndlərin ərazisində olan torpaqların subtropik və sitrus bitkiçiliyi üçün olduqca əlverşli olduğunu bildirərək boş qalan hər qarış torpağın əkilməsinin vacibliyini, bunun insanların ailə büdcəsinə böyük səmərə verəcəyini vurğulamış, dövlət başçısı möhtərəm cənab İlham Əliyevin “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamını iştirakçıların nəzərinə çatdırmışdır.

Qeyd etmişdir ki, dövlətin aqrar sahənin inkişafı ilə əlaqədar yartdığı imkanlardan səmərəli istifadə edilməli, əkinə yararlı bütün torpaqların əkilməsi üçün qüvvələr səfərbərliyə alınmalıdır. Yeni məhsuldar sitrus bitki sortlarının yetişdirilməsinə diqqət artırılmalı, yüksək məhsuldarlıq əldə etmək üçün səmərəli vasitələrdən istifadə edilməlidir.

Bu işdə tərəfimizdən mümkün olan bütün tədbirlər həyata keçirilməklə fərdi təsərrüfat sahibləri, sahibkarlar və iş adamlarına hərtərəfli köməklik göstəriləcəkdir.

Keçidlər