Astarada Novruz şənlikləri yüksək səviyyədə qeyd olundu
Ulu Öndər Heydər Əliyevin parlaq ideyalarının onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi ilə doğma Vətənimiz Azərbaycan gündən-günə inkişaf edir, gözəlləşir. Bahar fəslində bu gözəlliyə təbiət də bəzəkli naxışlarını vurur.
Gül-çiçək, gözəllik sərgisinə bənzəyən yurdumuzun hər qarışı xalqımızın milli bayramı olan Novruz bayramının qeyd edilməsi ilə sanki yaraşığını bir az da artırmışdır. Bu gözəllik sərgisində doğma Astaramızın xüsusi yeri var. Vətənimizin dilbər guşələrindən olan Astara ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin diqqət və qayğısı ilə gündən-günə inkişaf edir, gözəlləşir.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin və rayon ictimaiyyətinin iştirakı ilə martın 19-da Novruz bayramı şənliyi hamını öz əsrarəngiz gözəllikləri ilə məftun edən yaraşıqlı dənizkənarı park-bulvarda geniş şəkildə qeyd olundu. Rayon sakinləri və rayona gələn qonaqların əsl istirahət məskəninə çevrilmiş dənizkənarı park-bulvarda şənliyə toplaşanların çöhrəsində sevinc aydın duyulurdu.
Rayonun bədii özfəaliyyət kollektivləri, müğənnilər şən mahnılar, rəqs qrupları milli rəqslər ifa etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bayram tonqalını yandırdı. Sonra milli bayramımızın əsas siması olan Bahar qızı izdihama yaxınlaşaraq bahar xonçası ilə meydana daxil oldu. İdmançıların çıxışları daha böyük coşqu yaradaraq alqışlarla qarşılandı.
Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgilər və Novruz personajları olan xalq oyunları da bayram iştirakçılarında böyük maraq doğurdu. Rayon sakinləri keçirilməsi yasaq olunmuş bu milli bayramı xalqa qaytaran ulu öndər Heydər Əliyivin əziz xatriəsini xoş sözlərlə yad etdilər. Ölkədə yaradılan əmin-amanlığa, firavan, xoş günlərə görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıq edərək dövlətimizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə uğurlar arzuladılar.
Keçirilən Novruz şənliyi hamıda xoş və unudulmaz təəssürat oyatdı.