Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kijəbə qəsəbə sakinləri ilə səyyar qəbul və görüşü
Kijəbə qəsəbəsi mənzərəli görünüşü ilə diqqəti cəlb edir. Dağların yüksəkliyindən ətəklərinə doğru və aran ərazilərdə sıralanmış çay plantasiyaları, sitrus və subtropik bağları bunların əsrarəngiz gözəlliyini qat-qat artırır. Əhalinin işgüzarlığı sayəsində burada iqtisadi göstəricilər həmişə yüksək olmuş, yaşayış səviyyəsi ildən-ilə artmışdır. Qəsəbə turizmin inkişafı baxımından da əlverişli coğrafi şəraitə malikdir.
Rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin mayın 3-də qəsəbə sakinləri ilə səyyar qəbulu və görüşü çox səmimi və çox işgüzarlıq şəraitində keçmişdir.
Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Rəfail Babayev nümayəndəliyin ərazisinə daxil olan qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermişdir.
Görüşdə çıxış edənlər rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevi bu vəzifəyə təyin olunması ilə əlaqədar təbrik etmiş, qəsəbə ərazisində görülən işlərdən razı qaldıqlarını ifadə etmiş, bir sıra arzu və təkliflərini bildirmişlər.
Qəsəbə sakini Hacağa Əliyev qəsəbədə içməli su probleminin həll olunması, ağsaqqal Nəsrəddin Teymurov məktəblər üçün ayrılan odun yanacağının artırılması, müəllim Şadoğlan Talıbov Ojakəran və Burzubənd kəndlərindəki bəzi sosial obyektlərin adlarındakı anlaşılmazlıqların aradan qaldırılması, Qəcimardə kənd ümumi orta məktəbin direktoru İlyas Baxşıyev qəsəbə ərazisində sitrus meyvələri üçün saxlama anbarının tikilməsi, müəllim Firudin Abbasov gənclər üçün iş yerlərinin açılması və elektrik dirəklərinin dəyişdirilməsi, Kijəbə qəsəbə tam orta məktəbin direktoru Təbrizə Rəsulova məktəbə təbii qaz xəttinin çəkilməsi, müəllim Əbülfət Talıbov Burzubənd kənd məktəbinə qədər olan yolun asfaltlaşdırılması barədə təkliflər irəli sürmüşlər.
Görüşdə rayon icra hakimiyyətinin başçısı çıxış edərək demişdir:
- Əziz Kijəbə qəsəbə ictimaiyyəti!
Sizinlə bu günkü görüşümüz tanışlıq xarakteri daşıyır, həm də işgüzar bir görüşdür. Söylədiyiniz təklif və problemlər qeydiyyata götürülüb. Onların həlli üçün lazımi tapşırıqlar veriləcək. Elektrik dirəklərinin dəyişdirilməsi ilə əlaqədar bildirirəm ki, doğrudan da əlli il bundan əvvəl çəkilmiş elektrik xətləri və dirəklər çox köhnəlib, istismar müddəti başa çatıb. Mən Elektrik şəbəkəsinin rəhbərliyinə də tapşırıq vermişəm ki, ilk növbədə qəzalı vəziyyətdə olan elektrik dirəkləri dəyişdirilsin.
Sitrus meyvələrinin saxlanılması üçün soyuducu kamera və emalı müəssisəsinin açılması üçün təklif edirəm ki, sahibkarlar bu işdən ötrü təşəbbüs göstərsinlər, onlara hər cür köməklik edəcəyik.
Bu qəsəbə doğrudan da çox gözəldir, gözəl təbiəti, yaraşığı vardır. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyev bu qəsəbədə 8 dəfə olub, əhali ilə görüşlər keçirib. Belə olduğu halda bu qəsəbə bizim üçün müqəddəs bir yerdir.
Ölkəmiz gündən-günə qüdrətlənir, iqtisadi gücü artır. Bu da yerlərdə tikinti-quruculuq işlərini sürətləndirir. Nəinki, şəhər və rayon mərkəzləri, həmçinin qəsəbə və kəndlərimiz də abadlaşır, inkişaf edir. Təbii qaz xətləri tədricən dəyişdiriləcək, yeni plastik borularla əvəzlənəcəkdir. Bunun üçün işlər görülür.
Qəsəbənin təsərrüfatlarını suvarma suyu ilə təmin edən Lovayın su anbarının əsaslı təmiri hazırda davam edir. Bu çox böyük bir layihədir. İçməli su probleminin həlli üçün də yollar tapacağıq.
May ayı bayramlar ayıdır. Bununla yanaşı hamımız üçün faciəli tarix olan 8 may tarixi Şuşanın işğalı günüdür. Bu da o vaxtkı iqtidarın böyük səhvi nəticəsində baş vermişdir. Hər il olduğu kimi, respublikamızda, o cümlədən rayonumuzda Şuşanın işğalı günü anılır, tədbirlər keçirilir. Bu gün Qarabağ problemi ən böyük problemimizdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Qarabağ probleminin həlli üçün qətiyyətli siyasət aparır. İnanırıq ki, bu problem tezliklə həllini tapacaqdır. Bundan sonra da sizinlə tez-tez görüşəcəyik. Çünki qəsəbə və kəndlərdə görəcəyimiz işlər çox olacaq.
Sonra Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Lovayın su anbarında aparılan əsaslı təmir işləri ilə tanış olmuşdur.