Suparibağ kəndində səyyar qəbul və görüş
Son illərdə rayonumuzun hər yerində olduğu kimi, Suparibağ inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də xeyli abadlıq-quruculuq işləri görülmüşdür. Ərazinin bütün avtomobil yolları asfaltlaşdırılmış, Suparibağ və Rüdəkənar kəndlərində yeni müasir tipli məktəb binaları tikilərək istifadəyə verilmişdir.
1048 hektar ərazisi olan nümayəndəlikdə 5600 nəfər əhali yaşayır. 1724 təsərrüfat, 1050 yaşayış evi vardır. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Aprelin 17-də rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Suparibağ kəndində vətəndaşlarla növbəti dəfə görüşmüşdür. Qəbulda rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər. Görüşü giriş sözü ilə açan icra başçısı Qəzənfər Ağayev kənd sakinlərini salamlamış, son dövrdə respublikamızda, rayonumuzda, o cümlədən Suparibağ inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində geniş abadlıq və quruculuq işlərinin görüldüyünü diqqətə çatdırmışdır. İcra başçısı 11 aprel tarixində Respublikamızda keçirilən Prezident seçkilərində fəal iştirakına və Heydər Əliyev ideyalarına sadiqliklərinə görə minnətdarlıq etmiş, mühüm siyasi qələbə münasibəti ilə onları təbrik etmişdir.
Kənd sakinlərindən Aydın Məcidov, Rəvanə Baxşıyeva, Bəxtiyar Məmmədov, Səfail Əsgərov, Xanqulu Həsənov və başqaları çıxış edərək respublikamızda, o cümlədən, Astara rayonunda aparılan geniş abadlıq və quruculuq işlərindən razılıqlarını bildirmiş, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin sosial-iqtisadi inkişafla əlaqədar verdiyi Sərəncamlarla Astara və astaralılara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmişlər. Çıxış edənlər nümayəndəliyin ərazisində xeyli quruculuq işlərinin görüldüyünü bildirməklə yanaşı, həlli vacib olan məsələlər barədə təkliflərini irəli sürmüşlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinləri ilə səmimi və işgüzar görüşdən məmnunluğunu bildirmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermişdir. İcra başçısı çıxışında müstəqil Azərbaycan Respublikasında sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilən genişmiqyaslı proqramlar nəticəsində bütün sahələrdə əsaslı dönüş yaradıldığını bildirmişdir. Müstəqillik dövründə böyük inkişaf yolu keçən ölkəmizdə əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün müntəzəm olaraq əsaslı tədbirlər görülür. Dünyanı bürüyən iqtisadi böhran dövründə Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasət qısa müddətdə öz müsbət nəticələrini göstərmişdir. Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən tədbirlər, kənd təsərrüfatı əkinlərinin genişləndirilməsi üçün həyata keçirilən genişmiqyaslı proqramlar ictimaiyyət tərəfindən razılıq hissi ilə qarşılanmışdır.
İcra başçısı Suparibağ inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində kənd təsərrüfatının daha geniş inkişafı üçün münbit şəraitin olduğunu bildirmiş, əhalinin bu sahəyə diqqətin daha da artırılmasının vacibliyini vurğulamışdır. Kəndin ərazisində istifadəsiz qalan yararlı torpaq sahələri dövriyyəyə qaytarılmalı, kənd təsərrüfatı əkinləri daha da genişləndirilməlidir. Xüsusən çəltikçilik sahəsinə geniş yer verilməlidir. Məhsuldarlığı yüksək olan çəltikdən gələn gəlir də digər kənd təsərrüfatı məhsulları ilə müqayisədə xeyli çoxdur. Digər kənd təsərrüfatı məhsullarının istehsalı da diqqətdən kənarda qalmamalıdır. Bu işlərin aparılmasından ötrü tərəfimizdən hər cür köməklik göstəriləcəkdir.
Son illərdə Astara rayonunda bütün sahələrdə əsaslı irəliləyişin olduğunu diqqətə çatdıran icra başçısı bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini xüsusi vurğulamışdır.
Ayrı-ayrı yaşayış məntəqələrində müasir tipli yeni məktəb binaları tikilib istifadəyə verilməsini, parkların salınmasını, yolların asfaltlaşdırılmasını, qaz xəttinin çəkilməsini, elektrik təsərrüfatında təmir işlərinin aparılmasını və digər abadlıq işlərinin görülməsini diqqətə çatdırmış, bunların ürəkaçan olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, bütün bunlar ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin səmərəli fəaliyyətinin, möhkəm siyasi dayaqlar üzərində qurulan ölkəmizin iqtisadiyyatının planlı şəkildə qurulduğunun nəticəsidir.
Yağışlı mövsümlərdə ərazidən keçən Astaraçayda sel təhlükəsi yarandığından burada sahilbərkitmə işlərinin aparılmasından ötrü əlaqədar təşkilatlara məktubla müraciət olunmuşdur. Yəqin ki, yaxın gələcəkdə bununla əlaqədar müəyyən tədbirlər görüləcəkdir.
Yüksək inkişaf mərhələsində olan müstəqil dövlətimiz tərəfindən gələcəkdə də əhalinin sosial-rifah halının yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlərin həyata keçiriləcəyini, rahat yaşayışın təmini üçün yeni layihələrin reallaşdırılacağını vurğulayan icra başçısı bu işlərdə hər zaman ölkə rəhbərinə dəstək olmağı, birlik nümayiş etdirməyi arzulamışdır.
Sonda İcra başçısı Suparibağ kənd tam orta məktəbində tədrisin vəziyyəti ilə maraqlanmış, tövsiyə və tapşırıqlarını vermişdir.