Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Pensər kəndində səyyar qəbul və görüş

17 may 2018 | 16:00

Astara rayonunun ən iri yaşayış məntəqələrindən biri olan Pensər kəndinin 1605 təsərrüfatı, 5389 nəfər əhalisi var.  Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

Mayın 17-də Astara Rayon İcra Hakimiyyətinin başçısı Pensər kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.  İcra başçısının  Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Əhmədov əvvəlki səyyar qəbul-görüşdən sonra  ərazidə görülən abadlıq və quruculuq işləri barədə məlumat vermişdir. Bildirmişdir ki, son illər əhalinin sosial problemlərinin həlli istiqamətində atılan mühüm addımlar – nümayəndəliyin Çayoba kəndində yeni çay fabrikinin istifadəyə verilməsi, kəndlərarası və əsas kənddaxili avtomobil yolların asfaltlaşdırılması, Pensər kənd 2 saylı və Çayoba kənd tam orta məktəb üçün yeni binaların tikintisi, Pensərçay üzərində piyada körpünün salınması  əhalinin böyük razılığına səbəb olmuşdur.

Pensər kənd sakinlərindən Abdulla Əliyev, Fariz Veysəlov, Ofeliya Həsənova, Mirzəmməd Ağayev, Vaqif Veysəlov və başqaları çıxış edərək son dövrdə rayonumuzda aparılan geniş abadlıq və quruculuq işlərinə, əhalinin rifah halının yaxşılaşdırılması ilə əlaqədar görülən tədbirlərə görə rayon rəhbərliyinə təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlər Çayoba-Pensər ara yolunun təmiri, Pensər kənd uşaq bağçasının və bağçaya gedən yolun əsaslı təmiri, kəndətrafı əkin sahələrinin yollarının qaydaya salınması barədə təkliflər vermişlər.

İcra başçısı Qəzənfər Ağayev 11 aprel Prezident seçkilərində yüksək mütəşəkilliyə və ölkəmizin işıqlı gələcəyinə, inkişafa, tərəqqiyə səs verdiklərinə görə bütün sakinlərə minnətdarlıq etmişdir.

Dəfələrlə Pensər kənd sakinləri ilə görüşdüyünü, əhali tərəfindən qaldırılan problemlərin həlli istiqamətində görülən işləri qeyd edərək, bildirmişdir ki, Çayoba kəndində yeni tikilmiş çay fabrikində xeyli insan işlə təmin olunmuş, Pensər kənd 2 saylı və Çayoba kənd tam orta məktəbi üçün yeni binalar istifadəyə verilmiş, kənd sakinləri üçün problemlər yaradan Pensərçayın sahili boyu xeyli ərazidə sahilbərkitmə işləri aparılmışdır. Bununla da nümayəndəliyin ərazisində ciddi bir problem qalmamışdır. Bütün bunlar müstəqil ölkəmizdə insanların həyat səviyyəsinin yüksəldilməsi, rifah halının yaxşılaşdırılması, firavan yaşaması üçündür. Bu inkişafın, bu tərəqqinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu fəaliyyəti ilə müvəffəqiyyətlə davam etdirilir.

Görülən işlərə cavab olaraq hər birimiz müstəqil dövlətimizin daha da inkişafı üçün bacarığımızı əsirgəməməliyik. 

Sadaladığınız məsələləri də dinlədik. Bunların həlli üçün tədbirlər görüləcəkdir. Ən əsası Çayoba kəndinin girəcəyindəki yolda yaranan problemin həllidir. Bildiyiniz kimi çox yağış yağanda bu yolu keçmək olduqca çətinləşir. Bununla əlaqədar ilkin hazırlıq işləri görülüb və aidiyyəti üzrə müraciət olunubdur. Yəqin ki, payız aylarına kimi bu problem həllini tapacaqdır.

Bu günün əsas məsələlərindən biri də kənd təsərrüfatını inkişaf etdirmək, torpaqlardan səmərəli istifadə olunmasıdır. Burada çəltik əkini üçün 40 hektardan artıq torpağın hazırlandığı və əkin sahələrinin ötən ilə nisbətən xeyli genişləndirilməsi barədə məlumat verildi. Amma kənddə  əkilməmiş sahələr çoxdur. Bütün torpaqlar əkilməli, həm də yüksək məhsuldarlıq əldə olunmasına çalışmaq lazımdır. Cənab Prezidentin son çağırış və tapşırıqlarından sonra  kənd sakinlərinin torpağa qayıdışı, torpağa münasibətin dəyişməsi sevindiricidir. Rayonumuz aqrar rayondur. Aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar dövlətimiz mümkün olan bütün şəraiti yaratmışdır. Yaradılmış imkanlardan istifadə edərək torpaqların əkilib-becərilməsinə diqqəti artırılmlı, rayonumuzda və  respublikada ərzaq bolluğunun yaradılmasına töhfəmizi verməliyik.

Əlavə olaraq  baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar ilk addımlar atılır. Sizin kənddə də bu sahədə çalışanlar vardır. Bu gəlirli sahə ilə məşğul olan ailələr yaxşı mənfəət əldə edə bilərlər. Bütün bu işlərdə sizə uğurlar arzulayıram.

 

Keçidlər