Sipiyəpart kəndində səyyar qəbul və görüş
Rayonun ucqar kəndlərindən biri olan Sipiyəpart kəndində 800 nəfərə yaxın əhali, 154 təsərrüfat vardır. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, arıçılıq, heyvandarlıq və əkinçilikdir. Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Sipiyəpart kəndində mayın 24-də rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlarla səyyar qəbul və görüş keçirmişdir. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Balakişi Rəhmanov son illər kənddə görülən işlər barədə məlumat vermişdir.
Sakinlərdən Seyidhəsən Xanməmmədov, Manaf Bağırov, Aybəniz Abdullayeva, Hidayət Zülfüqarov, Nüsrət Dadaşov və başqaları çıxış edərək son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Müntəzəm olaraq kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına, illərdən bəri həsrətində olduqları avtomobil yolunun tikintisinə görə İcra başçısına razılıqlarını bildirmişlər. Kənd sakinləri görülən işlərlə yanaşı kəndin yeni yaşayış massivinə avtomobil yolunun çəkilişi, elektrik dirəklərinin dəyişdirilməsi və s. barədə təkliflər vermişlər.
İcra başçısı Qəzənfər Ağayev kənd sakinləri ilə səmimi və işgüzar görüşdən razılığını bildirmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcəyini diqqətə çatdırmışdır. İcra başçısı 11 aprel tarixində Respublikamızda keçirilən Prezident seçkilərində fəal iştirakına və Heydər Əliyev ideyalarına sadiqliklərinə görə minnətdarlıq etmiş, bu qələbə münasibəti ilə onları təbrik etmişdir.
Son illər ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da xeyli abadlıq və quruculuq işlərinin aparıldığını diqqətə çatdıran İcra başçısı bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Nümayəndəliyin Pəlikəş, Sım və Sipiyəpart kəndlərində yeni məktəb binalarının tikilib istifadəyə verildiyini, yolların asfaltlaşdırıldığını, yeni körpülərin tikildiyini, elektrik xətt təsərrüfatında təmir işlərin aparıldığını və digər abadlıq işlərinin görüldüyünü qeyd etmiş, bunların ürəkaçan olduğunu vurğulamışdır. Bu il daha bir kənddə - Doli kəndində ibtidai məktəb üçün modul tipli məktəb binasının tikintisi nəzərdə tutulub. Bütün bunların ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Astara və astaralılara göstərdiyi hədsiz diqqət və qayğının parlaq təzahürü olduğunu diqqətə çatdıran İcra başçısı bundan sonra da əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini əminliklə söyləmişdir.
İcra başçısı qeyd etmişdir ki, rayonumuzun səfalı guşələrindən biri olan Sipiyəpart kəndində turizmin inkişafı üçün əlverişli şərait vardır. Burada gözəl təbiət, saf hava, mineral bulaqlar və təbii meşələrin olması ekoturizmin inkişafına böyük imkanlar yaradır. Gələcəkdə turizm obyektlərinin tikilib istifadəyə verilməsi ilə yeni iş yerləri də yaranacaqdır. Bu istiqamətdə hamımız birgə səy göstərməli, bütün işlərdə birlik nümayiş etdirməliyik. Yeni yaşayış massivinə yolun çəkilişi üçün kənd sakinlərinin qüvvəsi səfərbərliyə alınmalı, təbiətə, yaşıllığa zərər vurmamaq şərtilə işi təşkil etməlisiniz.
Görülən bütün işlər – yeni məktəb binalarının tikintisi, xüsusən mövcud olduğu tarixdə ilk dəfə olaraq asfalt yolun çəkilməsi insanların rifah halının yaxşılaşdırılması, rahat yaşayışının təmin edilməsinə xidmət edir. Yolun çəkilməsi ilə bu istiqamətdə yerləşən kənddlərdə qısa müddətdə nə qədər yeni tikintilərin aparıldığını, obyektlərin salındığını bildirən İcra başçısı tikilib qurulanları qoruyub saxlamağın hər bir sakinin borcu olduğunu bildirmiş, bu barədə tövsiyə və tapşırıqlarını vermişdir.