Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

15 iyun Milli Qurtuluş günü qeyd edildi.

12 iyun 2018 | 16:00

İyunun 12-də Astarada Milli Qurtuluş gününə həsr olunmuş ümumrayon  tədbiri keçirilmişdir.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan bəhs edən sənədli film nümayiş etdiriləndən sonra tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev böyük tarixi inkişaf yolunda olan doğma Vətənimizin - Azərbaycanımızın hər yerində 15 iyun Qurtuluş Günü kimi tarixə düşən mühüm bir bayramın təntənə ilə qeyd edildiyini bildirmişdir.

Bildirmişdir ki, 25 il bundan qabaq yenicə müstəqillik qazanmış Azərbaycan dövlətindəki idarəolunmaz vəziyyəti, xaos və hərc-mərcliyi görənlər qısa tarixi dövrdən sonra Azərbaycanın belə bir yüksəliş dövrünə çata biləcəyini təsəvvür etməzdilər.

Çox da uzaq olmayan həmin dövrü xatırlayanda bir daha aydın olur ki, tamamilə ümidsiz, çıxılmaz vəziyyətdə olan Azərbaycan dövlətçiliyi xalqın böyük oğlu, dünyada fenomen şəxsiyyət kimi qəbul edilmiş ulu öndər Heydər Əliyevin ağlı, zəkası ilə xilas oldu, dirçəldi və inkişaf etdi.

Böyük azərbaycanlı dahi, dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyev yaşadığı şərəfli və mənalı həyatında hər zaman doğma Azərbaycanı, xalqını düşünmüşdür. Bu böyük insan bütün varlığı ilə doğma xalqına bağlı olmuş, Azərbaycanın hərtərəfli inkişaf etməsi, dünyada tanınması üçün möhtəşəm işlər görmüşdür.

1993-cü ilin iyununda Azərbaycanda baş verən hadisələr tariximizdə ən ağır, mürəkkəb dövr olmuşdur. İyunun 4-də Gəncədə baş vermiş üsyan o dövrdə hakimiyyətdə olan AXC – müsavat cütlüyünün səriştəsiz siyasəti, naşı rəhbərliyi ucbatından ölkəmizdə vətəndaş müharibəsinə gətirib çıxartdı. Müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı. Xalqımız böyük fəlakət, faciələrlə üz-üzə dayanmışdı. Bundan istifadə edən erməni silahlı qüvvələri torpaqlarımıza hücumu getdikcə gücləndirir, yeni ərazilər işğal edirdilər.

Belə bir dövrdə xalqımız özünə xilaskar saydığı dahi şəxsiyyət Heydər Əliyevə müraciət etdi. Ulu öndər 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələrək xalqın təkidli xahişi və tələbi ilə yenidən respublikaya rəhbərlik etməyə razılıq verdi. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən xalqımızın dahi oğlu Heydər Əliyev xilaskarlıq missiyasını uğurla icra etməyə başladı. Bu tarixi qayıdış ölkənin qeyri-müəyyən gələcəkdən qurtulması, qardaş qırğınına son qoyulması, xalqın ümidlərinin bərpası idi. 

Ulu öndər Heydər Əliyevin apardığı müdrik, təmkinli və qətiyyətli siyasətin nəticəsində ölkəmizdə qısa vaxt ərzində siyasi sabitlik yarandı, müstəqilliyimizin başı üzərini almış təhlükə sovuşdu, onun əbədiliyi, sarsılmazlığı təmin  edildi. Xalqın öz rəhbərinə, Heydər Əliyevə sevgisi, dərin inamı, müstəqil ölkəmizin parlaq gələcəyinə ümidləri daha da gücləndirdi. 

Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışan, şərəfli ömür yolunun bütün nəsillərə örnək olduğunu, onun adının xalqımızın mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrildiyini, xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayan natiq, bu gün ulu öndərin siyasi kursunun onun layiqli davamçısı müdrik Prezidentimiz İlham Əliyev tərəfindən inamla və böyük uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

Bu gün, iyun ayının 12-də Azərbaycan qazını Türkiyə və Avropaya daşıyacaq böyük bir layihə olan TANAP qaz boru kəmərinin Türkiyənin Əskişəhərində açılışına diqqət çəkən İcra başçısı, Azərbaycan iqtisadiyyatına böyük gəlir gətirəcək bu möhtəşəm layihənin ilkin mərhələsinin uğurlu sonluğunun böyük siyasi iradənin və iqtisadi gücün məntiqi nəticəsi olduğunu vurğulamışdır. Böyük məbləğdə valyuta hesabına başa gələn bu layihənin icrasını şübhə altına alanlar bu günükü reallığı görəndə Heydər Əliyev siyasətinin nəyə qadir olduğunu bir daha hiss edirlər. Ölkə iqtisadiyyatı gücləndikcə büdcəyə daxil olan gəlirlər hesabına digər sahələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Müstəqil dövlətimizin öz müdafiəsini gücləndirməyə yönələn hərbi sahənin inkişafı, ordu quruculuğundakı müvəffəqiyyətlər işğal altında olan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını göstərir. Bir neçə gün əvvəl qüdrətli ordumuzun uğurlu əməliyyatı ilə qısa bir müddətdə Naxçıvan Muxtar Respublikasında Şərur rayonunun böyük strateji əhəmiyyətə malik Günnüt kəndi və ətafındakı yüksəklikləri azad etməsi, 11 min kvadrat kilometr əraziyə nəzarəti ələ keçirməsi dediklərimizə bariz sübutdur.   

Xalqımız bu gün tam əmindir ki, heç bir qüvvə ulu öndər Heydər Əliyevin banisi və qurucusu olduğu müstəqil Azərbaycanın dövlətçiliyini sarsıda bilməz, xalqımızın azadlığını və müstəqilliyini əlindən ala bilməz. 

Bu ilki Qurtuluş bayramının həm də müsəlman dünyasının əziz bayramı olan Ramazan bayramı ilə bir vaxta düşdüyünü qeyd edən İcra başçısı bu bayramlar münasibəti ilə hamını səmimi qəlbdən təbrik etmiş, xalqımıza xoşbəxt həyat, firavan günlər, ölkəmizə sülh və əmin-amanlıq  arzulamışdır.

Tədbirdə YAP rayon təşkilatının sədri Firudin Əhmədov, rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçisi Lətifə Həmidova, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, Mərkəzi Xəstəxananın baş həkimi Əlövsət Əliyev və şəhər 6 saylı tam orta məktəbin direktoru Elçin Mirzəzadə çıxış etmişlər.

Keçidlər