Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Toradi kəndində səyyar qəbul və görüş

22 iyun 2018 | 16:00

22 iyun 2018-ci il tarixdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Toradi kəndinin sakinləri ilə görüşü olmuşdur. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri iştirak etmişlər.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhalini salamlayaraq, ildə hər bir yaşayış məntəqəsində bir neçə dəfə səyyar qəbul və görüş keçirdiyini, sakinləri dinləyərək problemləri barədə məlumatlandığını və narahatlıq doğuran məsələlərin aradan qaldırılmasının əhalinin və ümumi işin xeyrinə olduğunu bildirmişdir. Təsərrüfatlarda işin qızğın çağı olmasına baxmayaraq elə bu məqsədlə də bu gün rayon mərkəzindən 45 km aralıda, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən Toradi kəndinə gəldiklərini diqqətə çatdırmışdır. 

Görüşdə sakinlər rayon rəhbərliyinin təşkilatçılığı  və yaxından köməkliyi ilə görülən geniş abadlıq və quruculuq işlərindən razılıqla söhbət açmışlar. Ağsaqqal Balazər Əliyev çıxış edərək qeyd etmişdir ki, rayon mərkəzindən xeyli uzaqda dağlıq ərazidə yerləşən, ən ucqar kəndlərin daxil olduğu Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ərazisinə asfalt yolun çəkilməsi ilə burada yaşayan insanların ən mühüm problemləri həllini tapmışdır. Uzun illər yararsız vəziyyətdə olan və yeni asfaltlaşdırılan Taxtanakəran-Toradi avtomobil yolunun sakinlərə böyük töhfə olduğunu qeyd edərək, bütün ictimaiyyət adından ölkə Prezidenti cənab İlham Əliyevə yüksək diqqət və qayğıya görə hədsiz minnətdarlıqlarını bildirmişdir.

Kənd sakinləri Hacıbaba Babayev, Ağahəsən Cövziyev, Hüseynəli Hüseynov, Mirzəhəsən Cövziyev, Həmidulla Əliyev və başqaları çıxış edərək müntəzəm olaraq kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə İcra başçısına razılıqlarını bildirmişlər. Görülən işlərlə yanaşı Hamoşam kəndində yeni mədəniyyət evinin tikilməsi, Toradi kənd tam orta məktəbinə azfalt yolun çəkilməsi, Kənd təsərrüfatı texnikasına ehtiyacın olması, kənd ocağında olan nəzir qutusuna ictimai nəzarətin təmin edilməsi, Pensər-Toradi marşrutuna ictimai nəqliyyatın təşkili və s. barədə təkliflər  vermişlər.

İcra başçısı əhalini dinlədikdən sonra təkliflərinə münasibət bildirərək, Hamoşam kənd mədəniyyət evinin vəziyyəti ilə tanış olduğunu, gələcəkdə bu problemin həlli üçün müəyyən işlərin görüləcəyini, kənd təsərrüfatı texnikasının yerli sahibkarların lizinq yolu ilə əldə edilməsinə köməkliyin mümkünlüyünü, Pensər-Toradi marşrutuna ictimai nəqliyyatın təşkili və kənd ziyarətgahında nəzir qutusuna ictimai nəzarətin yolları barədə tövsiyələrini vermişdir.

Qəzənfər Ağayev hazırda Respublikada və Astara rayonunda böyük sosial layihələrin həyata keçirildiyini bildirmişdir. Ümumilikdə aparılan tikinti-quruculuq, abadlıq işləri göz önündədir. Son illərdə rayonun şəhər və qəsəbələri ilə yanaşı, ucqar dağ kəndlərində  görülən işlərin miqyası xeyli artmışdır. Bu gün rayonumuzun ən ucqar ərazisi olan Toradi kəndinin timsalında bunların şahidiyik. Yüksək dağlıq ərazidə, çətin relyefdə yerləşən bu dağ kəndlərin yolları bərbad olduğu üçün əhali bundan böyük əziyyət çəkirdi. Bir il əvvəl bu yolları ancaq dağlıq ərazilər üçün nəzərdə tutulan xüsusi avtomobillərlə bir neçə saata böyük əziyyətlə gəldiyimiz halda, indi ən müasir avtomobillərlə heç bir vaxt itkisi olmadan 40-45 dəqiqəyə gəlmək mümkündür. Mövcud olduğu illərdə normal yolu olmayan bu kəndə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamı ilə ayrılmış vəsait hesabına yüksək səviyyəli avtomobil yolu çəkilmişdir. Yol rahatlıqdır, müasirlikdir, inkişafdır. Bu cənab Prezidentin ölkənin hər bir vətəndaşının rifahının yaxşılaşdırılmasına yüksək diqqət və qayğıyla yanaşdığının bariz nümunəsidir. Burada və qonşu kəndlərdə təkcə yol deyil, yeni məktəb binaları tikilib istifadəyə verilmiş, körpülər salınmış, elektrik təsərrüfatının yeniləşdirilməsi istiqamətində işlər görülmüşdür. Bu görülən işlər əhalinin güzəranının  yaxşılaşdırılmasına, rahatlığının təmin edilməsinə xidmət edir. 70 il hakimiyyətdə olan sovetlər dövründə nəinki ucqarlarda, heç böyük qəsəbə və kəndlərimizdə də bu cür quruculuq-abadlıq işləri olmayıb. Ona görə də tikilib-qurulanları qorumaq lazımdır. Yol çiyinləri, suötürücü borular vaxtaşırı palçıqdan, əlavə çöküntülərdən təmizlənməlidir ki, yol yatağı zədələnməsin.

Hazırda rayonda sosial layihələrin icrası davam edir. Ələt-Astara avtomobil yolunun rayonumuzdan keçən hissəsində işlər tamamlanmış,  Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun çəkilməsi, Astara şəhərinə içməli suyun çəkilməsi, park-bulvar kompleksinin ərazisinin genişləndirilməsi, ictimai-yaşayış binalarının təmiri və digər tikinti-abadlıq işləri davam edir.

Astara şəhərinin, qəsəbə və kəndlərin, xüsusən  mənzərəli dağ kəndlərimizin yol və digər infrastrukturlarının müasirləşdirilməsi ilə rayonumuza gələn turistlərin, xarici qonaqların sayında xeyli artım müşahidə olunur. Bu da böyük turizm potensialı olan rayonumuzda bu sahənin inkişafına marağı artırmaqla, rayon büdcəsinə əlavə gəlirlərin gəlməsinə şərait yaradacaqdır.

Sizi siyasi sabitliyi, iqtisadi gücü ilə öyündüyümüz müstəqil Azərbaycanımızın inkişafına hərtərəfli dəstək olmağa, həmişə olduğu kimi bundan sonra da birlik nümayiş etdirməyə çağırıram.

 

Keçidlər