Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Səncərədi kənd sakinləri ilə görüşü

05 may 2012 | 15:00

Astara-Ələt magistral yolunun Ərçivan kəndi girəcəyindən sola burulub asfalt yolla irəlilədikcə göz önündə gözəl mənzərə canlanır. Əkin yerlərində, tarlalarda qızğın iş gedir. Kənd əməkçiləri yaz qayğıları ilə məşğuldur. Tərəvəz və kartof əkininə, çay plantasiyalarına və sitrus bağlarına qulluq göstərilir. Çəltik şitilləri sahələrə köçürülür.
Səncərədi inzibati ərazi dairəsi üzrə nümayəndəlik 5 kəndi əhatə edir. İstisu ərazisində turistləri maraqlandıran səfalı istirahət yerləri çoxdur. Buradakı çay üzərində kiçik su elektrik stansiyası tikilir. Əlamətdar və unudulmaz hadisədir ki, həmin elektrik stansiyasının təməlqoyma mərasimində möhtərəm Prezidentimiz cənab İlham Əliyev iştirak etmişdir.
Nümayəndəliyin ərazisində sosial-iqtisadi inkişaf və abadlıq sahəsində problemlərin həlli istiqamətində müəyyən işlər görülmüşdür. Bunlar barəsində 4 may 2012-ci il tarixdə rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin əhali ilə görüşündə Səncərədi inzibati ərazi dairəsi üzrə nümayəndə Balacan Həbibov məlumat vermiş və xahiş etmişdir ki, nümayəndəliyin inzibati binasının əsaslı təmirinə, İstisu ərazisində sanatoriya və turistlər üçün istirahət yerlərinin salınmasına köməklik göstərilsin.
Görüşdə ərazidə yaşayan sakinlər tərəfindən təkliflər irəli sürülmüşdür. Səncərədi kənd tam orta məktəbinin direktoru Nadir Süleymanov kənd həkim məntəqəsində uşaq həkiminə ehtiyac olduğunu, Alaşa kənd ümumi orta məktəbinin direktoru Vaqif Ağayev məktəb üçün ayrılan odun yanacağının artırılmasının vacibliyini, ağsaqqal Əli Ağayev sitrus meyvələrin emalı üçün müəssisənin yaradılmasını, kənd uşaq bağçasının əsaslı təmir edilməsinin zəruriliyini bildirmişlər. Artupa kənd tam orta məktəbinin direktoru Baloğlan Əliyev rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevi təbrik etmiş, uğurlar arzulamışdır.
Rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev görüşdə çıxış etmiş və bildirmişdir ki, bu sizinlə ilk tanışlıq görüşümüzdür. Görüşün işgüzar şəraitdə keçməsi üçün problemlərdən danışın, təkliflərinizi verin. Biz bu problemləri öyrənib, həllinə kömək göstərəcəyik. Məlum olduğu kimi ərazidə ciddi bir problem qalmayıb. Əsas yol asfaltlaşdırılıb, elektrik xətləri və dirəklər dəyişdirilib, yeni məktəb binası tikilib, qaz xətləri yüksək keyfiyyətlə yenidən çəkilir. Bunlar Ulu Öndərimiz Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətinin nəticəsi, Möhtərəm Prezidentimiz İlham Əliyevin Astaraya göstərdiyi diqqət və qayğısı sayəsində mümkün olmuşdur.
May ayının 8-də Şuşanın işğal günüdür. Bu xalqımız üçün böyük faciədir. Şuşa o vaxtkı iqtidarın səhvinin qurbanı olub. AXCP, Müsavat hakimiyyəti dövründə ölkədə yaranmış hərc-mərclik, xaos, hakimiyyət hərisliyi nəinki Şuşanın işğalıyla nəticələndi, həm də Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, on minlərlə soydaşlarımız doğma yurdlarından didərgin salındı. İnsanları vahimə içərisində saxlayan qanunsuz silahlı qruplar ölkəni vətəndaş müharibəsi həddinə çatdırdılar. Azərbaycanın müstəqilliyi yox olmaq təhlükəsi ilə üzləşmişdi. Belə bir dövrdə Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək, xilaskarlıq missiyasını yerinə yetirdi.
Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev yenidən respublikaya rəhbərliyə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, ordu quruculuğuna da diqqəti artırdı, atəşkəsə nail oldu. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. May ayında Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edir. Bu bizim böyük siyasi uğurumuz və diplomatik qələbəmizdir. Ölkəmizdə hər bir sahədə inkişaf və tərəqqi var. Dinamik inkişaf ildən-ilə güclənir, Azərbaycan daha da qüdrətlənir. Rayonumuz da inkişaf edir. Bu inkişafla bağlı proqramımız vardır. Bunları tədricən həyata keçirəcəyik. İqtisadiyyatımız gücləndikcə bütün sahələrdə inkişaf da sürətlənəcək.
Son illər Astarada onlarla məktəb binası tikilib, əsaslı təmir olunub. Bir neçəsi hazırda inşa olunmaqdadır.
Burada sitrus meyvələrinin emalı üçün müəssisənin tikilməsi barədə təklif verildi. Biz meyvə yığımı vaxtı qonşu rayonlardakı tədarük müəssisələri ilə danışıqlar aparıb sizə köməklik edəcəyik. Bununla yanaşı həm də aqrolizinq tərəfindən kredit yolu ilə 10 il müddətinə 20 tonluq soyuducu anbar verilir. Bu da əlverişlidir. Arzu edənlərə bunun alınmasında köməklik göstəriləcəkdir.
Uşaq bağçalarının əsaslı təmiri ilə əlaqədar respublikada iş gedir. Rayonumuzda da bir uşaq bağçası yüksək səviyyədə əsaslı təmir olunub. Qalanları da tədricən təmir olunacaq. Qəzalı vəziyyətdə olan binalar yenisi ilə əvəzlənəcək. Sizinlə bundan sonra da tez-tez görüşəcəyik.
Sonra Rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev ərazidə qaz xəttinin çəkilişi ilə maraqlanmış, İstisu ərazisində olmuşdur.
 

Keçidlər