Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış və ali hərbi məktəblərə daxil olmuş tələbələrlə görüş

21 avqust 2018 | 16:00

Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 21 avqust tarixində respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirmişdir. Tədbirdə rayon icra hakimiyyətinin, Təhsil şöbəsinin məsul işçiləri ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və  onların valideynləri iştirak etmişlər.

Rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov ölkədə təhsilin ən prioritet sahə olduğunu vurğulayaraq 2017-2018-ci tədris ilinin təhsil göstəriciləri barədə məlumat vermişdir. Qeyd etmişdir ki, bu diqqət və qayğının nəticəsidir ki, yüksək balla alı məktəblərə daxil olan məzunlarımızın sayı ilbəil artmaqdadır. Sevindirici haldır ki, bu il 600-dən yuxarı bal toplamış 7 məzunumuzdan 3 nəfəri məhz müəllimlik peşəsini seçmişdir. Bu da şagirdlərimiz arasında təhsilə olan marağın günü-gündən daha da yüksəldiyini deməyə əsas verir.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri yüksək nəticəyə görə təbrik edərək qeyd etmişdir ki, rayonumuzda ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sıralarının ildən-ilə artması sevindiricidir. Bu həm də gənclərimizin elmə, biliyə olan marağının artması deməkdir. Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan İcra başçısı vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirmiş, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni etmişdir. Ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Bu diqqətin nəticəsində təhsil uğurları daha da artmalıdır.

Bu il rayonumuzun orta məktəblərini bitirən məzunlardan 248 nəfər tələbə adını qazanmışdır ki, bunlardan 7 nəfər 600-dən yuxarı, 32 nəfər 500-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olmuşdur. 7 nəfər məzunumuz ali hərbi məktəblərə daxil olmuşdur. Bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Yüksək bilik nümayiş etdirərək tələbə adını qazanmaq şərəfinə nail olduğunuza görə hər birinizi ürəkdən təbrik edirəm. Eyni zamanda sizin yüksək hazırlığınızda əməyi olan müəllimlərinizi və valideynlərinizi təbrik edirəm. Arzu edirəm ki, siz ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verəsiniz.

Dövlətimiz inkişafı, tərəqqisi ilə dünyada tanınır. Siz belə bir ölkənin vətəndaşı olmağınızla qürur hissi keçirməli, əməli fəaliyyətinizlə ölkəmizin daha da qüdrətlənməsi üçün əlinizdən gələni etməlisiniz. Buna isə yüksək təhsil və böyük vətənpərvərlik mövqeyinizlə nail ola bilərsiniz.

Tələbə adını qazandığınıza görə bir daha sizi ürəkdən təbrik edir,  təhsil yollarında hamınıza uğurlar arzulayıram.

Tədbirdə valideynlərdən Nüriyyə Hüseynova, Maşxan kənd tam orta məktəbin direktoru Bəylər Həsənov çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirmiş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və tələbələrlə görüşə görə icra hakimiyyətinin başçısına minnətdarlıq etmişlər.

686 balla Azərbaycan Tibb Universitetinə daxil olan Pensər kənd 2 saylı tam orta məktəbin məzunu Fərid Əhmədzadə, 653 balla Azərbaycan Dillər Universitetinə daxil olan Şiyəkəran kənd 1 saylı tam orta məktəbin məzunu Lamiyə Heydərova, 578 balla Azərbaycan Tibb Universitetinə daxil olan Asxanakəran kənd tam orta məktəbin məzunu Fərid Xudadadov çıxış edərək dövlətin gənclərə bu cür diqqət və qayğısına mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləmişlər. 

Yekunda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələr verilmiş, xatirə şəkli çəkilmişdir.

 

Keçidlər