Siyatük kəndində yeni məktəb binasının açılışı olmuşdur
15 sentyabr “Bilik günü” bütün respublikada olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də təntənə ilə qeyd edilmişdir.
Bu ilki “Bilik günü” bayramı rayonun Siyatük kənd sakinlərinin yaddaşında həm də yeni məktəb binasının açılışı ilə qalacaqdır. Sakinlərin uzun illərdən bəri arzusunda olduğu və ilin əvvəlində tikintisi başlanan məktəb binasının yeni dərs ilinin ilk günündə - “Bilik günü”ndə istifadəyə verilməsi yerli əhalinin böyük sevincinə səbəb olmuşdur. Əvvəlki səyyar qəbul və görüşlərdə sakinlər Siyatük kəndində yeni məktəb binasının tikintisinə ehtiyac olması barədə təkliflərini və arzularını icra başçısına çatdırmış, rayon rəhbərliyinin təşəbbüsü və yaxından köməkliyi ilə qısa müddət ərzində kənddə müasir modul tipli yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev yeni məktəb binasının açılışını bildirən rəmzi lenti kəsərək bu əlamətdar hadisə münasibətilə sakinlərə xoş arzularını bildirmiş, təbriklərini çatdırmışdır. Qeyd etmişdir ki, “Bilik günü” bayramında Siyatük kəndində müasir tələblərə cavab verən məktəb binasının istifadəyə verilməsi heç də təsadüfi deyildir. Bu gün böyük inkişaf yolunda olan müstəqil dövlətimizdə bütün sahələrə olduğu kimi təhsilə də xüsusi diqqət yetirilir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yaxşılaşdırılması mühüm məsələ kimi diqqət mərkəzindədir. Son 15 ildə təkcə Astara rayonunda qırxdan çox yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Elə bu nümayəndəliyin ərazisində Suvi kənd tam orta və Deqədi kənd ümumi orta məktəblərindən sonra üçüncü yeni məktəb istifadəyə verilir. Hazırda Burzubənd kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanmış, Doli və Şəmətük kənd ibtidai məktəblərinin yeni binasının tikintisi layihələşdirilir.
Bütün bunlar rayonda təhsilin keyfiyyətinin artırılması üçün əlverişli zəmin yaratmışdır. Yeni, müasir tələblərə cavab verən, informasiya və kommunikasiya vasitələri ilə zənginləşdirilən təhsil müəssisələrində pedaqoji kollektivlərimiz var qüvvələrini sərf etməli, parlaq gələcəyimiz üçün vacib olan təhsilin inkişafına nail olmalıdırlar.
Əvvəlki səyyar qəbul-görüşlərdə siz mövcud məktəb binasının yararsız olması və yeni məktəb binasının tikilməsi barədə dəfələrlə məsələ qaldırmışdınız. Bu gün çox sevinirik ki, qaldırdığınız ən vacib məsələlərdən biri həllini tapmış və yeni məktəb binası istifadəyə verilir.
İnanıram ki, məktəbin pedaqoji kollektivinin, şagird və valideynlərin illərdən bəri arzuladıqları, müasir tələblərə cavab verən, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılan 56 şagird yerlik yeni məktəb binasında tədrisin keyfiyyəti də yüksək olacaqdır.
Müstəqil dövlətimizdə xalqın rifahı naminə həyata keçirilən layihələr tək məktəb tikintisi ilə məhdudlaşmır. Dünyanın əksər dövlətlərində iqtisadi və siyasi böhranın hökm sürdüyü bir dövrdə ölkəmizdə genişmiqyaslı tikinti-quruculuq, yeni infrastruktur layihələrin sürətlə davam etdirilməsi ulu öndər Heydər Əliyevin ideyalarını uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik siyasətinin parlaq sübutudur.
Tədbirdə Siyatük kənd məktəbinin direktoru Aqil Əhmədov, kənd sakinləri Mahmud Məmmədov, Şakir Tahirov və başqaları çıxış etmişlər. Çıxış edənlər son illər rayonda aparılan geniş abadlıq və quruculuq, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə və rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə ictimaiyyət adından dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Sonda İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və tədbir iştirakçıları yeni məktəb binasının sinif otaqları, şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olmuşlar.