Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir

09 may 2012 | 15:00

8 may 2012-ci il tarixdə Astara rayonunda Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev açmış, Şuşa şəhərinin işğalı zamanı və Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, Azərbaycan respublikasının Prezidenti Zati Aliləri cənab İlham Əliyev 09 aprel 2012-ci il tarixdə “Şuşa şəhərinin Ermənistan Silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında” Sərəncam imzalamış, tədbirlər planı təsdiq etmiş, respublikanın hər yerində və dünya azərbaycanlılarının yaşadıqları ölkələrdə anma mərasimlərin keçirilməsi qarşıya mühüm vəzifə kimi qoyulmuşdur. Buna uyğun olaraq rayon icra hakimiyyətinin tədbirlər planı hazırlanmış, qrafikə əsasən rayonda tədbirlərin keçirilməsi təmin olunmuşdur.
Q.Ağayev qeyd etmişdir ki, Şuşanın işğal günü, yəni may ayının 8-i tariximizin qara səhifələrindən biridir. Təqvimin bu günündə nəinki Azərbaycanın, həm də dünyanın ən böyük tarixi və mədəniyyət abidələrindən biri olan Şuşa şəhəri ermənilər tərəfindən vəhşicəsinə işğal olunubdur. Bu xalqımız üçün böyük faciədir. Şuşa o vaxtkı iqtidarın səhvinin qurbanı olub. AXCP-Müsavat hakimiyyəti dövründə ölkədə yaranmış hərc-mərclik, xaos, hakimiyyət hərisliyi nəinki Şuşanın işğalıyla nəticələndi, həm də Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, on minlərlə soydaşlarımız doğma yurdlarından didərgin salındı.
Ölkədə yaranmış hakimiyyətsizlik ordudan da yan ötmədi. Vahid komandanlıq olmadığı üçün orduda parçalanma yaranmışdı, qanunsuz silahlı birləşmələr fəaliyyət göstərirdi. Bunlar insanları vahimə içərisində saxlamaqla ölkəni vətəndaş müharibəsi həddinə çatdırdı. Yaranmış vəziyyətdən istifadə edən düşmənin silahlı qüvvələri rayonlarımızı, şəhərlərimizi bir-birinin ardınca işğal etdilər. Şuşa da məhz o vaxtkı iqtidarın səriştəsizliyinin və siyasi oyunlarının qurbanı oldu.
Bəşəriyyətə Vaqifi, Xan qızı Natəvanı, Üzeyiri, Niyazini, Bülbülü, Xan Şuşinskini və onlarla digər sənət karifeylərini bəxş edən bu qədim yurd yerimiz artıq 20 ildir ki, işğal altındadır. Lakin, bu uzun çəkməyəcək. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Bu siyasətin təməli hələ 1992-ci ildə Ulu Öndərimiz tərəfindən qoyulmuşdur.
Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev yenidən respublikaya rəhbərliyə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, ordu quruculuğuna da diqqəti artırdı, atəşkəsə nail oldu. Qazanılan vaxt ərəfəsində nizami ordu yaradıldı. Bu gün Azərbaycanın ordusu öz hərbi gücü ilə seçilir. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Hazırda Azərbaycan BMT kimi nüfuzlu bir təşkilatın Təhlükəsizlik Şurasına sədrlik edir. Bu bizim böyük siyasi uğurumuz və diplomatik qələbəmizdir. Ölkəmizdə hər bir sahədə inkişaf və tərəqqi var. Dinamik inkişaf ildən-ilə güclənir, Azərbaycan daha da qüdrətlənir. Bütün bunlar imkan verir deyək ki, Azərbaycan öz torpaqlarının şəriksiz sahibidir və bu torpaqlardan bir qarış da kimsəyə verilməyəcək.
Mən bu gün tam əminliklə deyirəm ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində düşmən tapdağında olan bütün yurd yerlərimiz, o cümlədən qədim Şuşamız tezliklə işğaldan azad olunacaq, doğma soydaşlarımız Vətənlərinə qayıdacaqlar.
Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Məzahim Hüseynov, şöbə müdiri Mərasim Hacıyev, rayon Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının sədri Laləzar Qurbanova, Mədəniyyət şöbəsinin məsləhətçisi Əfqan Şəfiyev, Astara Pedaqoji Kollecin müəllimi Ruslan Əliyev çıxış edərək bəşəriyyətə bir çox karifeylər bəxş etmiş, canlı təbiət muzeyi, Azərbaycanın ən qədim yurd yerlərindən biri olan Şuşa şəhərinin 20 ildən artıq işğal altında qalmasının dözülməz olduğunu qeyd etmiş, beynəlxalq qurumların bu məsələyə daha ciddi yanaşmalı olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan torpaqlarının işğaldan azad olunacağı gün heç də uzaqda deyil. Buna ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində nail olacağıq.
 

Keçidlər