Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Şahağac kəndində səyyar qəbul və görüş

11 oktyabr 2018 | 16:00

Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisi 1000 hektardan artıq, əhalisi 5000 nəfərdir.  

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayonun böyük yaşayış məntəqələrindən biri olan Şahağac kəndində əhali ilə keçirdiyi səyyar qəbul və görüşündə rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri iştirak etmişlər.

İcra başçısı kənd sakinlərini salamlayaraq son illər burada görülən işləri xatırlatmışdır. Kənddə qazlaşma başa çatdırılmış, elektrik xətləri sip kabelə dəyişdirilərək yeni transformatorlar quraşdırılmış, mədəniyyət evi, uşaq bağçasının dam örtükləri dəyişdirilmiş, 2 saylı tam orta məktəb üçün yeni bina tikilərək istifadəyə verilmişdir. Buna baxmayaraq sizinlə növbəti dəfə görüşərək təkliflərinizi dinləmək məqsədilə gəlmişik.  

Kənd sakinlərindən Zeyməddin Cəfərov, Mikayıl Moğbilov, Hidayət Mirzəyev, Rəşid Ağayev, Sevda Xudaverdiyeva, Elman Ağayev, Sakit Mürsəlov və başqaları çıxış edərək rayonda və Şahağac kəndində aparılan tikinti-quruculuq və abadlıq işlərinə görə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə minnətdarlığını bildirmiş, ölkədəki əmin-amanlığa, insanların həyat şəraitinin, yaşayışının yaxşılaşdırılması sahəsində görülən işlərə görə möhtərəm Prezidentimiz İlham Əliyevə hörmət və ehtiramlarını ifadə etmişlər.

Sakinlər görülən işlərlə yanaşı kənddəki ATS-də telefon nömrələrin göstərilməsi xidmətinin təşkili, bankomatın quraşdırılması, məişət tullantılarının daşınması, kənddaxili avtomobil yolunun asfaltlaşdırılması, 1 saylı kənd tam orta məktəb binasının əsaslı təmiri və 2 saylı kənd tam orta məktəbin dam örtüyünün dəyişdirilməsi barədə təkliflərini vermişlər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev səmimi görüşə görə sakinlərə təşəkkür edərək qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlarını vermiş, vaxt tələb edən məsələlərin həllinə isə  müvafiq köməkliklərin göstəriləcəyini diqqətə çatdırmışdır. Bir vaxtlar Şahağac və digər yaşayış məntəqələrində qaldırılan problemlərin daha vacib sosial tələblər olduğunu bildirərək, indiki tələblərin, yəni bankomat, ATS-də telefon nömrələrin göstərilməsi xidmətinin təşkili və digər məsələlərin inkişafdan irəli gəldiyini bildirmişdir.

İcra başçısı hazırda Respublikada və Astara rayonunda böyük sosial layihələrin həyata keçirildiyini bildirərək bunların ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin təntənəsi və bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nətcəsi olduğunu diqqətə çatdırmışdır.

Ümumilikdə Respublikada və rayonumuzda aparılan tikinti-quruculuq, abadlıq işləri göz önündədir.   Bu yaxınlarda istifadəyə verilən Bakı-Astara avtomobil yolu məsafəni kifayət qədər qısaltmaqla, Bakı şəhərinə daha tez, rahat və təhlükəsiz gedişi təmin edir. Rayonumuzda bütün yaşayış məntəqələrinin yolları asfaltlaşdırılmış, ən əsası əlçatmaz hesab edilən ucqar dağ kəndləri olan Pəlikəş, Sım, Asxanakəran, Hamoşam, Toradi, Miki kəndlərinə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamları ilə ayrılmış vəsait hesabına yüksək səviyyəli asfalt yolllar çəkilmişdir. Yaşayış məntəqələrinin 85 %-i qazlaşdırılmış, digərlərinin qazlaşdırılmasına yaxın gələcəkdə başlanacaqdır. Xanbulançaydan Astara şəhərinə içməli su xətti çəkilmişdir. Gələcəkdə Şahağac, Şiyəkəran, Qamışoba və digər yaşayış məntəqələri də bu sudan istifadə edəcəklər. Yaxın günlərdə böyük ərazidə genişləndirilərək ən müasir səviyyədə tikilən park-bulvar kompleksi istifadəyə veriləcəkdir. Bu görülən işlər əhalinin güzəranının  yaxşılaşdırılmasına, rahatlığının təmin edilməsinə xidmət edir.

Müstəqil dövlətimizin gündən-günə artan iqtisadi gücü bizə bunu deməyə əsas verir ki, gələcəkdə də tikinti-quruculuq işləri-ümumtəhsil məktəb binalarının, uşaq bağçalarının, səhiyyə müəssisələrinin tikintisi, təmiri və digər sosial layihələrin icrası davam edəcəkdir. Əsas odur ki, cənab Prezidentin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürməklə, inkişaf, tərəqqi yüksək vüsətlə davam edir. Biz bunları qorumalı, ölkə Prezidenti ətrafında sıx birləşməklə böyük missiyanı uğurla davam etməsi üçün hər an dəstək olmalıyıq.

 

    

 

 

Keçidlər