Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Səncərədi kəndində yeni tikilmiş uşaq bağçası istifadəyə verildi

16 oktyabr 2018 | 16:00

Oktyabrın 16-da Astara rayonun Səncərədi kəndində yeni tikilmiş  uşaq bağçası-körpələr evi istifadəyə verilmişdir.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev uşaq bağçasının açılışını bildirən rəmzi lenti kəsərək valideynləri və uşaqları bu əlamətdar gün münasibəti ilə təbrik etmişdir. Qeyd etmişdir ki, bu yaraşıqlı uşaq bağçasının istifadəyə verilməsi valideynlərin və körpə uşaqların çoxdankı arzusunu çin etmişdir. Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi bu gün dövlətimizin həyata keçirdiyi siyasətdə mühüm yer tutur. Ölkəmizin bütün bölgələrində yeni məktəb binaları, körpələr evi-uşaq bağçalarının inşası, onların müasir avadanlıqlarla təchiz edilməsi gələcəyimiz olan uşaqların ən yaxşı şəraitdə böyüməsi, oxuyub tərbiyə almasına xidmət edir. Ölkə rəhbərinin yorulmaz və müdrik fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti gündən-günə çiçəklənir, inkişaf edir. Dövlətimizin iqtisadi qüdrəti bütün dünyaya səs salmışdır. Ölkəmizdə aparılan möhtəşəm tikinti, abadlıq, yenidənqurma işləri doğma Vətənimizi ən abad, ən gözəl məkana çevirmişdir.

Oktyabrın 15-də möhtərəm cənab Prezident İlham Əliyevin ölkəmizin cənub bölgəsinə növbəti səfəri zamanı Astaraya gəlməsi, rayonda bir sıra sosial obyektlərin açılışında iştirak etməsi və ictimaiyyət nümayəndələri ilə görüşü unudulmaz bir xatirə kimi yaddaşlarda qalacaqdır.

Cənab Prezident Taxtanakəran-Toradi, Taxtanakəran-Miki, Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yollarının istifadəyə verilməsinə xeyir-duasını verərək,  Xanbulançaydan Astara şəhərinə çəkilən içməli su xəttinin açılışını etdi. Eyni zamanda Xəzər dənizi sahilində 18 hektarlıq ərazidə gözəl dizaynda salınmış Park-bulvar kompleksində oldu. Görülən işləri yüksək qiymətləndirən cənab Prezident tikinti-quruculuq işlərinin davamlı olması üçün tövsiyə və tapşırıqlarını verdi.

Rayonumuzda Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204–207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi,  sel və daşqın təhlükəsi olan Astaraçayda və Pensərçayında sahilbərkitmə işlərinin aparılması, Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün vəsaitin ayrılması ilə əlaqədar Sərəncamlar imzalaması da  ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Astaraya və astaralılara yüksək diqqət və qayğısının bariz nümunəsidir. Bütün bunlara görə rayonumuzun sakinləri adından möhtərəm cənab Prezidentə hədsiz minnətdarlığımızı bildiririk. 

Yeni bağça binasının istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə çıxış edən körpələr evi-uşaq bağçasının müdiri Elnaz Paşayeva bildirmişdir ki, 1970-ci ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisəsi üçün bu ilin mart ayında tikintisinə başlanılan ikimərtəbəli, 60 yerlik körpələr evi-uşaq bağçasında uşaqların təlim və tərbiyəsi, istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılmışdır. Bağçada uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq, onların istedadlarını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradılmış, otaqlar zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz olunmuş, qrup, yataq, yemək, xidməti, musiqi və idman otaqları uşaqların ixtiyarına verilmişdir. Körpələr evi-uşaq bağçasının ərazisində uşaqların əylənməsi üçün istirahət guşələri yaradılmışdır. Bağçada hər birində 20 uşaq olmaqla, üç qrup fəaliyyət göstərir. 

Kənd sakinləri Fəxrəddin Məhərrəmov, Sədail Həbibov və başqaları bağça kollektivini əlamətdar hadisə münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırmış, bunu ölkə Prezidenti İlham Əliyev cənablarının körpə fidanlara hədsiz qayğısı və diqqətinin bariz nümunəsi olduğunu qeyd edərək ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər