Nümayəndə heyətimiz Beynəlxalq Forumda
20-23 oktyabr 2018-ci il tarixlərində Türkiyə Cümhuriyyəti Antalya Böyükşəhər bələdiyyəsi və Dünya Vətəndaşlıq Təşkilatının (WCO) birgə təşkilatçılığı ilə 13-cü İpək Yolu Bələdiyyə Sədrləri Forumu keçirilmişdir.
İpək Yolunun təkcə tacirlərin yolu deyil, müdriklərin, orduların, fikirlərin, dinlərin və mədəniyyətlərin yolu olduğunu simvolizə edən abidənin açılışı, iştirakçı dövlətlərin bayraqlarının fəxri təqdimatı və tanıtım videolarının nümayişi ilə başlayan Forumda Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin başçılığı ilə nümayəndə heyəti, Türkiyənin hökumət nümayəndələri, İpək Yolu üzərində yerləşmiş 32 dövlətin 67 şəhərindən icra başçıları, müavinləri və bələdiyyə sədrləri iştirak etmişlər.
Dünya ictimaiyyətinin diqqətində olan Forumda şəhər xidmətləri, şəhərlərarası diplomatiya, turizm, qloballaşma və 6E (iqtisadiyyat, təhsil, ətraf mühit, etika, mühəndislik, əyləncə) mövzularında məruzələr oxunmuş, müzakirələr aparılmış, görüşlər keçirilmişdir.
Şəhərlərin ətraf mühitinin qorunması, davamlı iqtisadiyyat və xalq yönümlü inkişaf Forumun əsas məqsədlərindən biri olmuşdur. İnsanları tanıma və həyatlarına ortaq olmaq fikrinin hakim olduğu forumda iştirakçılara mədəniyyətlərarası qarşılıqlı əlaqələrdə, incəsənət, ticarət və turizm sahələrində tarixi İpək Yolunun mühüm rolu haqqında geniş məlumat verilmişdir. Həmçinin qloballaşmanın şəhərlər arası diplomatiya və müasir dünyada bələdiyyə xidmətlərinə təsiri barədə dəyərləndirmələr aparılmışdır.
İdarəçilik və qlobal məsələlərin müzakirə olunduğu forumda dostluq münasibətləri möhkəmlənmiş və İpək Yolu ruhuna uyğun olaraq mədəniyyətlərarası əlaqələr yaradılmışdır.
Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev forum çərçivəsində bir sıra işgüzar görüşlər keçirmişdir. Antalya Böyükşəhər Bələdiyyənin sədri Menderes Türel, Özbəkistanın Səmərqənd və Buxara, Qırğızıstanın Oş, Çernoqoriyanın Kotor, Monteneqronun Budva şəhərlərinin başçıları və bələdiyyə sədrləri ilə görüşlərdə icra başçısı son illərdə ölkədəki dinamik inkişaf və Astara rayonunda aparılan geniş abadlıq-quruculuq işləri, icra edilmiş möhtəşəm layihələr, rayonun iqtisadiyyatı, turizm potensialı barədə ətraflı məlumat vermişdir. Bölgələrin inkişafından ötrü yeni-yeni layihələrin həyata keçirilməsi məqsədilə investorların cəlb edilməsi ötrü qarşılıqlı əlaqələrin qurulması üçün fikir mübadiləsi aparılmışdır.
Antalya Böyükşəhər Bələdiyyənin sədri Menderes Türel dəvəti qəbul edib forumda iştirakına görə icra başçısı Qəzənfər Ağayevə minnətdarlıq etmiş, qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə əməli tədbirlərin görüləcəyini bildirmişdir.
Geniş auditoriyanın iştirakı ilə uğurlu danışıqlar çərçivəsində keçən Forumda 14-cü İpək Yolu Forumunun Pakistanda İslamabadda keçirilməsi qərara alınmışdır. Antalya Böyükşəhər Bələdiyyəsi sədrinin məsləhətçisi İbrahim Evrim və Dünya Vətəndaşları Təşkilatının sədri Dr. Young Hoon Kwaak forumun bayrağını İslamabad Bələdiyyə sədrinin köməkçisi Syed Zeeshan Ali Nagviyə təqdim etmişlər.
Sonda xatirə şəkilləri çəkilmişdir.