Seləkəran kəndində səyyar qəbul və görüş keçirilmişdir
Suparibağ kənd inzibati ərazi dairəsinə daxil olan Seləkəran kəndində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin sakinlərlə səyyar qəbul və görüşü olmuşdur. İdarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən səyyar qəbul və görüşdə sakinlər onları düşündürən, narahat edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparmışlar.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Respublikada, rayonda, o cümlədən Seləkəran kəndində görülən işlər, qarşıda duran vəzifələr barədə məlumat verərək, görüş iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəltməklə təklif və rəylərini bildirməyə dəvət etmişdir.
Görüşdə Aftandil Nəsirov, Zahidə Məmmədova, Həzi Əbilov, Müzəffər Əhmədov, Rahim Dünyamalıyev, İskəndər Məmmədov, Səfərəli Teymurzadə, Rövşən Cabbarov və başqaları çıxış edərək son illərdə rayonumuzun şəhər, qəsəbə və kəndlərində görülən işləri yüksək qiymətləndirmiş, bütün bunlara görə möhtərəm cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sakinlər eyni zamanda onları narahat edən problemləri, təklif və rəylərini bildirmişlər. Onlar təzə məhəlləyə qaz xəttinin çəkilməsi, kənddə tibb məntəqəsinin şəraitinin yaxşılaşdırılması, kənd ara yolunun təmiri, mədəniyyət evinin damının dəyişdirilməsi və digər məsələlər barədə müvafiq köməklik göstərilməsini xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan məsələlərin araşdırılacağını, problemlərin aradan qaldırılması məqsədilə tədbirlərin həyata keçiriləcəyini qeyd etmişdir. Yerlərdə belə səmərəli və işgüzar görüşlərin çox faydalı olduğunu, qldırılan məsələlərin operativ həlli ilə insanların rahatlıq tapmasını ümumi işin xeyrinə olduğunu diqqətə çatdırmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu inkişaf strateqiyası cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə uğurla davam etdirilir. Respublikamızda, o cümlədən, rayonumuzda bütün sahələrdə uğurlu inkişaf gedir. Həlli vacib məsələlər həllini tapır. Cənab Prezidentin diqqət və qayğısıyla həyata keçirilən böyük layihələr insanların həyatına rahatlıq gətirir. Bunlardan əsas sosial layihələr olan yeni məktəb binalarının, xəstəxanaların inşa edilməsi, yol tikintisi, qazlaşma, elektrik təsərrüfatlarının yeniləşməsi xüsusilə qeyd edilməlidir. Bu hədsiz diqqət və qayğıya görə rayonumuzun hər bir sakini adından cənab Prezidentə minnətdarlıq edirik.
Seləkəran kəndinin sakinləri torpağa bağlı, zəhmətkeş insanlardır. Rayonda ən çox əkin aparılan ərazilərdən biri də bu kənddir. Bu cür də davam etmək lazımdır. Texnikaya olan tələbatın, ehtiyacın ödənilməsində tərəfimizdən hər cür köməklik göstəriləcəkdir.
Əsas odur ki, narahatlıq doğuran ciddi məsələlər yoxdur. Bunlar artıq həllini tapıbdir. Məktəb tikintisi ilə əlaqədar onu deməliyəm ki, rayonumuzda bu istiqamətdə böyük işlər görülür. 40-a qədər yeni məktəb binası tikilib istifadəyə verilibdir. Elə bu nümayəndəliyin ərazisində də Suparibağ və Rudəkənar kəndlərində müasir tipli yeni məktəb binaları tikilmişdir. Bu bina da təmir olunubdur. Hazırda ilk növbədə qəzalı məktəblərin tikintisinə üstünlük verilir. Onlar tikiləndən sonra yaxın gələcəkdə bu kənddə də yeni məktəb binası inşa olunacaq.
Cənab Prezidentin apardığı məqsədyönlü siyasətlə dünya dövlətlərinin ölkəmizə qarşı rəğbəti getdikcə artır. İnanırıq ki, iqtidarla xalqın birliyindən yaranan əmin-amanlıq, sabitlik, inkişaf müstəqil Azərbaycanımızı daha uğurlu sabahlara aparacaqdır.