Astara şəhərinin Kələdəhnə ərazisində səyyar qəbul və görüş keçirilmişdir
Astara şəhərinin Kələdəhnə ərazisində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin sakinlərlə səyyar qəbul və görüşü olmuşdur. Görüşdə rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev görüş iştirakçılarını salamlayaraq, bildirmişdir ki, Kələdəhnə şəhər ərazisi olduğuna görə sizinlə icra hakimiyyətində qəbul günlərində görüşlərimiz tez-tez olur. Ancaq həmin görüşlərdə adətən ayrı-ayrı vətəndaşlar şəxsi məsələlərinə görə müraciət edirlər. İndi isə ərazidə görüşüb sizi dinləmək, problemlərlə tanış olmaq, həllinə köməklik etmək məqsədi ilə gəlmişik.
Görüşdə Elçin Mirzəzadə, Əlisahib Abbasov, Məmmədəli Quliyev, Gülağa Məmmədov, Nurlana Bayramova, İlham Kərimov, İskəndər İsayev və başqaları Respublikanın hər yerində olduğu kimi Astara rayonunda da bütün sahələrdə inkişafın geniş vüsət aldığını, xüsusən tikinti-quruculuq və abadlıq işlərinin sürətləndirilməsini razılıqla qeyd edərək əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Çıxış edənlər hazırda məskunlaşdıqları keçmiş peşə məktəbi binasının təmiri və binaya qaz xəttinin çəkilməsi, şəhər 6 saylı məktəb binasının ətrafında yerləşən hündür ağacların budanması, ayrı-ayrı məhəllə yollarının təmiri, elektrik enerjisi verilişinin yaxşılaşdırılması, suötürücü kanalların təmizlənməsi, uşaq bağçasının təmiri və digər məsələlər barədə təkliflərini vermişlər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan bəzi məsələlərin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, vaxt tələb edən problemlərin həllini diqqətdə saxlayacağını bildirmişdir. Qeyd etmişdir ki, müəyyən problemlərin həlli özünüzdən asılıdır. Ərazini çirkləndirənlər, kanal ərazisini hasara salıb zəbt edənlər ictimai qınaqla tənbeh edilməlidir. Onlar başa salınmalıdır ki, bu neqativ hərəkətlərlə təkcə ətrafda yaşayanlar deyil, həm də özləri üçün problemlər yaradırlar.
Gündən-günə inkişaf edən, çiçəklənən müstəqil dövlətimizə nümunəvi xidmətimizlə töhfəmizi verməliyik. Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə, o cümlədən rayonumuzda insanların sosial rifahının yaxşılaşdırılması sahəsində mühüm işlər görülür. Son illər rayonda aparılan geniş abadlıq, quruculuq işlərinin miqyası xeyli artmışdır. Təkcə şəhər ərazisində görülən işləri nəzərdən keçirəndə, insanda böyük iftixar hissi yaranır. Rayonumuz yaradılan gözəlliklərlə hər gün simasını dəyişir. Ən ucqar dağ kəndləri də daxil omaqla bütün iri yaşayış məntəqələrinə gedən avtomobil yolları asfaltlaşdırılmış, yeni məktəb binaları tikilmiş, elektrik xətt təsərrüfatının yeniləşdirilməsi, qalaşdırma sahəsində görülən işlər davam etdirilir.
Kələdəhnə ərazisində də təklifləriniz əsasında bir çox mühüm məsələlər həllini tapmış, bundan sonra da təkcə burada deyil, rayonun bütün yaşayış məntəqələrində müraciətlərinizin müsbət həll olunmasından ötrü bütün imkanlardan istifadə edəcəyik.