Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri Astaraya səfər ediblər
Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri və onların xanımları noyabrın 27-də Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Astara rayonuna səfər ediblər. Azərbaycanda regionların inkişafı ilə yaxından tanış olmaq və bu xüsusda ölkəmizin cənub bölgəsində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə həyata keçirilən bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edir.
Diplomatlar əvvəlcə Astara şəhərində Xəzər dənizi sahili boyunca salınmış park-bulvar kompleksinə səyahət ediblər. Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayon sakinlərinin və turistlərin istirahət yerinə çevrilmiş park-bulvar kompleksi barədə qonaqlara məlumat verib.
Park-bulvar kompleksi ilə tanışlıqdan sonra diplomatlar rayonun Çayoba kəndində yerləşən “Astaraçay” MMC-yə gəliblər. Qonaqlara “Astaraçay” MMC-nin fəaliyyəti barədə məlumat verilib. Diplomatlar müəssisənin çay fabrikində istehsal prosesi, “Çay muzeyi”ndə nümayiş etdirilən məhsullar və eksponatlarla tanış olub, Astara çayının dadına baxıblar.
Cənub mirvarisi kimi tanınan doğma Astaramıza gələn səfirlər burada aparılan geniş abadlıq və quruculuq işlərindən, əhalinin asudə vaxtının səmərəli təşkili üçün yaradılan nümunəvi şəraitdən razı qaldıqlarını, füsunkar diyarımızın gözəlliklərinə heyran olduqlarını diqqətə çatdırıblar. Onların hər biri Azərbaycanımızın dilbər guşəsi olan Astarada olmaqdan böyük məmnunluq hissi keçirdiklərini, bu işdə rayon rəhbərliyinin müstəsna xidmətlərini yüksək qiymətləndirməklə gələcəkdə cənub bölgəsinin daha da inkişaf edəcəyinə əmin olduqlarını ifadə ediblər.
Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral söhbət zamanı bildirdi ki, bu səfərimiz yaddaşımızda əbədi iz salıb. Gördüklərimiz bir daha sübut etdi ki, Astara Azərbaycanın ən gözəl rayonlarından biridir. Astaranın gözəlliyi barədə çox eşitmişdim. Bu gün bunu öz gözlərimlə gördüm. “Astarada görülən işlər fərəh hissi doğurur. Biz burada təkcə bu rayonun deyil, bütövlükdə gözəlləşən Azərbaycanın necə inkişaf etdiyinin şahidi oluruq. Bu, təkcə mənim deyil, Astaraya səfər edən digər diplomatik nümayəndələrin də fikridir. Göstərilən qonaqpərvərlikdən hamımız çox məmnunuq. Bu səfərin təşkilinə görə Xarici İşlər Nazirliyinin rəhbərliyinə minnətdarıq. Bu səfərdə bizi çox isti və səmimi qarşılayan rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə və rayonun digər rəhbər işçilərinə hədsiz razılığımızı bildirmək istəyirəm. Xüsusən dənizkənarı park-bulvar və burada yaradılan gözəl və əlverişli şərait bizi sözün yaxşı mənasında heyran qoydu.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov söhbət zamanı cənub bölgəsində, xüsusən Astarada ilk dəfə olduğunu və bu gözəl diyarda insan əməyi ilə yaradılmış füsunkar gözəllikdən məmnun qaldığını hədsiz razılıqla bildirdi. Təbiət bu yerlərdən öz səxavətini əsirgəməyib. Bununla birlikdə rayon rəhbərliyi və əhalinin birgə qarşılıqlı fəaliyyəti ilə burada bir-birindən fərqlənən yeni-yeni infrastruktur layihələr uğurla yerinə yetirilib. Doğrudan da Azərbaycan Respublikasının cənubunda yerləşən sizin rayonda yaradılan şərait Avropa ölkələrinin heç birindən geri qalmır. Mənim daha çox xoşuma gələn bu diyarın özünəməxsus milli mətbəxidir. Astaranın çox gözəl mətbəxi var Ona görə də bu yerlərin təbiəti, insanları, adət-ənənələri ilə tanış olmaq mənim üçün çox maraqlıdır. Harada oldumsa əhalinin səmimi münasibətinin və xoş rəftarının şahidi oldum. Hiss etdim ki, burada yaşayan yerli sakinlər öz doğma şəhərlərini çox sevirlər. Əlbəttə, bütün Azərbaycan gözəldir. Ancaq ölkənin hər bir rayonunun özünəməxsus mədəniyyəti, adət-ənənələri və mətbəxi var. Burada gördüyüm qonaqpərvərlik məndə xoş təəssürat yaratdı. İnanıram ki, cənub bölgəsinin digər rayonlarına səyahətimiz də bizdə zəngin təəssüratlar yaradacaq”.
Tacikistanın ölkəmizdəki səfiri Rustam Soliyev rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində aparılan işlərdən razı qaldığını bildirərək qeyd etdi ki, Azərbaycanın cənub bölgəsində ilk dəfədir oluram. Astarada böyük inkişafın, nailiyyətlərin şahidi oldum. Astarada sosial məsələlərin həllinə, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Ölkə rəhbərliyi rayonun dinamik inkişafını təmin etmək üçün çox iş görüb. Azərbaycanın uğurlarına biz də sevinirik. Mən qardaş Azərbaycan xalqına gələcək işlərində böyük uğurlar arzulayıram.
Cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonunda olan səfirlər bu gözəl və füsunkar diyarda bütün sahələrdə görülən işlərdən, insanların rifahı naminə həyata keçirilən tədbirlərdən və yeni-yeni infrastruktur layihələrin icra olunmasından razılıqlarını bildirərək bu barədə rayon rəhbərliyinə minnətdarlıqlarını diqqətə çatdırıblar. Söhbət zamanı Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri və onların xanımlarının iştirakı ilə bu səfərin cənub bölgəsinə təşkilinə görə dərin təşəkkür və minnətdarlığını bildirib. İcra başçısı təkcə Astara rayonunda deyil, ümumilikdə Azərbaycan Respublikasının bütün bölgələrində genişmiqyaslı sosial-abadlıq, quruculuq işlərinin sürətlə və keyfiyyətlə aparıldığını və bu işdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri olduğunu konkret faktlarla səfər iştirakçılarının diqqətinə çatdırıb.
Noyabrın 28-də xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri və onların xanımları Lənkəran rayonuna səfər ediblər.