Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi
Azərbaycan dövləti və xalqı üçün gördüyü möhtəşəm işlərlə, tarixə adı qızıl hərflərlə yazılmış ümummilli lider Heydər Əliyevin xalqımızın ürəyində yeri əbədi və sonsuzdur. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbləri ilə ən çətin dövrdə hakimiyyətə gəlişi Azərbaycanın müstəqilliyinin xilasına, gözlənilən fəlakətlərin sovuşmasına və müstəqilliyimizin əbədiliyinə hərtərəfli zəmin yaratdı.
Ulu öndər, xalqının əsrlər boyunca həsrətini çəkdiyi, uğrunda çarpışdığı ən ümdə haqqını reallığa çevirərək müstəqilliyə qovuşdurdu və müstəqil Azərbaycan dövlətinin banisi kimi tarixə düşdü. Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim nur saçacaq.
12 dekabr tarixində Astara şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətə gələn hər bir şəxs ürəyində böyük sevgi, sonsuz məhəbbətlə bu izdihama qatılmışdı. Ulu Öndər Heydər Əliyevin anım günündə səhər saat 9.00-dan başlayaraq axın-axın şəhərin mərkəzinə gələn insanların arasında məktəblilərdən tutmuş, ən ahıl yaşlı insanlara qədər var idi.
Əvvəlcə rayon rəhbərliyi və inzibati orqanların rəhbərləri abidənin önünə tər güllər qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər.
Yaşından və təmsil etdiyi ictimai təbəqədən asılı olmayaraq minlərlə astaralı Ulu Öndərin şəhər mərkəzindəki əzəmətli abidəsini ziyarət etməklə, bu əvəzsiz insana məhəbbət və sədaqətlərini nümayiş etdirdilər.
Səhər saatlarından başlanan tədbir uzun müddət davam etdi və böyük insan kütləsinin Ulu Öndərin möhtəşəm abidəsini və Heydər Əliyev Mərkəzini böyük ehtiramla ziyarət etməsi ilə yaddaqalan oldu.