Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir

11 may 2012 | 15:00

Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə astaralılar da daim hörmət və ehtiram bəsləyirlər. Ulu Öndərin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilmişdir. Mayın 10-da ümummilli lider Heydər Əliyevin adını daşıyan minlərlə astaralı toplaşmışdır.
Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsi önünə əklillər və tər gül dəstələri qoydular.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində oldular, Ulu Öndərin şərəfli ömür yolunun, görkəmli siyasi və dövlət xadimi kimi möhtəşəm fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən eksponatlara baxdılar.
Hər il Astarada ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar onun adını daşıyan parkda ənənəvi kitab bayramı keçirilir. Mayın 10-da keçirilən ümumrayon Kitab bayramında rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və rayonun rəhbər işçiləri iştirak edərək, ayrı-ayraı bölmələr üzrə nümayiş etdirilən kitab sərgisi ilə tanış oldular. İcra hakimiyyətinin başçısı və ictimaiyyətin nümayəndələri kitab sərgisinə, həmçinin, II Respublika dekorativ sənət müsabiqəsinin qaliblərindən biri olan Şahxanım Zülfüqarovanın əl işlərinə maraqla baxdılar.
YAP Astara rayon təşkilatının inzibati binasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş toplantı keçirildi.
Toplantını giriş sözü ilə Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev açaraq qeyd etdi ki, bu günlər ölkəmizin hər yerində, azərbaycanlıların yaşadıqları və fəaliyyət göstərdikləri bütün dünya ölkələrində ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin doğum günü böyük təntənə ilə qeyd edilir. Keçirilən bütün tədbirlərdə Ulu Öndərin Azərbaycan xalqı, dövləti və doğma vətənimiz üçün etdiyi mühüm tarixi xidmətlərindən, ümumbəşəri fəaliyyətindən geniş söhbətlər açılır, xatirəsi əziz tutulur.
Rayonumuzda da hazırlanan geniş tədbirlər planına uyğun olaraq bu istiqamətdə lazım olan tədbirlər həyata keçirilir. Rayonun bütün idarə, müəssisə və təşkilatlarında, mədəni-maarif müəssisələrində ümummilli lider Heydər Əliyevin 89-cu ildönümü münasibəti ilə geniş tədbirlərin keçirilməsi ümumxalq məhəbbətinin təzahürüdür. Dünən, mayın 9-da rayonun Kakalos kəndində Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında Heydər Əliyevin möhtəşəm büstünün açılışı ilə əlaqədar mərasim keçirildi.
Bu gün sizinlə birgə geniş bayram tədbirlərinin keçirildiyinin şahidiyik. Bu o deməkdir ki, respublikamızın hər yerində xalqımızın ümummilli lideri Heydər Əliyev böyük məhəbbətlə sevilir, xatirəsi əziz tutulur, hər zaman ehtiramla yad edilir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü ildə Naxçıvan şəhərində sadə bir ailədə dünyaya göz açmışdır. Xatırlatmaq istəyirəm ki, ötən əsrin qırxıncı illərindən respublika hüquq mühafizə orqanlarında fəaliyyətə başlamış, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə yüksəlmiş, 1969-cu ilə qədər bu vəzifədə işləmişdir.
O, 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövrdə geridə qalmış Azərbaycanı ən yüksək inkişaf zirvəsinə qaldıra bilmiş, ölkəmizin sənaye, kənd təsərrüfatı, milli kadr potensialının formalaşdırılması, Azərbaycan dilinin Konstitusiyada təsbit olunması və başqa mühüm istiqamətlərdə böyük nailiyyətlər qazanmışdır.
1982-1987-ci illərdə Heydər Əliyev Sovetlər birliyində Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Sovetinin Sədrinin birinci müavini vəzifəsinə yüksəlmiş, o dövrdə ölkənin ən mühüm, böyük diqqət və qayğı tələb edən sahələrinə rəhbərlik ona etibar edilmişdir. Bununla yanaşı doğma Azərbaycanını bir an da olsa unutmayan, diqqət və qayğısını əsirgəməyən bu Dahi İnsan, bizi istəməyən qüvvələrin diqtəsi ilə M.Qorbaçov tərəfindən 1987-ci ildə tutduğu vəzifədən uzaqlaşdırıldı. Bundan ürəklənən nankor ermənilər 1988-ci ildə torpaq iddialarını ortaya qoydular.
Azərbaycan böyük sınaq qarşısında olduğu 1990-1993-cü illərdə Heydər Əliyev Naxçıvan Muxtar Respubilikası Ali Sovetinin sədri vəzifəsində işləyərək, respublikadan təcrid olunmuş, blokada şəraitində, ağır, təhlükəli günlərini yaşayan Naxçıvana yeni ümüd və həyat verdi. Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi.
Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. Ölkəmiz elan olunmamış müharibəyə cəlb edilmiş, torpaqlarımızın 20 faizi erməni işğalçıları tərəfindən işğal edilmiş, soydaşlarımız doğma yurd-yuvalarından didərgin düşmüş, ölkədə xaos, hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı. Xalqın yeganə ümidi Naxçıvana dikilmişdi. Belə vəziyyətdə o vaxtkı məşhur 91-lər Azərbaycan ziyalıları və xalqı adından Heydər Əliyevə müraciət edərək yaranmış vəziyyətdən xilas yolunu yalnız onda gördüklərini bildirib və ölkəmizi mövcud fəlakətdən qurtarmaq üçün ölkə rəhbərliyinə dəvət etdilər.
Heydər Əliyev 1993-2003-cü illərdə, yəni ömrünün sonuna qədər memarı və qurucusu olduğu Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir.
Təcrübəli dövlət xadimi, bütün zamanların görkəmli siyasətçisi, dünya şöhrətli insan olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü Müstəqil Azərbaycanımızı yaratmışdır. Bu gün Azərbaycanımızın yüksək inkişafı və tərəqqisinə görə, aparıcı dünya ölkələri arasında hörmətlə qəbul edilməsi və qazandığı nailiyyətlərinə görə Heydər Əliyev uzaqgörənıliyinə minnətdarıq. Ulu öndərimizin varisçilik ənənələrinə daim sadiq qalan ölkə Prezidentimiz möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını bu gün də müvəffəqiyyətlə həyata keçirir.
Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də hələ Naxçıvanda olarkən 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasını yaratması olmuşdur.
Yeni Azərbaycan Partiyası bu gün nəinki Azərbaycanın, eləcə də dünyanın ən aparıcı partiyalarından birinə çevrilmişdir. Onun sıralarında yarım milyondan çox insan vardır. Bizim üçün bu günkü gün bir də onunla əlamətdardır ki, ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm cənab İlham Əliyevin şəxsən xeyir-duası ilə açılışını etdiyimiz rayon təşkilatının hazırkı bu gözəl binasında Ulu Öndərin ad gününü sizinlə bir yerdə qeyd edirik. Bu hamımız üçün böyük sevinc və böyük bayramdır. Bu münasibətlə mən hamınızı təbrik edirəm və toplantını açıq elan edirəm.
YAP Astara rayon təşkilatının sədri, rayon İcra hakimiyyəti başçısının müavini Natiq İbadov “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda məruzə etdi.
Toplantıda rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, YAP rayon təşkilatı gənclər birliyinin sədri Rəsul Nəsirov, Astara Pedaqoji Kollecin direktoru Əlihəsən Nəmzəyev, Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Azər Abdullayev, müharibə veteranı Məmmədşah Məcidov, Heydər Əliyevin 89-cu ildönümü ilə əlaqədar keçirilən respublika inşa müsabiqəsinin qalibi Samir Sabirzadə çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmiz üçün möhtəşəm işlər gördüyünü, Astaraya və astaralılara daim diqqət və qayğı göstərdiyini söylədilər.
Astara rayon icra hakimiyyətinin başçısı Q.Ağayev respublika inşa müsabiqəsinin qalibi Samir Sabirzadəyə və rəsm müsabiqəsinin qalibi Dəniz Baxşızadəyə Fəxri Fərman və hədiyyələr verdi.
Axırda YAP sıralarına yeni qəbul olunanlara partiya üzvlük bileti təqdim olundu.
Bayram tədbiri respublikanın paytaxtı Bakı şəhərindən dəvət olunmuş mədəniyyət və incəsənət ustalarının geniş konsert proqramı və atəşfəşanlıqla davam etdirilir.
 

Keçidlər