Astarada 20 yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilmişdir
20 yanvar 2019-cu il tarixdə Astara rayonunda qanlı yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rəşad Mahmudov, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, şəhid ailələrinin üzvləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
1990-cı ilin şaxtalı qış gecəsində imperiya ordusunun vəhşiliyi nəticəsində qanlı terrorun qurbanı olan 134 nəfər günahsız insan arasında iki nəfər astaralı - Əliyev Çingiz Mirzəhüseyn oğlu və Əsgərov Novruz Faiq oğlu da olmuşdur. Soyuq qış gecəsində yaralananların sayı 800 nəfərdən çox idi.
Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən 20 yanvar faciəsi, cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətini, öz azadlığına, müstəqilliyinə qalxan xalqın isə mübarizliyini, məğrurluğunu nümayiş etdirmişdir.
Yanvar faciəsi törədilən günlərdə Moskva şəhərində yaşayan Azərbaycanın qorxmaz, mərd və mübariz oğlu Heydər Əliyev heç bir təzyiqdən və təqibdən çəkinməyərək, özünün və doğmalarının həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 20 yanvar faciəsinə siyasi qiymət verilməsi tələbi ilə bəyanat vermişdir. Bu, xalqının başına gətirilən dəhşətli müsibətlərdən hiddətlənmiş bir tarixi şəxsiyyətin, siyasi xadimin Azərbaycan həqiqətləri ilə dünyanı silkələyən mərd, mübariz, böyük vətəndaş çağırışı idi.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilməmiş, həmin faciədə həlak olan vətən övladları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazmışlar.
Tədbir iştirakçıları tərəfindən Şəhidlərin Xatirə Kompleksində astaralı şəhidlərinin xatirə lövhələri önünə tər qərənfillər qoyularaq Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur.
Saat 12 : 00-da rayon ərazisində bayraqlar endirilmiş, nəqliyyatın hərəkəti dayandırılaraq 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.