Şuvi kəndində səyyar qəbul və görüş keçirilmişdir
Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 5600 nəfərdən çox əhali yaşayır. Əsas məşğuliyyətləri sitrusçuluq, çayçılıq, əkinçilik və heyvandarlıqdır.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şuvi kəndində əhali ilə keçirdiyi səyyar qəbul və görüşdə Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əbülfət Qüdrətov ərazidə görülən geniş quruculuq-abadlıq işləri barədə məlumat vermişdir.
İcra başçısı görüş iştirakçılarını salamlayaraq, bildirmişdir ki, dəfələrlə sizinlə görüşlərimiz olmuş, təklifləriniz əsasında qaldırılan problemlərin əksəriyyətinin həllinə nail olmuşuq. Bu il sizinlə keçirdiyimiz ilk görüşdə də narahatlıq doğuran məsələləri öyrənmək həllinə köməklik etmək məqsədi ilə gəlmişik. Buyurun sizi dinləyirik.
Sakinlərdən Əvəz Cümşüdov, Mahmud Məmmədov, Tərlan Ağayev, Əflan İbrahimov, Aqil Əhmədov, Rinat Fərziyev və başqaları çıxış edərək müntəzəm olaraq onlarla görüşə gəldiyinə görə icra başçısına minnətdarlıq etmişlər. Ölkə Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan sevindiklərini, belə abad, azad bir ölkənin sakinləri olmaqlarından qürur duyduqlarını bildirmiş, ölkədə aparılan çoxsaylı quruculuq-abadlıq işlərinə görə Prezident cənab İlham Əliyevə hədsiz sevgilərini bildirmişlər.
Çıxış edənlər Ərçivan-Şuvi-Siyatük avtomobil yolunun təmiri, kənddə bankomatın qoyulması, uşaq bağçası üçün yeni binanın tikintisi, Deqədi kəndinə təbii qazın verilməsi, Siaytük kənd ibtidai məktəbində su quyusunun qazılması barədə arzu və təkliflərini də bildirmişlər.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev səmimi görüşə görə sakinlərə təşəkkür edərək qeyd etmişdir ki, rayonumuzun bütün qəsəbə və kəndlərinin problemləri bizə bəllidir. Amma yerlərdə əhali ilə görüşmək və onları narahat edən məsələlərlə tanış olub həlli yollarını birgə axtarmaq daha məqsədəuyğundur.
İlk növbədə qeyd etməliyəm ki, bütün sahələrdə sürətlə inkişaf edən müstəqil respublikamızın timsalında rayonumuzun siması da gündən-günə dəyişir. Quruculuq-abadlıq işləri artıq şəhər hüdudunu aşaraq qəsəbə və kəndlərə, ucqar yaşayış məntəqələrinə keçmişdir. Bu cür geniş miqyaslı işlər yalnız yüksək iqtisadi bazası olan ölkələrdə mövcuddur.
Şüvi nümayəndəliyinin ərazisində də ciddi bir problem qalmayıb. Tikinti-quruculuq və abadlıq sahəsində müəyyən işlər görülmüşdür. Geniş ərazilərdə yeni çay plantasiyaları və sitrus bağları salınmış, məktəb binaları tikilmiş, yollara asfalt döşənmiş, işıq və qaz problemləri həllini tapmışdır. Bunlar Ulu Öndərimiz Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi, möhtərəm Prezidentimiz İlham Əliyevin göstərdiyi diqqət və qayğısı sayəsində mümkün olmuşdur.
Sadaladığınız məsələləri də diqqətlə dinlədim. Bunlardan ən vacib olanı qəzalı vəziyyətdə olan uşaq bağçası üçün yeni binanın tikintisidir. Bu barədə aidiyyəti üzrə müraciət etmişik. İnanıram ki, həllini tapacaqdır.
Kənd təsərrüfatını inkişaf etdirməkdən ötrü gübrə və dərmanların əldə edilməsi ilə əlaqədar sizi bir daha məlumatlandırım ki, bu yaxınlarda Sumqayıt şəhərində cənab Prezident yeni Karbamid zavodunun açılışını etdi. Burada istehsal olunan məhsullardan yaxın vaxtlarda istifadə edə bilərsiniz.
Mən sitrus meyvələrinin emalı üçün avadanlıqların əldə edilməsindən ötrü özünüməşğulluq proqramına qoşulmağınızı təklif edirəm. Bununla istehsal etdiyiniz tonlarla sitrus meyvələrindən çoxçeşidli məhsullar əldə edərək bazara çıxara bilərsiniz.
Elektrik təsərrüfatında vaxtaşırı təmir işləri aparılsa da, bu sahənin tamamilə yenilənməsinə ehtiyac olduğunu bilirik. Bu istiqamətdə dövlət tədbirləri başqa yerlərdə olduğu kimi rayonumuzda da hissə-hissə həyata keçirilir. Borcumuz istifadə etdiyimiz enerji pullarının vaxtında ödənməsidir.
Kənddə artezian quyusunuin qazılması, avtomobil yollarının təmiri də diqqətimizdədir. Bunlar üçün müvafiq tədbirlər görülür.
İcra başçısı hazırda Respublikada və rayonda böyük sosial layihələrin həyata keçirildiyini bildirərək bunların ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin təntənəsi və bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nətcəsi olduğunu diqqətə çatdırmışdır.
Müstəqil dövlətimizin gündən-günə artan iqtisadi gücü bizə bunu deməyə əsas verir ki, gələcəkdə də tikinti-quruculuq işləri, sosial layihələrin icrası davam edəcəkdir. Əsas odur ki, cənab Prezidentin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürməklə, inkişaf, tərəqqi yüksək vüsətlə davam edir. Biz bunları qorumalı, hər an ölkə Prezidenti ətrafında sıx birləşməliyik.