Rudəkənar kəndində səyyar qəbul və görüş keçirilmişdir
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Rudəkənar kəndində əhali ilə keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
İcra başçısı görüş iştirakçılarını salamlayaraq, bildirmişdir ki, Suparibağ inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Suparibağ, Seləkəran və Qapıçıməhəllə kəndlərində keçirilən görüşlərdə təklifləriniz əsasında qaldırılan problemlərin həlli istiqamətində tədbirlər görmüşük. Bu gün rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri ilə birlikdə sizinlə Rudəkənar kəndində görüşərək problemləri öyrənmək, həllinə köməklik etmək məqsədilə gəlmişik. Buyurun təkliflərinizi verə bilərsiniz.
Sakinlərdən Ələsgər Əliyev, Barat Sadıxov, Rəvanə Baxşıyeva, Habil Ağayev, Babaş Əsgərov, Məmməd Məmmədov, Rəsul Əliyev, Ramiz Rzayev və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan yüksək nailiyyətlərdən, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən razılıqlarını bildirmişlər. Xüsusilə Astara çayında sahilbərkitmə işlərinin aparılması məqsədilə vəsaitin ayrılmasına Sərəncam imzaladığına görə cənab Prezidentə sonsuz minnətdarlıq ifadə etmişlər. Sakinlər yerlərdə əhali ilə sıx ünsiyyət saxlayıb tez-tez görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmiş, problemləri söyləyərək, onların həlli ilə əlaqədar təkliflərini vermişlər. Rudəkənar-Astara avtomobil yolunun təmiri, yolun kənarlarında piyada səkilərin düzəldilməsi və işıqlandırılması, elektrik xətt təsərrüfatında aparılan kabelləşmənin başa çatdırılması, kənd qəbristanlığının səviyyəsinin torpaq örtüyü ilə qaldırılması barədə təkliflər verilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan bəzi məsələlərin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, vaxt tələb edən problemlərin həllini diqqətdə saxlayacağını bildirmişdir.
Qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda, o cümlədən, rayonumuzda bütün sahələrdə uğurlu inkişaf gedir. Həlli vacib məsələlər həllini tapır. Cənab Prezidentin diqqət və qayğısıyla həyata keçirilən böyük layihələr insanların həyatına rahatlıq gətirir. Əsas sosial layihələr olan yeni məktəb binaları, xəstəxanaların inşa edilməsi, yol tikintisi, qazlaşma, elektrik təsərrüfatlarının yeniləşməsini misal göstərə bilərik.
Rudəkənar kəndi, ümumiyyətlə Astara çayı boyunca yerləşən digər kəndlərimiz daim sel təhlükəsi ilə üzləşir. 2017-ci ilin payız-qış aylarında çayın daşması ilə sel bütün bu kəndləri ağuşuna almışdı. Sizinlə bir yerdə birləşərək böyük bir fəlakətin qarşısını ala bildik. Əhaliyə maddi ziyan dəysə də itkisiz ötüşdük. Elə ötən il də belə bir təhlükə yaşandı. Bu demək olar ki, hər il daşqınlar zamanı təkrarlanır. Ona görə də cənab Prezident keçən ilin oktyabr ayında rayonumuza səfər edəndə ilk xahişimiz məhz çaylarda sellərin qarşısının alınması üçün sahilbərkitmə işlərinin aparılmasına köməkliyin göstərilməsi barədə oldu. Prezidentimiz çox sağ olsun ki, dərhal bu işlərin aparılmasından ötrü vəsaitin ayrılması barədə Sərəncam imzaladı. Hazırda gördüyünüz kimi burada işə başlanmışdır. Bununla da daşqın təhlükəsinə birdəfəlik son qoyulacaq, rahat yaşaya bilərsiniz. Bu diqqət və qayğıya görə hər birinizin, eləcə də rayonumuzun bütün sakinləri adından cənab Prezidentə minnətdarlıq edirik.
Bilirsiniz ki, kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi ilə əlaqədar ölkə rəhbərinin tapşırığına uyğun olaraq bu gün dövlət tərəfindən güzəştlər və digər köməkliklər olunur. Siz də torpağa bağlı, zəhmətkeş insanlarsınız. Ona görə də yaradılan imkan və şəraitdən istifadə edərək bütün torpaqlarda təyinatına uyğun əkin aparmağa sizi çağırıram. Sevindiricidir ki, rayonumuz üçün ənənəvi olan çay, çəltik və sitrus sahələri ildən-ilə artır. Bu sahələrin səmərəli üsullarla inkişaf etdirilməsi üçün biz də mümkün olan köməklikləri göstəririk. Kənd təsərrüfatının bu və digər sahələrinin davamlı inkişafında fəaliyyəti genişləndirmək lazımdır. Bu işdə hər birinizə uğurlar arzulayıram.
İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “III dərəcəli Əmək Ordeni” ilə təltif olunmuş kənd sakini, fermer Əzimov Sadıx Bəhlul oğlunu təbrik etmiş, mükafatı ona təqdim etmişdir.