Astara rayonunda 2018-ci ilin nəticələri müzakirə olunmuşdur.
Fevralın 6-da rayon İcra hakimiyyətində 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül qoyulmuşdur.
Yığıncaqda geniş hesabatla çıxış edən Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, qeyd etmişdir ki, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövləti ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı uzaqgörən daxili və xarici siyasəti nəticəsində yüksək inkişaf mərhələsinə çatmışdır.
2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirmişdir. İctimai-siyasi vəziyyətin sabit olduğu Azərbaycanda ötən ildə qarşıda duran vəzifələr həllini tapmış, regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqramı uğurla başa çatmış, ölkəmizin dinamik inkişafı təmin edilərək beynəlxalq mövqeləri daha da möhkəmlənmişdir.
Müsəlman Şərqində ilk demokratik respublikanın qurulmasının 100 illiyi münasibətilə “Cümhuriyyət ili” kimi qeyd etdiyimiz 2018-ci il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatındakı hadisələrin əhəmiyyəti və zənginliyi baxımından uğurlu bir il olmuşdur. Yola saldığımız ilin ən əlamətdar hadisəsi aprel ayında keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamlı və parlaq qələbəsi olmuşdur. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki dönməz sabitliyə və təhlükəsizliyə, davamlı inkişafa, tərəqqiyə və firavan gələcəyə aparan, son 15 ildə özünü təsdiq etmiş uğurlu iqtisadi və sosial kursun davam etməsinə növbəti dəfə tam dəstəyini ifadə etmişdir.
Ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dövləti ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı uzaqgörən siyasəti nəticəsində özünün çiçəklənən dövrünü yaşayır. Siyasi sabitlik və davamlı iqtisadi inkişaf sayəsində Azərbaycan Respublikasının regionda getdikcə güclənməsi, bütün sahələrdə sürətli inkişafın davam etməsi, ölkənin hər yerində tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə, sənaye sahələri və kənd təsərrüfatının yüksəlməsinə, əhalinin sosial, mədəni-məişət şəraitinin yaxşılaşdırılmasına böyük imkanlar yaradır.
Natiq qeyd etmişdir ki, 2018-ci il ərzində rayonumuzda da bütün sahələrdə nailiyyətlər qazanılmışdır. Yerli gəlirlər 122 %, yerli xərclər isə 5 milyon 970 min manat olmaqla 95 % icra olunmuşdur. İqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi dəyəri 204 milyon manat, əhalinin hər bir nəfəri üçün 1880 manat təşkil etmişdir. Son illərdə rayonda 14700 yeni iş yeri açılmış, bunun da 10355-dən çoxu daimi iş yerləridir. İl ərzində rayonda 1900 yeni iş yeri açılmışdır.
2018-ci ilin əlamətdar hadisəsi möhtərəm Prezidentimizin rayonumuza səfəri olmuşdur. Səfər zamanı dövlət başçısı Xanbulançaydan Astara şəhərinə çəkilən içməli su xəttinin açılışını edərək müasir memarlıq üslubunda tikilmiş dənizkənarı park-bulvar kompleksində yaradılan şəraitlə yaxından tanış olmuş, görülən işlərə yüksək qiymət vermişdir. Prezident İlham Əliyevin ictimaiyyətin nümayəndələri ilə keçirdiyi səmimi görüş zamanı Astara və astaralılar haqqında dediyi xoş sözlər hər birimizin qəlbini fərəh hissi ilə doldurur.
Hesabat ilində rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilmişdir. Park-bulvar kompleksinin ərazisi genişləndirilərək 18 hektara çatdırılmış, insanların mədəni istirahəti üçün hər cür şərait yaradılmışdır. Astara şəhərinə 29 km məsafədə çəkilən magistral su kəmərindən gələcəkdə qəsəbə və kəndlərimizin su təchizatının yaxşılaşdırılması məqsədilə çıxışlar verilmişdir. Layihə üzrə Astara şəhərində 109 km içməli su şəbəkəsindən bütün abunəçilərə ev birləşməsi verilərək 4300 ədəd su sayğacı quraşdırılmış, rayon Sukanal sahəsi üçün yeni bina tikilərək istifadəyə verilmişdir.
Möhtərəm Prezidentimizin müvafiq Sərəncamına əsasən Taxtanəkəran-Toradi, Taxtanəkəran-Miki və Ojakəran-Təngərüd avtomobil yolu tikilərək istismara verilmişdir.
Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisinə, Astaraçay və Pensərçayda sahilbərkitmə işlərinə başlanılmış, hazırda bu istiqamətdə işlər davam etdirilir.
Cənab Prezidentin səfərdən sonra Astarada sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması, Astara şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin və Astara çayı üzərində körpünün tikintisi məqsədilə müvafiq Sərəncamlar imzalaması bizi çox sevindirir. Bütün astaralılar adından bizə sabitlik və inkişaf yolu bəxş edən Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bu yüksək diqqət və qayğıya görə hədsiz minnətdarlığımızı bildiririk.
Astara şəhəri və Kijabə qəsəbəsində ictimai mənzil fonduna daxil olan bir neçə yaşayış binasının dam örtükləri dəyişdirilmiş, fasad və bloklarında təmir işləri görülmüş, şəhər və qəsəbədə yeni işıqlandırma sistemi yaradılmışdır.
Yaşayış məntəqələrinin qazlaşdırılması ilə əlaqədar tədbirlərin davamı olaraq Rinə kəndinin qazlaşdırılması başa çatdırılmışdır. Hazırda qazlaşdırma 86 %- dir. Ümumilikdə rayonda il ərzində 381 ev təsərrüfatı qazlaşdırılmış, quraşdırılmış sayğacların ümumi sayı 17300-ə çatdırılmışdır. Buna baxmayaraq Astara Qaz İstismar İdarəsinin rəhbərliyi yerlərdə təbii qazdan istifadə qaydaları və istismar təhlükəsizliyi ilə bağlı əhali arasında zəruri maarifləndirmə işi aparmadığından bəzi hallarda bədbəxt hadisələrin baş verməsinə səbəb olur.
İstehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Bir neçə ərazidə istismar müddəti başa çatmış transformatorlar, köhnəlmiş dayaqlar və naqillər yeniləri ilə əvəz edilmiş, Astara şəhəri, Ərçivan qəsəbəsi, Şahağac, Pensər, Suparibağ, Səncərədi və Maşxan kəndlərində 2 min ədəd SMART tipli sayğac quraşdırılmışdır. Görülmüş işlərə baxmayaraq elektrik şəbəkəsinin fəaliyyətində hələ də müəyyən problemlər qalmaqdadır. Elektrik dirəklərinin dəyişdirilməsi və digər nasazlıqların aradan qaldırılması zamanı, həmçinin qeyri-sabit havalarda ərazilərdə enerji verilişində tez-tez və uzunmüddətli fasilələr yaranır. Bu kimi hallar vətəndaşlarda narazılıq yaratmaqla enerji haqlarının yığımına mənfi təsir göstərir.
Rayon Elektrik Şəbəkəsi və Astara Qaz İstismar Sahəsinin qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirməli, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsindən ötrü işini daha səmərəli qurmaqla qarşıya qoyulan vəzifələrin icrasına nail olmalıdır.
Rayon Telekommunikasiya Qovşağı tərəfindən əhaliyə göstərilən rabitə xidmətinin həcmi 880 min manat təşkil etmiş, bu da ötən illə müqayisədə 73 min manat çox olmuşdur. Buna baxmayaraq qovşaqda genişzolaqlı internet xidmətləri layihəsi əsasında xətt şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər ləng həyata keçirildiyindən sabit telefon xətti çəkmək üçün müraciət edən vətəndaşların haqlı narazılığına səbəb olmaqla sakinlərin rabitə və internet xidmətlərindən istifadə imkanlarını məhdudlaşdırır. Telekommunikasiya Qovşağının rəhbərliyi istismar müddəti başa çatmış rabitə dirəkləri və naqillərin yenilənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirməlidir. Rayonun Züngüləş kəndinə rabitə xəttinin çəkilməsi, Alaşa, Deqədi, Motlayataq və Toradi kəndlərindəki mövcud problemlərin aradan qaldırılması, əhalinin rabitə və internet xidmətinə olan tələbatını ödəmək məqsədilə ATS-lərdə nömrə tutumunu artırmaq üçün təxirəsalınmaz işlər görməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin 13 milyon 670 min manat olan proqnoz planı müəssisə tərəfindən tam icra edilmişdir. Şöbədə il ərzində sosial müavinət alanların sayı 5610, pensiyaçıların sayı 11778 nəfər, ünvanlı sosial yardım alan ailələrin sayı 218 olmuşdur.
Rayon Məşğulluq Mərkəzində 2018-ci il ərzində 1360 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınmışdır. Qeydiyyata alınanların 820 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuş, 2 nəfər işaxtaran vətəndaşa işsizlik statusu verilmişdir. Ailə biznesini genişləndirmək məqsədi ilə aztəminatlı ailələrdən olan işaxtaran və işsiz vətəndaşlardan 93 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilmiş, onlardan 86 nəfər aktivlərlə təmin olunmuşdur.
İl ərzində rayon Suvarma Sistemləri İdarəsi tərəfindən 100 min paqonometrə yaxın müxtəlif ölçülü kanallarda təmir-bərpa işləri görülmüş, suvarma suyunu itkisiz su tələbatçılarına çatdırmaq üçün arxlar qazılaraq istismara verilmişdir. Dövlət Proqramında nəzərdə tutulmuş 1 ədəd subartezian quyusu qazılmış və bu istiqamətdə işlər davam edir. Görülən tədbirlər nəticəsində rayonda aparılan əkin sahələrində, xüsusən çəltik, çay və sitrus bağlarında xırda problemlər nəzərə alınmazsa su çatışmazlığı əsasən müşahidə edilməmişdir. Suvarma Sistemləri İdarəsinin rəhbərliyi suya olan tələbatın ödənilməsindən ötrü məqsədyönlü işlər görməli, fermer və məhsul istehsalçıları tərəfindən əkilmiş sahələrin suvarma suyu ilə tam təmin olunmasına nail olmalıdır.
Rayon ərazisində yaşıllıqların salınması, meşə zolaqlarında yeni tinglərin əkilməsinə diqqəti artırmış, keçən illərdə salınmış meşə əkinlərində və aqromeyvə bağlarında 1160 hektarda xidməti işlər, 700 hektarda suvarma işləri həyata keçirilmişdir. 650 kub metr odun yanacağı tədarük edilərək ümumtəhsil məktəblərinə, xəstəxanalara, hərbi hissələrə, şəhid, əlil və kimsəsiz ailələrə verilmişdir. Rayon meşəbəyliyi meşələrin qorunub mühafizə olunması, qanunsuz zəbtlər və meşə qırıntılarının qarşısını almaqla yanaşı dövlət meşə fondundan icarəyə torpaq götürmüş icarədarların həmin torpaqlardan müqavilə şərtlərinə uyğun səmərəli istifadəsinə nəzarəti artırmalıdırlar.
Yaşıllıq aksiyası çərçivəsində şəhərin küçə və parklarında, qəsəbə və kəndlərdə minlərlə meyvə və dekorativ ağaclar əkilərək yaşıllıq sahələri xeyli genişləndirilmişdir.
Rayonda fəaliyyət göstərən 63 ümumtəhsil məktəbində 2017-2018-ci ildə tədris prosesinə ümumilikdə 17455 şagird cəlb edilmişdir. Onların təlim tərbiyəsi ilə 1770 müəllim məşğul olmuşdur. Ümumtəhsil məktəbləri və məktəbəqədər tədris müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində rayonun Bala Şahağac kənd orta, Siyatük kənd ibtidai məktəbinin, Səncərədi kənd uşaq bağçasının tikintisi başa çatdırılmış, 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi üçün inşa edilən yeni binanın tikintisi davam etdirilir. Şəmətük kənd ibtidai məktəbi üçün 20 şagird yerlik modul tipli məktəbin tikintisinə başlanılmışdır. Həmçinin , Astara şəhər 5, Ərçivan qəsəbə 1, Şiyəkəran kənd 1 saylı və Təngərüd kənd tam orta məktəblərinin tədris binaları cari təmir edilmişdir.
Təhsil müəssisələrin maddi-texniki, tədris bazasının yaxşılaşdırılması və ixtisaslı kadrların sayının artması nəticəsində rayonda təhsilin keyfiyyəti yüksəlmiş, şagirdlərin nailiyyətləri daha da artmışdır. Rayonun ümumtəhsil məktəblərinin XI sinifləri bitirən 756 nəfər məzundan 247 nəfər respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşlar. Onlardan 25 nəfəri 500-dən, 7 nəfəri isə 600-dən yüksək bal toplamışdır. Respublikanın müxtəlif orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərimizin sayı 155 nəfər olmuşdur.
Ölkə başçısının tapşırığına əsasən Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, müstəqillik illərində sürətli sosial-iqtisadi inkişafının öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” devizi altında rayonun yuxarı sinif şagirdləri Respublikanın rayonlarında səfərdə olmuş, digər bölgələrdən gələn şagirdlər isə rayonumuzun görməli yerləri ilə tanış edilmişlər.
Hesabat ilində dövlət bayramları, əlamətdar günlər və görkəmli şəxslərin yubiley tədbirlərinin keçirilməsinə nail olunmuşdur. Xalqımızın ümummilli lideri, Heydər Əliyevin 95 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilmiş, mədəni-maarif müəssisələrində elmi-praktiki konfranslar, seminarlar, intellektual oyunlar, inşa, rəsm müsabiqələri və idman yarışları təşkil edilmişdir. Heydər Əliyev Mərkəzi və təhsil müəssisələrində ulu öndərin şərəfli ömür yolu və cümhuriyyətimizin şanlı tarixi ilə bağlı dərslər tədris edilmişdir.
Prezident yanında Bilik Fondunun əməkdaşlarının iştirakı ilə Heydər Əliyev Mərkəzi və Astara Bilik evində gənclərə milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik tərbiyəsinin aşılanması mövzularında vaxtaşırı tədbirlər keçirilmiş, burada yeniyetmə və gənclərin iştirakı təmin edilmişdir.
Rayon əhalisinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Bir neçə səhiyyə müəssisəsi cari təmir edilmiş, Pensər kənd sahə xəstəxanasında əsaslı təmir işləri davam edir.
Cənab Prezidentin göstərişinə əsasən fevral-may aylarında rayon Mərkəzi Xəstəxanasında və yerlərdəki tibb müəssisələrində keçirilən əhalinin tibbi müayinəsi ənənəvi hal almışdır. Bu sağlamlıq aksiyasından 80 mindən çox insan yararlanmış, müayinə zamanı xəstəlik aşkar edilmiş şəxslər müalicə üçün mərkəzi xəstəxanaya və respublikanın digər müalicə mərkəzlərinə cəlb edilmişlər.
İlk dəfə olaraq Zərifə Əliyeva adına Milli Oftalmologiya İnstitutunun yüksək ixtisaslı həkim briqadası rayona dəvət edilmişdir. Səyyar qatarda 700 vətəndaş müayinə edilmiş, 19 xəstə üzərində müxtəlif həcmli əməliyyatlar icra edilmiş, 30 xəstə Masallı rayonunda, 100-ə yaxın xəstə isə Bakı şəhərində əməliyyata dəvət olunmuşlar.
Müasir tibbi avadanlıqlarla təchiz olunmasına baxmayaraq Mərkəzi Xəstəxanada həkim və digər ixtisaslı tibb personalının çatışmaması narahatçılıq doğuran məsələlərdəndir.
Aparılan quruculuq abadlıq işləri rayonda turizmin inkişafı üçün daha geniş imkanlar açmışdır. Dəniz sahilində müasir tələblərə cavab verən park-bulvar kompleksinin salınması, ucqar dağ kəndlərinə gedən yolların asfaltlaşdırılması rayona gələn turistlərin sayını xeyli artırmışdır. Ələt-Astara avtomobil yolunun istifadəyə verilməsi ilə Astara rayonu ilə Bakı şəhəri arasındakı məsafənin 40 km azalması, vaxt itkisi olmadan gediş-gəlişin rahatlaşması ilə yanaşı daha çox turist axınına səbəb olmuşdur. Ötən illə müqayisədə rayona gələn turistlərin sayı iki dəfə artmışdır.
Noyabrın 27-də ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların çoxsaylı nümayəndələri rayonumuza səfər etmiş, cənub bölgəsində həyata keçirilən sosial-iqtisadi layihələr, habelə rayonumuzun füsunkar təbiəti və turizm imkanları ilə tanış olmuşlar.
Cənab Prezidentin müvafiq Sərəncamı ilə Bakı-Astara dəmir yol xəttinin yeni salınmış avtomobil yoluna paralel çəkilməsi rayonun dəniz sahili boyunca geniş bir ərazinin dəmir yol xəttindən azad olunaraq, müasir yaşayış kompleksinin, mehmanxana, hotel və digər turizm infrastrukturlarının inşa edilməsinə və müasir tipli istirahət zonasının yaradılmasına imkanlar açacaqdır.
Dövlət Gənclər Siyasətinin ən vacib istiqaməti olan vətənpərvərlik tərbiyəsinin, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin aşılanması və gənclərin sosial rifahının gücləndirilməsinə istiqamətlənən gənclər siyasəti rayonumuzda da daim diqqətdə olmuşdur. İstedadlı gənclərin üzə çıxarılması, rəhbər vəzifələrinə irəli çəkilməsi, peşəkarlıq səviyyəsinin artırılması istiqamətində də addımlar atılır.
Rayonda ideoloji, ictimai-siyasi, qeyri-hökumət təşkilatları və siyasi partiyalarla işin təşkili də diqqətdə olmuşdur. Dini durum nəzarətdə saxlanılmış, sabitliyin qorunması təmin edilmişdir. 2018-ci il ərzində çağırışa cəlb olunmuş 471 nəfər həqiqi hərbi xidmətə göndərilmiş, yayınma halları müşahidə olunmamışdır.
Rayonda ictimai asayişin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində xeyli iş görülmüşdür. Xüsusilə, narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həyata keçirilən tədbirlər təqdirəlayiq hesab edilməlidir. Rayonun hüquq mühafizə orqanları asayişin qorunması, cinayətkarlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni daha da gücləndirməli, təsirli tədbirlərin həyata keçirilməsindən ötrü bütün imkanlarını səfərbər etməlidir.
Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar Asan Xidməti il ərzində 2 dəfə, Səyyar Asan Qatar isə 1 dəfə rayonda olmuş və 90 gün müddətində 14 min nəfərə yaxın vətəndaşa müxtəlif fəaliyyət növləri üzrə xidmətlər göstərilmişdir.
Ölkədə İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmışdır.
Azərbaycan Respublikasının Prezidentinin çəltikçiliyin, çayçılığın və sitrus meyvəçiliyinin inkişafına dair Dövlət Proqram” larının təsdiq edilməsi haqqında imzaladığı Sərəncamlar qeyd edilən sahələrin inkişafı üçün böyük imkanlar yaratmışdır. 2018-ci ildə çəltik əkini aparılmış 450 hektar sahədən 1660 ton çəltik yığılmış, məhsuldarlıq 37 sentner olmuşdur. İstehsal edilən çəltiyin müasir standartlara uyğun emalı, çeşidlənməsi və qablaşdırılması məqsədilə Ərçivan qəsəbəsində gündəlik istehsal gücü 40 ton olan çəltik emalı zavodunun tikintisinə başlanmışdır.
Rayonda mövcud 192 hektar məhsuldar çay plantasiyalarından ümumilikdə 530 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilmişdir. Sevindirici haldır ki, rayonda istehsal edilən çay məhsulu xarici bazarlarda da yerini tapmaqdadır.
Son illər 715 hektarda yeni sitrus meyvə ağacları əkilmiş, meyvə bağlarının ümumi sahəsi 3830 hektara çatdırılmışdır. Bu işlərin görülməsinə 3400 nəfərdən çox işçi qüvvəsi cəlb olunmuşdur. Sitrus və subtropik meyvə bağlarından 41 min ton məhsul tədarük edilmişdir.
Hazırda sitrusçuluğun inkişaf etdiyi ölkələrin təcrübəsi öyrənilərək müasir üsullardan istifadə edilir. Bu məqsədlə subtropik meyvəçiliyinin rayonda daha yaxşı inkişaf etdirilməsi üçün, sitrus bağlarının yerli iqlim şəraitinə uyğun, yeni texnologiya əsasında əkilməsindən ötrü mütəxəssislərin iştirakı ilə maarifləndirici tədbirlər davam etmişdir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən nümayəndə heyətimiz oktyabr ayında Türkiyənin Adana və Hatay şəhərlərində olmuş, burada intensiv sitrus bağlarının salınması, tingçilik təsərrüfatlarının yaradılması, müasir qulluq qaydaları ilə bağlı mütəxəssislərin təcrübələrini öyrənmişdir.
Ötən il rayonumuz üçün ənənəvi olmayan fındıqçılıq sahəsinin yaradılması ilə bağlı ilk addımlar atılmış, şəxsi və meşə fondu torpaqlarında ümumilikdə 14500 ədəd fındıq tingi əkilmişdir.
Heyvandarlıq, quşçuluq və arıçılıq sahələrinin inkişafı ilə əlaqədar fermerlər və fərdi təsərrüfat sahibləri tərəfindən müəyyən tədbirlər həyata keçirilmiş, heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiya verilməsi təmin edilmişdir. İl ərzində 350 tona yaxın bal və digər arıçılıq məhsulu istehsal edilərək bazar və yarmarkalarda satışı həyata keçirilmişdir.
Hesabat ilində ümumilikdə 1120 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 230 min manat subsidiya verilməsi təmin edilmişdir.
Ötən il ilk dəfə olaraq rayonumuzda barama istehsalına başlanılmışdır. Kümçülərə paylanmış barama qurdundan 770 kq yaş barama tədarük olunaraq Şəki İpək Kombinatına təhvil verilmişdir. 2018-ci ildə rayonun ayrı-ayrı yaşayış məntəqələrində 10 min ədəd yeni tut tingi gətirilərək əkilmiş, tut tinglərinin ümumi sayı 32 minə çatdırılmışdır.
Vətəndaşların qəbulu, ərizə və şikayətlərin obyektiv araşdırılmasına diqqət artırılmış, qaldırılan məsələlərin vaxtında həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Rayon İcra hakimiyyətində qeydə alınmış ərizə və şikayətlərin araşdırılması və həllinə həssaslıqla yanaşılmışdır. Ayrı-ayrı yaşayış məntəqələrində 39 səyyar qəbul keçirilmiş, vətəndaşların müraciətləri əsasında qaldırılan məsələlər yerində həllini tapmışdır. Görülən işlər nəticəsində keçən illə müqayisədə ərizə və şikayətlərin sayı xeyli azalmışdır.
2019-cu ildə qarşıda bizi daha mühüm işlər gözləyir. Astara şəhəri, qəsəbə və kəndlərdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, yaşayış məntəqələrinə içməli suyun verilməsi, yeni suvarma mənbələrinin yaradılması, kəndlərarası avtomobil yollarının asfaltlaşdırılması, səhiyyə müəssisələri və ümumtəhsil məktəbləri üçün yeni binaların tikintisi və əsaslı təmiri, rayonun elektrik təsərrüfatının yenidən qurulması işinin və qazlaşdırmanın davam etdirilməsi və bir çox sosial əhəmiyyətli məsələlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şəraitdən səmərəli istifadə etməli, 2019-cu ildə rayonumuzda kənd təsərrüfatının bütün sahələrinin geniş şəkildə inkişafının təmin olunması, turizm imkanlarının təbliği və investorların cəlb edilməsi ilə əlaqədar əməli tədbirlər görməliyik.
İcazə verin bütün astaralılar adından möhtərəm cənab Prezident İlham Əliyevi əmin edim ki, xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyi bütün işlərdə ona daim dəstək olacaq, tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcək, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılması, rayonumuzun hərtərəfli inkişafı üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərimizi artıracağıq.
İcra başçısı rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinə yaşayış məntəqələrində, təsərrüfatlarda əhali ilə sıx təmasda olmaq, onları narahat edən problemlərin, haqlı tələblərin öyrənilərək operativ həlli üçün tədbirlər həyata keçirmək barədə tapşırıqlarını vermiş, vətəndaşların qayğı və problemlərinə həssaslıqla yanaşılması, qaldırılan məsələlərin, aidiyyəti təşkilatlara operativ çatdırılmasını bir vəzifə olaraq tapşırmışdır.
Rayon Polis şöbəsinin rəisi Azər Cahangirov, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov, Maliyyə idarəsinin rəisi Cavid Abbasov, DSMF rayon şöbəsinin müdiri Uğur Qurbanzadə, Əhalinin Məşğulluq Mərkəzinin direktoru Ramin Şiriyev, fermer təsərrüfatının rəhbəri Mirzəbala Salayev, Kijəbə qəsəbə sakini Ziyadəli Əliyev, şəhər sakini Adil Rzayev, Miki kənd sakini Xanağa Hüseynov, Astara Pedaqoji kollecin gənc müəllimi Şəbnəm Abdullazadə və başqaları tədbirdə çıxış etmiş, Ulu Öndər Heydər Əliyevin layiqli varisi ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən, çiçəklənən, müstəqil dövlətimizin qazandığı nailiyyətlərindən qürur duyduqlarını vurğulamış, ölkəmizin daha da inkişafı naminə ölkə rəhbəri ətrafında hər an sıx birləşdiklərini söyləmişlər.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü Rəşad Mahmudov, Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev hesabat yığıncağında çıxış etmişlər.
Sonda yığıncağın qətnaməsi qəbul edilmiş, iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.