Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş tədbir

28 mart 2019 | 16:00

28 mart tarixində Astara rayonunda Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri tədbirdə iştirak etmişlər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq ulu öndərin əziz xatirəsi ehtiramla yad edilmişdir. 

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək  Azərbaycanda təhlükəsizlik orqanlarının fəaliyyətinin ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbində təhsil almış,  1944–cü ildən 1969-cu ilə kimi Dövlət təhlükəsizliyi orqanlarında müxtəlif sahələr üzrə 25 il çalışmışdır.

Heydər Əliyev 1953-cü ildən 1964-cü ilə qədər Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi vəzifəsində işləmiş, 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunmuşdur. O, 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunaraq, ona  general-mayor rütbəsi verilmişdir. Heydər Əliyev bu vəzifəyə təyin olunan və bu sahədə general rütbəsi alan ilk azərbaycanlı idi.

  Natiq qeyd etmişdir ki, Sovet dönəmində, və müstəqillik illərində Azərbaycan təhlükəsizlik orqanlarının ölkəmizin milli maraqlarına xidmət edən qurum kimi formalaşmasında, kadr potensialının azərbaycanlaşdırılmasında və gücləndirilməsində Heydər Əliyevin böyük rolu, misilsiz xidmətləri olmuş və onun adı Azərbaycan təhlükəsizlik orqanlarının tarixinə əbədi həkk olmuşdur.

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dövlət Təhlükəsizlik Komitəsinin əsasında Milli Təhlükəsizlik Nazirliyi təsis edilmişdir. Lakin, bu mühüm sahənin təkmilləşməsinə Ulu Öndərin hakimiyyətə gəlişindən sonra başlanmışdır.

Dahi rəhbər Azərbaycanın milli təhlükəsizlik siyasətinin aparıcı istiqamətlərini işləyib hazırlamış, Azərbaycan xüsusi xidmət orqanları qarşısında duran taleyüklü vəzifələri müəyyənləşdirmiş, bir sözlə Azərbaycanın təhlükəsizlik strategiyasını formalaşdıraraq onun əməli surətdə həyata keçirilməsi üçün konkret istiqamətləri müəyyənləşdirmişdir. 

Ümummilli liderimizin dövlətimizin daha da möhkəmləndirilməsi, təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müəyyən etdiyi strateji xətt bu gün onun layiqli davamçısı, möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun bariz nümunəsi kimi dövlətimizin başçısının Azərbaycanın təhlükəsizlik orqanlarında həyata keçirdiyi köklü islahatlar, əsaslı kadr dəyişikliyini göstərmək kifayətdir.     

Cənab Prezidentin imzaladığı 14 dekabr 2015-ci il tarixli Fərmanla xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmışdır. 

Xalqımızın qanı bahasına qazanılan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində Dövlət Təhlükəsizliyi Xidmətinin rolu böyükdür. Ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Heydər Əliyev ənənələrinin, amallarının yaşadılması Azərbaycanın təhlükəsizlik strukturunun ən başlıca uğuru və hazırda fəaliyyətinin vacib prinsipidir. Azərbaycanda sabitliyin, dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyinin qorunması, Ermənistanın işğal etdiyi ərazilərin azad olunması, Azərbaycan Respublikasının hərtərəfli inkişaf etdirilməsi qarşıya qoyulan əsas vəzifələrdir.  

  Sevindirici haldır ki, Ulu Öndərin layiqli davamçısı möhtərəm cənab Prezident İlham Əliyevin müdrik, inamlı və son dərəcə cəsarətli siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik dönməz xarakter almışdır. Azərbaycan bütün sahələrdə dinamik sürətlə inkişaf edir, Vətənimizin siyasi-iqtisadi nüfuzu və mövqeyi dünyada ildən-ilə möhkəmlənir.

Fəxrlə deyə bilərik ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti xalqın maraqlarının və təhlükəsizliyinin etibarlı qorunması istiqamətində həyata keçirdiyi fəaliyyəti ilə öz yeni tarixinin şanlı səhifələrini yazır.

Tədbirdə Dövlət Təhlükəsizlik Xidməti Astara rayon şöbəsinin rəis əvəzi Mübariz İsayev, rayon veteranlar Şurasının sədri Rafiq Əliyev və başqaları çıxış etmişlər.

Sonda İcra başçısı Qəzənfər Ağayev Dövlət Təhlükəsizlik Xidməti tərəfindən təltif olunan rayon təhlükəsiz xidməti əməkdaşlarına  “Yubiley medalı”nı təqdim etmiş, peşə bayramları münasibəti ilə onları bir daha təbrik edərək, çətin və şərəfli işlərində uğur diləmiş, xoş arzularını bildirmişdir.

Keçidlər