Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Astarada
Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi cənub bölgəsinə səfəri çərçivəsində aprelin 15-də Astara rayonunda olmuşdur.
Astara rayon İcra hakimiyyətində keçirilən görüşdə icra başçısı Qəzənfər Ağayev rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə ətraflı məlumat vermişdir. Son illər həyata keçirilən layihələrlə bütün ölkədə olduğu kimi Astarada da çoxlu quruculuq-abadlıq işlərinin aparıldığını, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Astarada dənizlə dağ landşaftının bir-birini tamamlaması, ərazinin zəngin flora və faunaya, müalicəvi əhəmiyyətli mineral və termal sulara malik olması, burada özəl sektorun, xüsusilə turizmin inkişaf etdirilməsi üçün sahibkarlara geniş imkanlar yaradır. Dövlətimiz bunları dəyərləndirərək gəlirli bir sahə olan turizmin inkişafı üçün ardıcıl tədbirlər həyata keçirir. Yol infrastrukturunun ən müasir şəkildə yeniləşdirilməsi Lənkəran hava limanından Astara şəhərinə məsafəni xeyli qısaltmaqla gediş-gəlişi əhəmiyyətli dərəcədə asanlaşdırmışdır.
Asiya-Avropa ölkələrini birləşdirən “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsi ilə ölkələr arasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edən tərəflər turizm və kənd təsərrüfatı sahəsində əməkdaşlığın faydalı olacağını vurğulamışlar. Eyni zamanda rayonun gələcək sosial-iqtisadi inkişafından ötrü xarici investorlar üçün mövcud əlverişli şərait barədə fikir mübadiləsi aparılmışdır.
Səfir Azərbaycan Respublikasının sürətli inkişafını yüksək qiymətləndirərək, əlverişli coğrafi mövqeyə, zəngin təbii resurlara malik ölkənin bundan sonra daha da irəli gedəcəyinin şübhə doğurmadığını vurğulamışdır. Qeyd etmişdir ki, ölkələrimiz arasındakı əlaqələr müəyyən tarixi köklərə bağlıdır. Hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində başlanan siyasi-iqtisadi əlaqələrin cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sevindiricidir.
Ölkənizin hər yerində olduğu kimi, cənub rayonu olan Astarada aparılan abadlıq işləri şəhərin, bütövlükdə rayonun gözəlliyini daha da artırmışdır. Bir turizm məkanı kimi tarixi və təbiət abidələri ilə zəngin olan rayonunuza subtropik və sitrus meyvə bağları, çay plantasiyaları xüsusi yaraşıq verir.
İcra başçısı qeyd etmişdir ki, ölkələr arasında qurulan mədəni-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, xalqları bir-birinə yaxınlaşdırmaqla hər iki ölkəyə və vətəndaşlara böyük fayda verər.
Səfir Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksi, “Astaraçay” MMC-nin çay emalı zavodu və rayonun füsunkar təbiəti ilə tanış olmuşdur.