Asxanakəran kəndində əhali ilə səyyar qəbul və görüş
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin ucqar dağ kəndlərindən olan Asxanakəran kəndinin əhalisi ilə keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
İcra başçısı görüş iştirakçılarını salamlayaraq, bildirmişdir ki, Asxanakəran və qonşu kəndlərdə vaxtaşırı görüşlərimiz artıq ənənə halını almışdır. Bu gün növbəti dəfə sizinlə görüşərək problemlərlə yerində tanış olub, həllinə köməklik etmək məqsədilə gəlmişik. Buyurun təkliflərinizi verə bilərsiniz.
Kənd sakinlərindən Osmanağa Rüstəmov, Nurməmməd Teymurov, Şirməmməd Fərəcov, Rəşid Şahbazov, Qulamhüseyn Qulamov, Azad Rüstəmov və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin son aylarda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə cənab Prezidentə hədsiz minnətdarlıq ifadə etmişlər. Ölkədə və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan yüksək nailiyyətlərdən bəhs edərək görülən quruculuq, abadlıq işlərini ürəkdən alqışlamışlar. İcra başçısına əhali ilə tez-tez görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürlərini bildirmişlər.
Sakinlər görülən işlərlə yanaşı kənddəki çay üzərində körpünün qoyulması, kənd sahə xəstəxanası üçün yeni binanın tikintisi, odun yanacağının tədarükünə icazənin verilməsi, Əzərüd kənd yolunun asfaltlaşdırılması, Taxtanakəran-Toradi yolunda çökən hissələrin təmiri, kənd cavanlarının özünüməşğulluq layihəsinə qoşulmasına köməklik göstərilməsi və s. barədə təkliflər də vermişlər.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinlərlə səmimi və işgüzar görüşdən razılığını bildirmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcəyini diqqətə çatdırmışdır.
Sakinlərin kənddən keçən çay üzərindəki körpünün yenisi ilə əvəz edilməsi təklifinə münasibət bildirərək Motlayataqdakı istifadəsiz körpünün icra nümayəndəsi, bələdiyyə və əhalinin köməyi ilə sökülərək materiallarından istifadə edilməsini tövsiyə etmiş, bu işdə lazımi köməklik göstəriləcəyini bildirmişdir.
Qeyd etmişdir ki, nümayəndəlik çətin relyefə malik dağlıq ərazidə yerləşdiyindən təbii ki, problemlər də olur. Ancaq cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsait hesabına son illər təkcə Asxanakəranda deyil, Hamoşam və Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində də misli görünməmiş işlər görülüb. Bunlardan ən əsası bu dağ kəndlərinə mövcud olduqları tarixi ərzində ilk dəfə olaraq yüksək səviyyəli asfalt yolların çəkilməsidir. Siz də çıxışınızda qeyd etdiniz ki, yol çəkilişindən sonra sakinlərə sanki yeni həyat bəxş edilib. Əvvəllər saatlarla qət edilən yolu indi rayon mərkəzinə qədər bir saata təhlükəsiz və rahatlıqla getmək olur. Bundan başqa bütün məktəblər - Asxanakəran, Motlayataq, Əzərüd və Amboba məktəbləri üçün ən müasir tipli tədris binaları tikilərək istifadəyə verilmişdir.
Bir neçə gün əvvəl cənab Prezidentin rayonun ucqar kəndləri olan Doli, Diqo, Sekəşan kəndlərinə elektrik xəttinin çəkilməsi ilə əlaqədar imzaladığı Sərəncamı isə minlərlə vətəndaşımızın illərdən bəri mövcud olan böyük bir probleminin həllinə son qoyulması deməkdir. Bu diqqət və qayğıya görə bütün astaralılar adından möhtərəm cənab Prezidentə minnətdarlığımızı bildiririk.
İllərlə əhalinin əziyyət çəkdiyi elektrik xətləri yenidən qurulubdur. Hazırda Motlayataq kəndində həkim məntəqsinin inşasına başlanmışdır. Asxanakəran kənd sahə xəstəxanası üçün də yeni binanın tikintisini planlaşdırırıq. Yaxın zamanlarda bu problem də həllini tapacaqdır.
Kənddə özünüməşğulluq layihəsinə qoşulanların olması sevindiricidir. Dövlətin yaratdığı bu imkanlardan səmərəli şəkildə istifadə olunmalıdır. Bununla hər kəs bacardığı sahəyə uyğun həyat səviyyəsini yaxşılaşdıra bilər.
Bütün Astara gəncləri çalışqandır, vətənpərvərdir, yurda bağlıdırlar. Belə gəncləri yetişdirən valideynlər qarşısında, Vətən uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan övladlarımızın ruhu qarşısında baş əyirəm. Belə igidləri olan Vətən heç vaxt yenilməz.
İcra başçısı Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasətin qısa müddətdə müsbət nəticələr verdiyini qeyd edərək, son aylar cənab Prezident İlham Əliyev tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı qəbul edilən qərarlar, imzalanan çoxsaylı sərəncamlardan bəhs etmişdir. Minimum əmək haqları, bütün növ müavinətlər, pensiyalar, müharibə veteranları, əlilləri, şəhid ailələrinə verilən təqaüdlərin miqdarı əhəmiyyətli dərəcədə artırılmışdır.
Ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanımızın onun siyasi varisi möhtərəm cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti ilə uğurlu inkişafı bizə əsas verir deyək ki, belə tədbirlər bundan sonra da davam edəcəkdir. Bizim üzərimizə düşən əsas vəzifə isə yaradılanları göz bəbəyi kimi qoruyaraq nəsillər üçün saxlamaq, eyni zamanda ölkə rəhbəri ətrafında sıx birləşərək ölkəmizdə bərqərar olan əmin-anmanlığı, sabitliyi qorumaq, bu günkü inkişafa töhfəmizi verməkdən ibarətdir.
İcra başçısı Qəzənfər Ağayev Asxanakəran kənd tam orta məktəbdə tədrislə maraqlanmış, məktəb kollektivi ilə səmimi söhbət edərək tövsiyələrini vermişdir.