Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar elmi-praktiki konfrans keçirilmişdir
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Heydər Əliyev mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan” adlı elmi-praktiki konfrans keçirilmişdir.
Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri tədbirdə iştirak etmişlər.
Konfransı Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev açaraq qeyd etmişdir ki, bu günlər ölkəmizin hər yerində ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin doğum günü böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Ulu Öndərin Azərbaycan xalqı, dövləti və doğma vətənimiz üçün etdiyi mühüm tarixi xidmətlərindən, ümumbəşəri fəaliyyətindən geniş söhbət açılır, xatirəsi əziz tutulur.
Biz də sizinlə Azərbaycanın dövlətçilik tarixinin ən böyük şəxsiyyətlərindən biri olan müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tədbirinə yığışmışıq.
Xalqımızın dahi oğlu Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə qədim Naxçıvan şəhərində dünyaya göz açmışdır. Ötən əsrin qırxıncı illərindən respublika hüquq mühafizə orqanlarında fəaliyyətə başlamış, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə kimi yüksəlmiş, 1969-cu ilə qədər bu vəzifədə çalışmışdır.
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə dahiyanə idarəçilik qabiliyyəti və gərgin zəhməti sayəsində ölkəmiz iqtisadiyyatda, elmdə, mədəniyyətdə, təhsildə - həyatın bütün sahələrində mühüm tərəqqi dövrü yaşamışdır.
1982-1987-ci illərdə Heydər Əliyev Sovetlər birliyində Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksəlmiş, o dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik ona etibar edilmişdir.
1987-ci il oktyabr plenumunda Heydər Əliyev Mixail Qorbaçovun siyasi xəttinə etiraz əlaməti olaraq Siyasi Büronun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa verdi.
Sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciəni törətdiyi ən ağır vaxtda Moskvada yaşayan Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək siyasi bəyanatla çıxış etdi. Ulu Öndər 20 Yanvar faciəsinə öz etirazını bildirməklə sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa etdi.
Xalqın təkidi ilə Azərbaycana qayıdan Heydər Əliyev 1990-cı ilin sentyabr ayında Azərbaycan SSR və Naxçıvan Muxtar Respublikası Ali sovetlərinə deputat seçildi.
Bununla da həyatının daha gərgin, məsuliyyətli və şərəfli dövrü başlandı. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi dövrdə yorulmaz, fədakar fəaliyyət göstərən Heydər Əliyev Naxçıvan parlamentində yalnız muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən qərarların qəbul edilməsinə nail oldu. Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi.
Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyunun 15-dək səriştəsiz rəhbərlərin yarıtmaz fəaliyyəti və apardıqları naşı siyasət nəticəsində müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Xalq faciələrlə üz-üzə dayanmışdı. Ölkəmiz elan olunmamış müharibəyə cəlb edilmiş, Dağlıq Qarabağ və bir sıra ətraf rayonlar düşmən tərəfindən işğal edilmişdi. Soydaşlarımız doğma yurd-yuvalarından didərgin düşmüş, ölkədə hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı. Belə bir ağır və mürəkkəb dövrdə xalq dahi şəxsiyyət Heydər Əliyevə üz tutaraq, Azərbaycan dövlətini yaranmış fəlakətdən qurtarmaq üçün təkidlə onu xilaskarlıq missiyasını yerinə yetirməyə dəvət etdi. Beləliklə, Ulu Öndər 1993-cü ildən ömrünün sonuna qədər, yəni 2003-cü ilədək memarı və qurucusu olduğu Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir.
Heydər Əliyev Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşmişdir. Ümummilli liderimiz öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyətdir. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycan dövlətçiliyini, həm də bütün bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu öndərimizin qətiyyətli fəaliyyəti, müdrik siyasəti nəticəsində ölkəmizdə qısa müddət ərzində siyasi sabitlik təmin edildi, iqtisadiyyatda və digər sahələrdə böhran aradan qaldırıldı, inkişaf mərhələsi başlandı.
Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən Ulu Öndər Azərbaycanı dünyaya tanıtdırıb. Xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırıbdır.
Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü Müstəqil Azərbaycanımızı yaratmışdır. Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamaqla dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Müasir müstəqil Azərbaycan dövlətinin tərəqqisi Heydər Əliyev ideyalarının təntənəsidir.
Ulu Öndərimizin varisçilik ənənələrinə daim sadiq olan ölkə Prezidentimiz möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir. Heydər Əliyev uzaqgörənliyi ilə əsası qoyulmuş Azərbaycanın parlaq sabahı qaçılmazdır.
Ulu Öndərin müəyyən etdiyi siyasi yolla inkişaf edən Müstəqil Azərbaycanımız inanırıq ki, bundan sonra da ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük nailiyyətlər əldə edəcəkdir.
Ulu Öndərin fəaliyyəti, tarixi xidmətləri respublikanın və rayonumuzun həytında mühüm rolu haqqında Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev, Kijəbə qəsəbə tam orta məktəbin direktoru Təbrizə Rəsulova, Rayon icra hakimiyyətinin məsul işçisi Firəngiz Sadıxova çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmiz üçün möhtəşəm işlər gördüyünü, Astaraya və astaralılara daim diqqət və qayğı göstərdiyini söyləmişlər.
Şəhər 1 saylı tam orta məktəbin şagirdi, Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibəti ilə təşkil olunmuş “Ən yaxşı təqdimat” Respublika müsabiqəsinin qaliblərindən biri Zeynəb Məmmədovanın ulu öndər haqqında maraqlı təqdimat nitqi iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbiri yekunlaşdıraraq qeyd etmişdir ki, Heydər Əliyev həm də xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafını təmin edən siyasi məktəb yadigar qoymuşdur. Müstəqil Azərbaycan dövlətinin bu günkü hərtərəfli inkişafı Heydər Əliyevin illər öncə böyük uzaqgörənliklə hazırladığı konsepsiya əsasında qurulmuşdur.
Bu siyasi məktəbin yetirməsi, Ulu Öndərimizin varisçilik ənənələrinə daim sadiq olan ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir. Heydər Əliyev uzaqgörənliyi ilə əsası qoyulmuş Azərbaycanın parlaq sabahı qaçılmazdır. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Həyata keçirilən mühüm əhəmiyyətli meqa layihələr –TAP, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi və digərləri Azərbaycanın şərqlə qərb arasında nə qədər önəmli rol oynadığına bariz nümunədir. Dəyəri milyardlarla dollar olan “Bir kəmər-bir yol” layihəsinin də ideyası illər öncə tarixi ipək yolunun bərpa edilməsi məqsədilə Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir.
Ulu Öndərin müəyyən etdiyi siyasi yolla inkişaf edən Müstəqil Azərbaycanımız inanırıq ki, bundan sonra da ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük nailiyyətlər əldə edəcəkdir.