Şıxımpeştə kəndində əhali ilə səyyar qəbul və görüş
Asxanakəran inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Şıxımpeştə kəndində 65 təsərrüfatda 250 nəfər əhali yaşayır. Rayon mərkəzindən 40-45 kilometrlik məsafədə, dağlıq ərazidə yerləşən kəndin sakinləri heyvandarlıq, əkinçilik və arıçılıqla məşğul olurlar.
İcra başçısının keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak edirdilər.
İcra başçısı vaxtaşırı keçirdiyi səyyar qəbullarda ucqar dağ kəndlərinin sakinləri ilə görüşə üstünlük verdiyini deyərək, onları narahat edən problemlər üçün məsafə qət etməyə, rayon mərkəzinə gəlməyə ehtiyac olmadığını bildirmişdir. Qeyd etmişdir ki, bir neçə gün əvvəl qonşu Amboba kəndində görüşməyimizə baxmayaraq bu gün yaşadığınız kənddə sizi dinləmək, problemlər barədə təkliflərinizi dinləməyə gəlmişik. Buyurun sizi dinləyirik.
Kənd sakinlərindən Ramiz Gənciyev, Dəmir Dadaşov, Muxtar Bəyəliyev, Vəciyyə Dadaşova, Mirtahir Bəyəliyev, Fayaz Abdullayev, Zəminə Şahbazova və başqaları çıxış edərək möhtərəm cənab Prezidentin sböyük uzaqgörənliklə həyata keçirdiyi daxili və xarici siyasəti nəticəsində müstəqil Azərbaycanımızın gündən-günə inkişaf edərək dünyanın ən güclü dövlətləri ilə müqayisə edilə biləcək bir iqtisadiyyata nail olması, sabit siyasət yürüdən mütərəqqi bi dövlətə çevrilməsindən böyük fəxr və iftixar duyduqlarını bildirmişlər. Cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarını səylə yerinə yetirərək rayonda aparılan abadlıq quruculuq işlərindəki roluna və əhali ilə keçirilən səyyar qəbullarda verilən təkliflərin həllinə göstərdiyi köməkliyə görə icra başçısına dərin təşəkkürlərini bildirmişlər.
Görüş iştirakçıları görülən işlərlə yanaşı modul tipli məktəb binası və tibb məntəqəsinin tikintisi, kəndin yüksəklik əmsalının müəyyən edilməsi, telefon xətti və internetin çəkilməsi, kənd təsərrüfatı texnikasının və odun yanacağının verilməsi, özünəməşğulluq layihəsinin kənddə genişləndirilməsinə köməklik göstərilməsi barədə təkliflər vermişlər.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan məsələlərin həlli ilə əlaqədar tapşırıqlar vermişdir.
Bu gün dövlətimiz özünəməşğulluq layihəsi çərçivəsində yerli şəraitə uyğun xırda təsərrüfatların yaradılmasına yaxından dəstək olur. Bu gün həmin idarənin rəhbərliyi görüşdə iştirak edir. Tapşırıq verirəm elə burada yerindəcə sizi təlimatlandıracaq. Bu çox yaxşı bir layihədir. Sizin kənddə də artıq bundan yararlananlar vardır. Sizi də bu imkanlardan səmərəli istifadə etməyə dəvət edirəm. Əsas odur ki, işləməyə həvəslisiniz, marağınız və istəyiniz var.
Kənd dağlıq ərazidə yerləşdiyindən, qonşu kənd məktəbləri ilə məsafə xeyli uzaq olduğundan ibtidai məktəbə ehtiyac vardır. Modul tipli ibtidai məktəb binasının tikintisinə görə aidiyyəti üzrə müraciət edəcəyik. Olduqca mənzərəli səfalı olan bu kənddə bizi sevindirən hadisə həm də o oldu ki, daha siz yol, işıq barədə deyil, telefon xətti, internet tələbi ilə müraciətlər edirsiniz. Bu da ölkəmizdə gedən inkişaf və tərəqqinin nəticəsidir və bizi sevindirir.
Taxtanakəran-Toradi asfalt yolu istifadəyə veriləndən sonra əhalinin güzəranı xeyli yaxşılaşmışdır. Qonşu kəndlərə və rayon mərkəzinə gediş-gəliş asanlaşmış, rahatlıq təmin edilmişdir. Həmin asfalt yoldan kəndinizə qədər elə bu kəndin yetirməsi olan bir imkanlı sahibkar gənc yol çəkibdir. Mən bu vətənpərvərliyə və xeyirxahlığa görə həmin gəncə və valideynlərinə təşəkkürümü bildirirəm.
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə uğurla inkişaf edir. Əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn dövlət tədbirlərinin miqyası getdikcə genişlənir. Cənab Prezident tərəfindən qəbul edilən qərarlar, imzalanan çoxsaylı sərəncamlarla minimum əmək haqları, bütün növ müavinətlər, pensiyalar, müharibə veteranları, əlilləri, şəhid ailələrinə verilən təqaüdlərin miqdarı əhəmiyyətli dərəcədə artırılmış, problemli kreditlər əhalinin xeyrinə həllini tapmışdır.
İcra başçısı belə tədbirlərin bundan sonra da davam edəcəyini bildirərək, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.
Tədbirdə Prezident Administrasiyasının Ərazi Təşkilat şöbəsinin sektor müdiri Dəyanət Abdullayev iştirak etmişdir.