Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şuvi kənd sakinləri ilə səyyar qəbul və görüşü
Şuvi kəndi rayonun cənub-qərbində dağların ətəyində gözəl təbiəti olan ən səfalı kəndlərdən biridir. Geniş kənd təsərrüfatı sahələri zəhmətkeş insanların qayğısı ilə gündən-günə abadlaşır, gülüstana dönür. Çay plantasiyaları, feyxoa sahələri və sitrus bağları bu yerlərin yaraşığıdır. Doxsanıncı illərdə yararsız hala düşmüş çay sahələri bərpa edilərək yenidən salınır. 100 ha sahədə aparılan bərpa işlərində 500 nəfərdən çox insan çalışır. Bu həm də onların daimi iş yerləridir.
15 may tarixində rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin Şuvi kəndində əhali ilə görüşündə ərazi nümayəndəsi Səfər Abdullayev məlumat verərək qeyd etdi ki, Şuvi inzibati ərazi dairəsi üzrə nümayəndəlik 7 kəndi əhatə edir. Bir bələdiyyəsi var. Ərazidə 1225 təsərrüfatda 4996 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti çayçılıq, sitrusçuluq, heyvandarlıq, arıçılıq və əkinçilikdir.
Görüşdə iştirak edən ictimaiyyət nümayəndələrindən Sərək kənd tam orta məktəbinin direktoru Tərlan Ramazanov məktəb üçün əlavə korpusun tikintisi, Deqədi kənd ümumi orta məktəbinin direktoru Mehdi Məmmədov Ojakəran-Deqədi yolunun əsaslı təmiri və elektrik dirəklərinin yenisi ilə əvəz edilməsi, ağsaqqal Manaf Baxşıyev Ərçivan-Şuvi yolunun asfaltlaşdırılması, kəndə təbii qazın verilməsi, Siyatük kənd sakini, Qarabağ müharibəsi əlili Uğur İbrahimov Şuvi-Siyatük kənd yolunun əsaslı təmiri və qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin təmirinə köməklik edilməsi barədə müraciətlər etmişlər. Şuvi kənd tam orta məktəbinin direktoru Əbülfət Qüdrətov rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevi təbrik etmiş, uğurlar arzulamışdır. Məktəb üçün 480 yerlik yeni məktəb binasının tikintisinə görə bütün kənd sakinləri adından ölkə rəhbərinə minnətdarlıq etmişdir.
Rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev görüşdə çıxış etmiş və bildirmişdir ki, bu sizinlə ilk tanışlıq görüşümüzdür. Qeyd etmək istəyirəm ki, görüşün işgüzar şəraitdə keçməsi, problemlərdən danışmağınız, təkliflər verməyiniz ümumi işimizin xeyrinə olacaqdır. Biz həmin təklifləri cəmləşdirib icrasını nəzarətdə saxlamaqla tədricən həllinə nail olacağıq. Ərazi ilə ilk tanışlıqdan sonra hər şey mənə aydındır. Bu ərazinin ən böyük problemi qeyd olunduğu kimi, yol və qaz problemidir. Bunlar isə bu günün problemi deyil, zaman-zaman həllini tapmayan məsələlərdir. Əsasən kəndin mərkəzinədək olan 4,5 km yolun asfaltlaşdırılmasına ehtiyac var. Bu az məsafə deyil. Biz bunun həlli üçün yollar axtaracağıq.
Təbii qazla əlaqədar deməliyəm ki, ölkə rəhbəri “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı” çərçivəsində bu məsələlərin həlli üçün müntəzəm olaraq göstəriş və sərəncamlar verir. Bunlar tezliklə həllini tapacaqdır. Elektrik dirəklərinin dəyişdirilməsi ilə əlaqədar müraciət olundu. Bu elektrik dirəkləri əslində istismar müddətini başa vurubdur. Bizə bəlli məsələdir. Bununla əlaqədar tapşırıqlar vermişəm. İlk növbədə qəzalı vəziyyətdə olan dirəklər dəyişdiriləcəkdir. Elektrik təsərrüfatının tam yeniləşməsi ilə əlaqədar Azərenerji qarşısında məsələ qaldırılıb.
Qarabağ müharibəsi əlilinin ev məsələsi ilə əlaqədar araşdırma aparılacaq. Əlavə olaraq bildirirəm ki, Qarabağ əlilləri üçün rayon mərkəzində 16 mənzilli yaşayış binası tikilib istifadəyə hazırdır. Gələn il üçün 32 mənzilli daha bir binanın tikintisi nəzərdə tutulub.
Çox sevindiricidir ki, ərazidə çayçılığın bərpasına başlanıb. Bu təsərrüfatlarda 500 nəfərin daimi işlə təmin olunması böyük məsələdir. İşgüzarlığı daha da artırmaq, bu istiqamətdə işləri davam etdirmək lazımdır.
Müstəqil dövlətimiz artıq dünyanın inkişaf etmiş dövlətləri sırasına inteqrasiya etmişdir. Bu, əlbəttə Ulu Öndərimiz Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasətinin bəhrəsidir. Bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə mühüm uğurlara imza atır. Hər bir sahədə güclü inkişaf və tərəqqi var. Ölkəmizin iqtisadi qüdrəti ildən-ilə artır. Azərbaycan daha da qüdrətlənir, inkişaf edir. Əlbəttə, ölkənin iqtisadi gücünün artması sadalanan sosial problemlərin – yol, işıq, qaz və digər problemlərin daha tez bir zamanda həllinə imkan verəcəkdir.
Bu yolda hər birinizə uğurlar arzulayıram.