2019-cu ilin birinci rübünün nəticələri müzakirə olunmuşdur
Mayın 14-də Astara rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, inzibati dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirmişdir ki, aprelin 30-da möhtərəm prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda geniş nitq söyləyən dövlət başçısı ötən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başladığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirmişdir.
Bu ilin yanvar ayında qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının əhəmiyyətindən danışan cənab Prezident hazırda iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlandığını, ölkədə aparılan islahatların beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini bildirmişdir.
Hesabat dövründə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı Sərəncamlarla böyük həcmli sosial paketin icrasına başlanmış, dövlət büdcəsindən maliyyələşən bütün təbəqədən olan insanların əmək haqları, təqaüdlər, maaş və məvaciblər artırılmışdır. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə artmışdır. Cənab Prezidentin tapşırığına əsasən problemli kreditlərlə bağlı məsələlər həllini tapmışdır. Rayonumuzun da 3 min nəfər sakini bu sərəncamdan yararlanacaqdır. Ölkə rəhbəri tərəfindən atılan bu humanist addımlar bütün vətəndaşlar kimi rayonumuzun sakinlərinin də böyük sevincinə səbəb olmuşdur. Bu diqqət və qayğıya görə bütün astaralılar adından möhtərəm prezidentimizə təşəkkür və minnətdarlığımızı bildiririk.
Azərbaycan Respublikası Prezidentinin Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində proiritet sahələrin - kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, nəqliyyat və loqistika mərkəzinin yaradılması, ixtisaslaşmış turizm sənayesinin inkişafı və digər sahələri əhatə edən meqa layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, şimal-cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində tikilmiş Astara-Astara dəmiryol xətti yükdaşıma xərclərini əhəmiyyətli dərəcədə azaldaraq, ölkəmizin qeyri neft sektorunun inkişafına böyük töhfə verəcəkdir. Həmçinin rayon ərazisində tikiləcək loqistika və ticarət mərkəzi bölgəmizin sosial-iqtisadi, xüsusilə də turizmin inkişafı üçün böyük imkanlar yaradacaqdır.
2019-cu ilin I rübündə rayonumuzda da xeyli iş görülmüşdür. Yerli gəlir və xərclərin icrası tam həyata keçirilmiş, ümumi məhsul və xidmətlərin həcmi 33 milyon manat olmuşdur. Bunun 12 faizi sənayedə, 26 faizi kənd təsərrüfatında, 11 faizi tikintidə, 48 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 2 faizi nəqliyyat və anbar təsərrüfatında, 1 faizi informasiya və rabitədə olmuşdur.
Tikinti-abadlıq və quruculuq sahəsində də rayonda müəyyən işlər görülmüşdür. Hazırda 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi üçün yeni binanın, Ərçivan qəsəbəsində çəltik dəyirmanının, Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi və uzunluğu 11.6 km olan, 6 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun yenidən qurulması işlərinə başlanmış, hazırda işlər davam etdirilir. Şəmətük kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binasının tikintisi və beynəlxalq inkişaf agentliyinin dəstəyi və kənd icmasının köməkliyi ilə Kijəbə qəsəbəsi ərazisində 150 ev təsərrüfatının suvarma suyuna olan tələbatını ödəmək məqsədi ilə su xəttinin çəkilişi başa çatdırılmışdır. Motalayataq kənd tibb məntəqəsi üçün yeni binanın tikintisinə başlanılmışdır. Yaşayış üçün yararsız olan Astara rayonunun Kələdəhnə ərazisində keçmiş peşə məktəbinə məxsus yataqxana binalarında yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həmin yataqxana binaları Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülmüş, orada təmir bərpa işlərinə başlanılmışdır.
Rayon Su kanal sahəsi tərəfindən rüb ərzində 39 min kub metr həcmində su istehlakçılara satılmış, su və kanalizasiya xidmətlərinə görə ödəniş tam həyata keçirilmişdir.
Qaz İstismar İdarəsinin Astara Xidmət Sahəsi tərəfindən rayonun qaz təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə müxtəlif diametrli qaz xətlərində təmir bərpa işləri aparılmış, qaz tənzimləyici avadanlıqlar təmir edilmiş və müraciət etmiş abonentlər üçün yeni qaz sayğacları quraşdırılmışdır. Rayon üzrə ümumi abonentlərin sayı 17400-ə çatmışdır.
Rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Xüsusilə dağlıq ərazidə yerləşən Asxanakəran və Hamoşam nümayəndəliklərinə gedən sıradan çıxmış xətlər yenilənmiş, dayaqlar yeni metal dayaqlarla əvəz edilmişdir. Həmçinin rayonun digər ərazilərində də keçirilən səyyar görüşlər zamanı vətəndaşların elektriklə əlaqədar qaldırdıqları problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Bir neçə yaşayış məntəqələrində artıq əhalinin tələbatını ödəməyən transformatorlar daha böyük gücdə olan transformatorlarla əvəz olunmuşdur.
Ölkə başçısının müvafiq sərəncamına əsasən ucqar dağlıq ərazilərdə yerləşən və bu günə qədər elektrik xətti olmayan Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə vəsait ayrılması sakinlərimizin böyük sevincinə səbəb olmuşdur. Bütün görülən bu işlərə görə vətəndaşlar ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər.
Rayonda aqrar sahənin inkişafına da diqqətlə yanaşılmışdır. Əkin üçün şum işləri aparılmış, müxtəlif növdə payızlıq və yazlıq bitkiləri əkilmişdir. Həmçinin bələdiyyə və meşə torpaqlarında sitrus, tut və fındıq əkininə yararlı torpaqlar müəyyənləşdirilmiş və əkinə cəlb edilmişdir.
Son illər rayonda sitrus və subtropik meyvə bağlarının salınmasına diqqət artmışdır. Bu sahə ilə məşğul olan fermer və fiziki şəxslərə hərtərəfli diqqət və dəstək verilmişdir. Hazırda rayon üzrə sitrus və subtropik meyvə bağlarının ümumi sahəsi 4 min hektara yaxındır.
Rayon sakinlərinin əsas məşğuliyyət sahələrindən biri də heyvandarlıqdır. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və yeni damazlıq heyvanların alınması istiqamətində mühüm işlər görülmüş, o cümlədən aztəminatlı ailələr özünüməşğulluq layihəsi çərçivəsində iri və xırdabuynuzlu mal-qara ilə təmin olunmuşdur.
Sel sularının axıdılması, suvarma mövsümündə çəltik və digər əkin sahələrini dayanıqlı suvarma suyu ilə təmin etmək məqsədi ilə ilin əvvəlindən başlayaraq kanalların təmizlənilməsi ilə bağlı bir sıra işlər görülmüşdür. Alaşa, Təngərüd, Ərçivan və digər ərazilərdə təsərrüfatlararası kanallarda lildən təmizlənmə işləri aparılmışdır. Bundan əlavə çaylarda sel sularının təhlükəsiz axıdılması və vura biləcəyi ziyanın qarşısını almaq məqsədi ilə ilin birinci rübündə Astaraçayda 350 paqonu metr məcra təmizləmə işləri görülmüş, Pensərçayda isə 220 paqonu metr sahil mühafizə bəndi tikilmişdir.
Əhalinin sosial müdafiəsi sahəsində də tədbirlər davam etdirilmiş, pensiya və müavinətlərin vaxtında ödənilməsi təmin olunmuşdur. Bildirirəm ki, növbəyə dayanmış imtiyazlı şəxslərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 10 ailə üçün fərdi evlərin tikilməsi nəzərdə tutulmuşdur.
2019-cu il mart ayının 25-dən başlayaraq uzun müddət davam edən leysan yağışlarının təsirindən Deqədi-Pəlikəş, Taxtanakəran-Toradi, Taxtanakəran-Miki yollarının bir neçə yerlərində sürüşmələr baş vermiş, yollara ciddi ziyan dəyməklə nəqliyyatın hərəkəti məhdudlaşmışdır. Eyni zamanda Kijəbə qəsəbəsi ilə Maşxan kəndini birləşdirən ərazilərdə də sürüşmələr olmuş, yollar bağlanmış, nəqliyyatın hərəkəti tamamilə dayanmışdır. Yağan leysan yağışları rayonun Kijəbə qəsəbəsi, Təngərüd, Siyaku, Asxanakəran, Hamoşam və Şuvi kəndlərində vətəndaşların fərdi yaşayış evlərinə və təsərrüfatlarına ciddi ziyan vurmaqla təhlükəli vəziyyət yaratmışdır. Nəticədə 15 ev qəzalı vəziyyətə düşmüş onlardan 7-si müvəqqəti yaşayış çadırı ilə təmin edilmişdir. Bu problemlərin aradan qaldırılmasından ötrü mövcud imkanlar daxilində tərəfimizdən təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, və müvafiq tədbirlərin görülməsindən ötrü yuxarı orqanlara müraciət olunmuşdur.
Baş verən təbiət hadisələri daşınmaz əmlakların sığortalanması məsələsini daha da aktuallaşdırmışdır. Bununla əlaqədar rayon dövlər sığorta filalı, ərazi nümayəndələri və bələdiyyələrə verilmiş tövsiyə və tapşırıqların icrasına diqqət artırılmalı, təbliğat və maarifləndirmə işlərinin aparılması üçün müntəzəm tədbirlər həyata keçirilməlidir.
Rayon Məşğulluq Mərkəzində 732 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmışdır. Onların 53 nəfəri qaz istismar sahəsində, 45 nəfəri elektrik şəbəkəsində, 20 nəfəri Astara Elektrik Stansiyasında, 20 nəfəri Fövqəlada Hallar Nazirliyinin müvafiq hərbi birləşmələrində, 345 nəfəri isə DOST İş Mərkəzi MMC-də işlə təmin olunmuşlar. Aztəminatlı ailələrdən olan işaxtaran və işsiz vətəndaşlardan 18 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilmişdir.
2018-2019-cu dərs ilində rayonun ümumtəhsil məktəblərində təhsil alan I-XI sinif şagirdləri haqqında tam olaraq məlumatların Dövlət İmtahan Mərkəzinin məlumat bazası olan “Şagird-məzun” sisteminə daxil edilməsi yekunlaşdırılmışdır. Dövlət İmtahan Mərkəzi tərəfindən 10 mart 2019-cu il tarixdə ümumi orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirmənin birinci mərhələsində 1237 şagirdin iştirakı təmin edilmişdir.
03 fevral 2019-cu il tarixdə Respublika fənn olimpiadasının rayon mərhələsi keçirilmiş, zona mərhələsində iştirak edən 62 şagirddən 3 nəfəri finala vəsiqə qazanmışdır.
Ölkə başçısının tövsiyəsinə əsasən ənənəvi olaraq təşkil edilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri mart ayında Quba, Qusar, Xaçmaz rayonlarına səyahət edərək bu yerlərin coğrafiyası, tarixi, mədəniyyəti, adət-ənənələri və müstəqillik illərində qazanılmış sosial-iqtisadi inkişafla tanış olmuşlar. Eyni zamanda tur-aksiya çərçivəsində həmin rayonlarla bərabər Yevlax, Ucar, Ağdaş, Ağsu və Qobustan rayonlarının məktəbliləri rayonumuzda olmuşlar.
Rayonun mədəniyyət müəssisələrinin kollektivləri dövlət bayramları və əlamətdar günlərin keçirilməsinə nail olmuşlar. Martın 17-də dənizkənarı park-bulvarda təşkil edilən Novruz bayramı şənliklərində yerli sakinlərlə yanaşı rayona gələn qonaqlar da iştirak etmişlər. Tədbirdə Novruz ənənələri, xalq oyunları nümayiş etdirilmiş, rayonun bədii özfəaliyyət kollektivləri tərəfindən təşkil edilən konsert proqramı və idmançıların çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
2019-cu ilin 3 ayı ərzində Rayon Mərkəzi Xəstəxanasına və tabeliyində olan səhiyyə müəssisələrinə müraciət edən sakinlərə tibbi xidmətlər göstərilmişdir. Rüb ərzində Mərkəzi Xəstəxanaya müxtəlif xəstəliklərlə müraciət edən 187 nəfər ilkin qeydiyyata götürülmüşdür.
Ölkə rəhbərinin göstərişinə əsasən əhalinin kütləvi olaraq tibbi müayinədən keçirilməsi ənənəvi hal almışdır. Bununla əlaqədar rayon icra hakimiyyətinin Mərkəzi Xəstəxana ilə birgə hazırladığı qrafik əsasında mütəxəssis həkimlərdən ibarət yaradılmış komissiya və həkim briqadası tərəfindən fevralın 11-dən etibarən müayinəyə başlanılmış və 10 may tarixinədək davam etmişdir.
Rayon mərkəzindən uzaq məsafədə yerləşən ərazilərdə əhali ilə keçirilən görüşlərdə sakinlərin müraciətinə uyğun olaraq səyyari həkim briqadası yerlərdə vətəndaşları tibbi müayinəsi sakinlər tərəfindən razılıqla qarşılanmışdır.
Hesabat dövründə Gənclər və İdman İdarəsinin aidiyyəti təşkilatlarla birgə keçirdiyi yerli tədbirlərdə 2500 nəfərdən çox gənc və idmançı iştirak etmişdir. İdmançılarımız respublika və beynəlxalq yarışlarda müvəffəqiyyətlə iştirak edərək ümumilikdə 31 medal qazanmışlar.
Rayonda siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının işi diqqətdə saxlanılmış, onların normal fəaliyyəti üçün lazımi şərait yaradılmışdır.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi əməl olunmuş, dini durum daim nəzarətdə saxlanılmış, bu sahədə sabitlik təmin edilmişdir.
Müstəqil respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində bütün tədbirlər həyata keçirilmişdir. Rüb ərzində şəhər, qəsəbə və kənd ərazi nümayəndələri, icra hakimiyyəti başçısının aparatı, bələdiyyələr və sahibkarlar tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrin yardım fonduna 14 min manatdan çox vəsaitin köçürülməsi təmin edilmişdir.
Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüş, qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ zəruri tədbirlər görülmüşdür.
Məruzə ətrafında Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov, Astara Elektrik Şəbəkəsinin rəisi Namiq Quliyev, 49 nömrəli Yol İstismarı MMC-nin rəisi Qurban Əliyev və başqaları çıxış etmişlər.
Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha prioritet olan məsələlər gündəmdədir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün ölkə başçısının yaratmış olduğu imkanlardan səmərəli istifadə edərək rayonda sitrusçuluq, çayçılıq, çəltikçilik, tərəvəzçilik, arıçılıq və digər sahələri genişləndirməklə məhsul istehsalını artırmalı, ərzaq bolluğunun yaradılmasına bütün qüvvə və bacarığımızı sərf etməklə nail olmalıyıq.
Şura iclasında iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxış edərək cənab Prezidentin rəhbərliyi altında son 15 ildə görülmüş işlər barədə geniş məlumat vermişdir.