Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Şəmətük kəndində əhali ilə səyyar qəbul və görüş

30 may 2019 | 16:00

Rayonun ucqar kəndlərindən biri də Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin dağlıq ərazidə yerləşən Şəmətük kəndidir. Şəmətük kəndində 79 təsərrüfatda 350 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, heyvandarlıq və arıçılıqdır.  

İcra başçısının keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri də iştirak edirdilər.

İcra başçısı nümayəndəliyin ayrı-ayrı kəndlərində vaxtaşırı keçirdiyi səyyar qəbullarda burdakı bəzi sakinlərlə görüşdüklərini qeyd edərək, bu gün Şəmətük kəndində əhalini yerində dinləmək istədiyini bildirmiş, problemlər barədə təkliflər verməyi xahiş etmişdir.

Kənd sakinlərindən Canağa Gənciyev, Gülbala Hidayətov, Əfrasiyab Məmmədov, Mətanət Seyidova və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə müstəqil Azərbaycanımızın yüksək inkişafı, dünyada tanıdılmasından iftixar duyduqlarını söyləmişlər. Son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər eləcə də icra başçısına belə ucqar bir kəndə əhali ilə görüşə gəldiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürlərini bildirmişlər.

Görüş iştirakçıları görülən işlərlə yanaşı kənd yolunun təmiri, elektrik dirək və naqillərinin dəyişdirilməsi, əlavə transformatorun qoyulması, təbii qaz xəttinin çəkilməsinə köməklik göstərilməsi barədə təkliflər vermişlər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan bəzi  məsələlərin yerində həlli ilə əlaqədar tapşırıqlar vermişdir.  

Qeyd etmişdir ki, Şəmətük kəndi rayon mərkəzindən xeyli uzaqda dağlıq ərazidə yerləşdiyinə görə təbii ki, yerli şəraitə uyğun müəyyən çətinlikləri də vardır.  Buna baxmayaraq yüksək inkişafa malik dövlətimiz şəhər və qəsəbələrlə yanaşı, ən ucqar yaşayış məntəqələrində yaşayan əhalinin rifahının yaxşılaşdırılması üçün də tədbirlər həyata keçirir. Son illər bu ərazidə görülən işlər dediklərimizə sübutdur. Siyaku kəndindən buraya qədər gələn yolda 4, Kijəbə qəsəbəsi ilə daimi gediş-gəlişin təmin edilməsi üçün 1 böyük avtomobil körpüsü tikilib istifadəyə verilmiş, yollarda və elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, belə gözəl məktəb inşa edilmişdir. Qonşu kəndlərə təbii qaz xətləri çəkilmiş, yaxın gələcəkdə bu kəndə də qaz xətti çəkilməklə, digər məsələlər də tədricən həllini tapacaqdır. Dünyanın heç bir dövlətində ucqar yaşayış məntəqələrində əhali üçün bu qədər işlər görülmür. Bunlar hamısı dövlətimizin gücünü göstərir.

İcra başçısı son zamanlar əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn əhəmiyyətli dövlət tədbirlərinin yüksək səmərəsini qeyd edərək,  minimum əmək haqları, müavinətlər, pensiyalar, müharibə veteranları, əlilləri, şəhid ailələrinə verilən təqaüdlərin miqdarının artırılmasını, problemli kreditlərin əhalinin xeyrinə həllini dövlətin öz vətəndaşlarına olan hədsiz qayğısı kimi dəyərləndirmişdir.

Bütün bunların ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin vətəndaşlarına göstərdiyi hədsiz diqqət və qayğının parlaq təzahürü olduğunu diqqətə çatdıran İcra başçısı bundan sonra da əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini əminliklə söyləmiş, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.

İcra başçısı Qəzənfər Ağayev Şəmətük kənd ibtidai məktəbi üçün inşası davam edən modul tipli binada işlərin gedişi ilə tanış olmuş, tövsiyələrini vermişdir.

 

Keçidlər