YAP Astara rayon təşkilatı Gənclər Birliyinin V konfransı
Mayın 31-də Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilmişdir.
Konfransda iştirak edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və nümayəndələr əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri qoymuşlar.
YAP Astara rayon təşkilatının qərargahında keçirilən konfransı rayon təşkilatının sədri Firudin Əhmədov açaraq Yeni Azərbaycan Partiyasının gənclərin qarşısında qoyduğu şərəfli və məsuliyyətli vəzifələrdən bəhs etmiş, Azərbaycan Respublikasının müstəqilliyinin qorunması, demokratik hüquqi dövlətin formalaşdırılması, ölkənin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın müharibə vəziyyətindən çıxması, ölkənin vətəndaşları üçün firavan həyat şəraiti yaratmaq kimi çoxsahəli və mürəkkəb vəzifələrindən danışmışdır.
YAP Astara rayon təşkilatı Gənclər Birliyinin sədri Tural Eyvazov ötən dövr ərzində təşkilatın gördüyü işlər barədə məruzə etmişdir.
Konfransda təşkilati məsələlərə baxılmış Asiman Qasımlı YAP Astara rayon təşkilatı Gənclər Birliyinin sədri seçilmişdir. Şuranın, və İdarə Heyətinin tərkibi təsdiqlənmiş, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin V konfransına nümayəndələr seçilmişdir.
Çıxış edən Nuridə Əsədullayeva, Əhliman Müqəddəsov, Vüsal Bayramov, Asiman Qasımlı onlara göstərilən etimadı doğrultmaq üçün daha böyük səylə çalışacaqlarını bildirmişlər. YAP Astara rayon təşkilatı Gənclər Birliyinin ötən dövr ərzində gördüyü işlər qənaətbəxş hesab edilmişdir.
Konfransda icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu, yeganə aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası Azərbaycanın ağır günlərində, mürəkkəb bir siyasi şəraitdə yaranmışdır.
Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. Torpaqlarımız düşmən tərəfindən işğal edilmiş soydaşlarımız doğma yerlərindən didərgin düşmüş, Respublikada xaos, hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı. Xalq yeganə ümidini dünya şöhrətli siyasətçi, təcrübəli dövlət xadimi Heydər Əliyevə bağlayaraq, gənc, müstəqil Respublikanı düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün təkidlə rəhbərliyə dəvət etdi.
Görkəmli və mahir siyasətçi olan Heydər Əliyev Azərbaycanın dövlətçiliyini xilas etmək, xalqı mövcud fəlakətdən qurtarmaq üçün müraciətləri müsbət cavablandıraraq yeni siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının yaradılmasına və bu partiyaya rəhbərlik etməyə razılıq verdi. 1992-ci ilin noyabrında təsis olunan Yeni Azərbaycan Partiyası 6 aydan sonra siyasi hakimiyyətə gələrək Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etdi. Bu Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri idi.
Yeni Azərbaycan Partiyası Ulu Öndərin və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir yol keçmişdir. Artıq 27 ildir ki, güclü və demokratik siyasi qüvvə olan, xalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı inamla inkişafa, uğurlu gələcəyə doğru aparır. Ulu öndərimizin varisçilik ənənələrinə daim sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir.
Yeni Azərbaycan Partiyasının hakimliyyəti dövründə müstəqil Azərbaycan dövləti dünyanın ən sabit, ən mütərrəqi və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Hər bir sahədə güclü inkişaf və tərəqqi var. Dünyanın əksər dövlətlərində qarşıdurmalar, siaysi çaxnaşmalar, maliyyə böhranı yaşandığı halda Azərbaycanda mühüm beynəlxalq layihələr icra olunur, siyasi, iqtisadi, mədəni və idman tədbirləri ən yüksək səviyyədə təşkil olunaraq keçirilir.
Düşmən qüvvələrin apardığı təxribat kampaniyalarına baxmayaraq iki gün bundan öncə Azərbaycan daha bir mötəbər idman tədbirinə - UEFA Avropa Liqasının final oyununa yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. Bu əlbəttə hər birimiz üçün qürurverici bir hadisədir.
Təssüflər olsun ki, bu uğurlara kölgə salmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyən düşmən qüvvələrə milli mənliyi, əqidəsi olmayan, pula satılan bəzi vətən xainləri də köməklik edirlər. Siz gənclər sosial şəbəkələrdə boşboğazlıq edən belələrinə qarşı barışmaz mövqedə olmalı, real faktlarla tutarlı cavablar verməlisiniz. Sevindiricidir ki, Azərbaycan gəncliyi daim bu işdə aktivlik göstərir, Vətənə, xalqa, ölkə rəhbərinə sadiqlik nümayiş etdirir.
Ölkəmizin yüksək inkişafını rayonumuzun timsalında da aydın görə bilərik. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı Sərəncamlarla ayrılan vəsait hesabına rayonda çoxlu tikinti, quruculuq- abadlıq işləri həyata keçirilmiş, mühüm sosial layihələr icra edilmişdir. Bu qayğı və diqqətin nəticəsidir ki, Astara rayonu Respublikanın ən gözəl guşələrindən birinə çevrilmişdir.
Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur bizi hədsiz sevindirir, daha böyük nailiyyətlərin əldə edilməsinə ruhlandırır. Əlbəttə, bu uğurların qazanılmasında Yeni Azərbaycan Partiyasının rolu əvəzsizdir. İnanırıq ki, sevimli Prezidentimizin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin sabahı bu günündən daha möhtəşəm olacaqdır.
İcra başçısı seçilmiş yeni tərkibi təbrik etmiş, işlərində müvəffəqiyyətlər arzulamışdır.
Sonda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərə Fəxri Fərmanlar verilmiş, partiya sıralarına üzvlüyə yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilmişdir.