SIĞORTANIZ TƏMİNATINIZDIR!
Tarixin bütün dönəmlərində İnsanlar həyatlarını təhlükəsiz keçirmək, gözlənilməz hadisələrin ziyanını azaltmaq istəyi ilə yaşamışlar. Həyat bəzən bizi gözləmədiyimiz hadisələrlə üz-üzə qoyur. Bəşəriyyət yarandığı gündən insanlar bir çox təbii fəlakətlər, yanğın, zəlzələ və digər təbii və texnogen hadisələrlə rastlaşmışlar. Heç şübhəsiz, baş verən bu cür gözlənilməz hadisələr dağıntılara və tələfatlara səbəb olur. Bütün bunlar isə mülkiyyət hüququndan asılı olmayaraq insanlara külli miqdarda ziyan vurur. Belə təbii fəlakətlərdən və gözlənilməz hadisələrdən, dövlətin və insanların əmlakına və sağlamlığına vurduğu ziyandan, ağır nəticələrdən qaçmaq mümkün deyil. Amma dəymiş ziyanı aradan qaldırmaq funksiyasını iqtisadi qurum kimi sığorta təşkilatları həyata keçirə bilir.
Hazırda ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri də təbii fəlakətlərdən, yanğından, zəlzələdən və digər gözlənilməz hadisələrdən dəyən zərərin ödənilməsinə sığorta təminatı yaratmaq məqsədilə əhaliyə xidmət göstərir. Bu istiqamətdə dövlət başçısı cənab İlham Əliyev tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizin dinamik inkişafı, həyata keçirilən sosial-iqtisadi islahatlar digər sahələrdə olduğu kimi, sığorta sahəsində də qanunvericilik bazasının möhkəmləndirilməsini təmin etmiş, bu sahədə bir çox normativ sənədlər, o cümlədən "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir.
Məlum həqiqətdir ki, bütün dünyada olduğu kimi ölkəmizdə də təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələr baş verə bilər. Təbii ki, bu halda əmlak sahibi həm maddi, həm də mənəvi cəhətdən ziyan çəkir. "İcbari sığortalar haqqında" qanunun əsas məqsədi bu və digər hadisələr nəticəsində əhalinin əmlakına və sağlamlığına vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafelərinin qorunmasından və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir.
Əlbəttə, sığorta baş verəcək hadisələrin qarşısını ala bilməz. Nə də ki, mənəvi cəhətdən bizə dəymiş olan yaralarımızı sağalda bilməz. Lakin bu, bədbəxt hadisə nəticəsində dəymiş olan zərəri heç olmasa maddi cəhətdən təmin etmiş olur. Daşınmaz əmlakın icbari sığortası hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Sığortalının əmlakı tam dəyəri ilə sığortaya cəlb edilir. Sığorta müqaviləsi bir il müddətinə bağlanılır.
Hazırda dünyada sığortaya maraq çoxdur. Çünki sığorta bazarı uzun illər ərzində formalaşaraq mükəmməl sistemə çevrilir və hamı bu sistemin üstünlüklərini bilir, yeri gəldikdə ondan bəhrələnir. Lakin etiraf edək ki, bizdə sığortanın mahiyyəti, əhəmiyyəti hələ də lazımınca təbliğ edilmir və insanlar tərəfindən ciddi yanaşılmır.
Gərək hər kəs bilsin ki, əgər sığorta hadisəsi baş verərsə, əmlakına dəyən ziyanı təkbaşına aradan qaldırmalı, xərclərin hamısını öz üzərinə götürməli olmayacaq, sığorta müqaviləsi bağladığı şirkət ona maddi dəstək verəcək və maliyyə riski ilə üzləşsə, heç də hər şeyi itirməyəcək.
Əziz sakinlərimiz bütün qeyd olunanları nəzərə alaraq sizə əmlaklarınızın sığorta edilməsinə həssaslıqla yanaşmağınızı tövsiyə edirik.