Tüləküvan kəndində əhali ilə səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin vaxtaşırı olaraq rayonun ayrı-ayrı yaşayış məntəqələrində əhali ilə keçirdiyi səyyar qəbul və görüşləri sakinlər tərəfindən razılıqla qarşılanaraq yüksək qiymətləndirilir. Tüləküvan kəndində əhali ilə keçirilən görüşdə inzibati orqanların, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
İcra başçısı əhalini salamlayaraq bildirmişdir ki, sakinlərlə görüşlərimiz müntəzəm xarakter almışdır. Bu görüşlərin nəticəsidir ki, verilən təkliflərin, qaldırılan problemlərin həlli ilə rayonumuz gündən-günə abadlaşır, gözəlləşir. Yaşadığınız Tüləküvan kəndində də çoxlu abadlıq işləri görülüb. Belə gözəl asfalt yol çəkilib, qazlaşma aparılıb. Əvvəlki mənzərə ilə müqayisədə kəndin bu günkü vəziyyəti olduqca ürəkaçan, gözoxşayandır. Buna baxmayaraq sizinlə yenə görüşə gəldik ki, narahatlıq doğuran məsələlər varsa, onların həllinə birgə nail olaq. Buyurun sizi dinləyirik.
Sakinlərdən Mərcan Əliyeva, Aydın Ağayev, Eldar Sovqatov və başqaları çıxış edərək Respublikada və rayonumuzda həyata keçirilən çoxsaylı sosial layihələr, görülən geniş quruculuq abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun asfaltlaşdırılaraq istifadəyə verilməsi burada yaşayan əhalinin böyük sevincinə səbəb olmuş, həyatlarına, güzəranlarına rahatlıq gəlmişdir. Əvvəllər mövcud olmayan bu yolun onlara ən böyük hədiyyə olduğunu vurğulayaraq, bu yüksək diqqət və qayğıya görə cənab Prezidentə bir daha hədsiz minnətdarlıq ifadə etmiş, icra başçısına dərin təşəkkürlərini bildirmişlər.
Sakinlər eyni zamanda kəndi suvarma suyu ilə təmin edən su nasosu üçün əlavə transformatorun qoyulması, elektrik xətt təsərrüfatında kabelləşmənin aparılması və yeni transformatorun qoyulması, Tüləküvan kənd tam orta məktəbi üçün əlavə korpusun tikintisi barədə təkliflər verimişlər.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirmiş, kəndə suvarma suyunun verilməsi və transformatorun qoyulması ilə əlaqədar aidiyyəti idarələrin rəhbərlərinə tapşırıqlar vermişdir.
Qeyd etmişdir ki, vaxtaşırı keçirilən görüşlərdə verdiyiniz təkliflər əsasında problemlərin əksəriyyəti həllini tapmış, ərazidə sosial layihələr icra edilmiş, geniş tikinti-quruculuq, abadlıq işləri aparılmışdır. Bu görülən işlər hamısı sizin üçündür, rahat yaşayışınızın təmin edilməsinə xidmət edir.
İstifadəyə verilən Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolu ümumiyyətlə heç vaxt mövcud olmayıb. Amma əhali çoxaldıqca belə bir yolun salınması zərurəti yaranmışdı. Bununla sizin kənddən başqa onlarla digər kəndlərin əhalisinin də yol problemi həllini tapmışdır. Ən ucqar kəndlərimizə asfalt yolların çəkilməsi isə gələn hər bir qonaq üçün gözəl təbiətə malik rayonumuzla tanışlıq imkanı yaradıbdır.
Hazırda rayonumuz üçün mühüm əhəmiyyət daşıyan daha bir ucqar yaşayış məntəqəsi olan İstisu-Bəndəsər istiqamətində avtomobil yolunun asfaltlaşdırılmasına başlanmışdır.
Respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da geniş abadlıq və quruculuq işləri sürətlə davam etdirilir. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılması üçün yeni-yeni infrastruktur layihələr həyata keçirilir. Dəniz sahilində gözəl park-bulvar salınmış, Xanbulançaydan Astara şəhərinə içməli su xətti çəkilmişdir. Bunlar görülən işlərin yalnız bir hissəsidir.
Ələt-Astara avtomobil yolunun istifadəyə verilməsi Respublika əhalisinin, xüsusən də bölgəmizin əhalisinin böyük sevincinə səbəb olmuşdur. İndi daha tez, rahat və təhlükəsiz yolla Bakı şəhərinə getmək mümkündür.
Göstərilən bu qayğı və diqqətə görə rayonumuzun bütün sakinləri adından möhtərəm Prezidentimiz İlham Əliyevə səmimi qəlbdən təşəkkür və minnətdarlığımızı bildiririk.
Sosial layihələrin icrası gələcəkdə də davam edəcəkdir. Dövlətimizin bizim üçün yaratdıqlarını, eyni zamanda ölkəmizdə bərqərar olan əmin-amanlığı qorumalı, ölkə Prezidenti ətrafında sıx birləşərək, son zamanlar sosial şəbəkələrdə ölkəmiz haqqında həqiqəti əks etdirməyən, cəfəngiyyat məlumatlar yayan, görülən işlərə qara yaxmağa çalışan ünsürlərə qarşı vətəndaşlıq mövqeyimizi bildirməklə ölkəmizin bundan sonra da inkişafı üçün əlimizdən gələni etməliyik.
İcra başçısı Qəzənfər Ağayev Tüləküvan kənd tam orta məktəbdə tədrislə maraqlanmış, məktəb kollektivi ilə söhbət edərək tövsiyələrini vermişdir.