Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Asxanakəran və Hamoşam kənd sakinləri ilə görüşü
Hamoşam və Asxanakəran inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri rayon mərkəzindən 45 km aralı olmaqla şimal-qərbdə ən ucqar yaşayış məntəqələridir. Lerik rayonu və İranla həmsərhəddirlər. May-iyun ayları bu yerlərin ən səfalı vaxtlarıdır. Dağ yamaclarında, yaşıl ormanlarda sıralanmış evlərin bağ-bağatında zəhmətkeş insanlar yaz qayğıları ilə yaşayır.
Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 6 kəndində 2887 nəfər, Asxanakəran inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 kəndində isə 2813 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti maldarlıq, əkinçilik və arıçılıqdır.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar respublikamızın ən ucqar kəndlərində də müəyyən işlər görülüb. 180 yerlik Toradi kənd tam orta məktəbi üçün müasir tipli yeni bina tikilib istifadəyə verilmiş, Hamoşam, Asxanakəran və Motlayataq kəndləri üçün yeni məktəb binalarının tikintisinə başlanmışdır.
17 may 2012-ci il tarixdə Astara rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin Hamoşam və Asxanakəran kənd sakinləri ilə görüşündə yerli əhali bu barədə razılıqla danışaraq ölkə rəhbərinə minnətdarlıqlarını ifadə etmişlər. Qeyd olunmuşdur ki, şəhərdən başlanan tikinti-quruculuq işləri ən ucqar kəndlərə də gəlib çatmış və bunun bariz nümunəsini öz kəndimizin timsalında görürük.
İcra başçısı əvvəlcə Hamoşam kənd sakinləri ilə görüşərək onların arzu və təkliflərini dinləmişdir. Kənd sakinlərindən Məcid Hüseynov Siyaku–Hamoşam yolunun vaxtaşırı təmir edilməsi üçün ağır texnikaya ehtiyac duyulduğunu, Toradi kənd tam orta məktəbinin direktoru Balazər Əliyev qonşu Lerik rayonunun bir neçə kəndindən şagirdlərin həmin məktəbdə təhsil almasını nəzərə alaraq burada internat məktəbinin açılmasına köməklik edilməsini, Hamoşam kənd tam orta məktəbinin müəllimi Asəf Abdulov kənddə internet şəbəkəsinə sürətli qoşulmanın yaradılması, heyvandarlığın inkişafı üçün aqrokreditlərin verilməsi, kənd ağsaqqallar şurasının sədri Davud Qasımov həkim məntəqəsi ilə əvəz edilmiş Hamoşam kənd sahə xəstəxanasının bərpa edilməsi, yaxud kəndə təcili tibbi yardım maşınının verilməsi barədə müraciətlər etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev söylənən problemlər və verilən təkliflərə münasibət bildirərək qeyd etmişdir ki, bu gün sizinlə burada – rayonumuzun ən ucqar dağ kəndində, bu gözəl təbiətin qoynunda görüşməkdən çox məmnunam. Bir daha şahidi oldum ki, bu insanlar da elə təbiətin özü kimi saf və təmiz insanlardır. Sizinlə bu ilk görüşümüz hesab edirəm ki, faydalı və işgüzar bir görüşdür. Problemlərlə yerində tanış olmağın müəyyən müsbət nəticələri olacaqdır. Əsas problem əlbəttə, burada deyildiyi kimi yolların əsaslı təmiri ilə bağlıdır. İmkan daxilində bu işə köməklik edəcəyik. Buraya texnika təhkim olunacaq. Nəqliyyatın daimi hərəkətini təmin etmək üçün yolun ən problemli yerləri təmir olunacaq. Bu gün müstəqil dövlətimizin sürətli hərtərəfli inkişafı göz qabağındadır. Əgər ən ucqar dağ kəndlərində hər cür yeni inventar və avadanlıqlarla təchiz olunmuş müasir tipli məktəb binaları, səhiyyə obyektləri inşa edilirsə, digər mühüm layihələr həyata keçirilirsə, deməli, nə vaxtsa yüksək keyfiyyətli yol da çəkiləcək.
Elektrik dirəkləri köhnə olsa da fasiləsiz enerji təminatı böyük uğur hesab edilməlidir. Elektrik təsərrüfatının yeniləşməsi də tədricən həyata keçiriləcəkdir.
Ərazinin rayon mərkəzindən xeyli uzaq məsafədə yerləşdiyini nəzərə alıb yaxın gələcəkdə bura üçün yerli şəraitə uyğun təcili tibbi yardım maşınının ayrılmasına köməklik edəcəyik.
İnternetlə bağlı demək istəyirəm ki, burada elektron ATS fəaliyyət göstərir, yaxın gələcəkdə internet şəbəkəsinə sürətli qoşulma üçün də şərait yaranacaqdır.
Aqrokreditlərin verilməsi ilə əlaqədar fikirlər söyləndi. Çox yaxşı təşəbbüsdür. Yerli fermerlər aidiyyəti üzrə müraciət etsinlər, biz də müəyyən köməkliyimizi göstərəcəyik.
Sadalanan digər məsələlər də tədricən öz həllini tapacaqdır. Çünki, bu problemlər zaman-zaman yarandığı üçün həllinə də müəyyən vaxt lazımdır.
Ölkəmizin gündən-günə artan gücü bu problemlərin həlli üçün də zəmin yaradır. Ölkəmiz bu gün dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının üzvüdür. Bu bizdə böyük iftixar hissi doğurmaqla böyük siyasi uğurumuz və diplomatik qələbəmizdir.
Müstəqil Azərbaycan dövlətinin bu cür hərtərəfli ahəngdar inkişafı və tərəqqisi xalqımızın Ümummilli Lideri, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş strategiyadır. Ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyev bu gün bu siyasəti uğurla həyata keçirməklə Azərbaycanı inkişafın ən yüksək mərhələsinə çatdırıbdır. Siz də çıxışınızda bunu qeyd etməklə və ölkə rəhbərinin haqq işinə hərtərəfli dəstəyinizlə öz vətəndaşlıq mövqeyinizi ortaya qoydunuz. Buna görə sizə minnətdaram.
Görüşdən sonra Q.Ağayev Hamoşam kəndində Azərbaycanın ən gənc Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevin ev muzeyini ziyarət etmiş, muzeyin təmiri ilə əlaqədar tövsiyə və tapşırıqlarını vermişdir.
Rayon icra hakimiyyətinin başçısı cənab Q.Ağayev Asxanakəran kəndində də əhali ilə görüş keçirmişdir.
Asxanakəran inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şıxməmməd Lələyev yeni xəstəxana binasının tikintisi, Asxanakəran kənd tam orta məktəbinin müəllimi Ramiz Gənciyev kənddəki körpünün təmir edilməsi, müəllim Arif Əliyev Siyaku-Asxanakəran yolunun əsaslı təmiri barədə müraciətlər etmişlər.
Asxanakəran kənd tam orta məktəbinin müəllimi Şirməmməd Fərəcov rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevi yeni təyinat münasibəti ilə təbrik etmiş, uğurlar arzulamışdır. Qeyd etmişdir ki, bu günkü gözəl, firavan həyata görə Prezidentimizə minnətdarıq. Kəndimizin bütün sakinləri, istər gənclər, istərsə də yaşlı nəslin nümayəndələri bu torpağa, bu yurda qəlbən bağlıyıq. Dövlətə və dövlətçiliyə həmişə sadiqik. İllərdir ki, kəndlərimizdə cinayətkarlıq və neqativ hallar yoxdur. Gənclərimiz ordu sıralarında sədaqətlə Vətənə xidmət edirlər. Bundan sonra da ölkəmizi daha parlaq sabahlara aparan Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün işlərdə dəstək olacağıq.
İcra başçısı sakinlərin müraciətlərini dinləyərək qeyd etmişdir ki, sizinlə bu dağların qoynunda görüşüb səmimi söhbət etmək mənim üçün çox xoşdur. Dövlətə, dövlətçiliyə sadiq, hər addımda ölkə rəhbərini dəstəkləyən, ətrafında bu cür sıx birləşən sizin kimi fədakar insanlarla fəxr etməyə dəyər. Qeyd olundu ki, ərazidə heç bir cinayət hadisəsi müşahidə olunmamış, heç bir neqativ hal bu kənddə yoxdur. Bu da əlbəttə yüksək tərbiyədən irəli gəlir. İnsanların yurda bağlılığı, xüsusən gənclərin mətinliyi bizi sevindirir. Bu dağ şəraiti ilə bağlı müəyyən çətinliklər sizi qorxutmadığı kimi bizi də qətiyyən qorxutmur. Sizi əmin edirəm ki, bundan sonra sizin kimi nurlu insanlara və bu doğma yerlərə diqqət və qayğımızı daha da artıracağıq.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Asxanakəran və Motlayataq kəndlərində müasir tipli yeni məktəb binalarının tikintisinə başlanıb. Buna nə qədər sevindiyinizi hiss edirik. Bu tədris ocaqlarında gələcəyimiz olan uşaqların daha mükəmməl təhsil alması üçün geniş imkanlar yaranacaqdır. Bu Ulu Öndər Heydər Əliyevin ənənələrinə sadiq qalan ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin təhsilə olan böyük qayğısının bariz nümunəsidir. Çünki, bütün uğurların təməli məktəbdən başlanır. Bizə savadlı, bacarıqlı, geniş dünyagörüşlü, hər yerdə Azərbaycanı ləyaqətlə təmsil etməyi bacaran gənclər lazımdır. Bunun ilkin hazırlığı isə məktəbdən başlanır.
Burada sadalanan fikirlərlə əlaqədar deyim ki, yolun cari təmiri üçün köməkliyimizi edəcəyik. Bu barədə qonşu Hamoşam kəndinin əhalisi ilə görüşdə də fikrimi bildirmişəm. Günü sabahdan texnika, yanacaq veriləcək, çətin yerlərdə yolun təmiri təmin olunacaq.
Elektrik dirəkləri və naqillərinin vəziyyəti bizə məlumdur. Bunlar tədricən yenisi ilə əvəz olunacaqdır. Ancaq hər vasitə ilə əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatına tapşırıqlar verilmişdir. Yeni xəstəxana binasının tikintisi, kənddəki körpünün təmiri və digər problemlər də vardır ki, bunların həllinə əlbəttə, sizinlə bir yerdə nail olacağıq.
Mən bu kəndə sizinlə görüşə yenə gələcəyəm. Dağ kəndlərinin problemlərinin həlli daim diqqətdə olacaqdır. Bu cür səmimi və işgüzar görüşə görə sizə bir daha minnətdarlıq edirəm. Sağ olun.