Motalayataq kəndində əhali ilə səyyar qəbul və görüş
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə keçirdiyi növbəti səyyar qəbulu Motalayataq kəndində olmuşdur. Səyyar qəbul və görüşdə rayonun aidiyyəti idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
İcra başçısı iştirakçıları salamlayaraq, bildirmişdir ki, ötən həftə də bu dağ kəndlərində olmuş, Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Kamlakan kəndində səyyar qəbul keçirmişik. Orada qaldırılan əsas məsələ sərhəd zastavasına gedən elektrik xəttinin təmir edilməsi idi. Bu barədə aidiyyəti üzrə müracitimiz müsbət qarşılanmış, artıq yaxın günlərdə işə başlanacaqdır. Bu gün sizinlə görüşməkdə də məqsədimiz problemlərlə yerində tanış olub, həllinə köməklik göstərməkdir. Buyurun təkliflərinizi verin.
Kənd sakinlərindən Bəxtiyar Nurəliyev, Rəhim Ağayev, Rafiq Hacıyev, Vasif Qurbanov və başqaları çıxış edərək son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər əhali ilə tez-tez görüşə gəldiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmişlər.
Görüş iştirakçıları görülən işlərlə yanaşı kənddə ictimai nəqliyyatın təşkili, odun yanacağı ilə təmin olunmasına köməklik göstərilməsi barədə təkliflər vermişlər.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək qeyd etmişdir ki, ictimai nəqliyyatı maddi imkanı çatan hər bir vətəndaş alıb işlədə bilər. Çünki ölkəmizdə azad iqtisadiyyata dövlət dəstəyi böyükdür. Biz tərəfdən də hər cür köməklik göstəriləcəkdir.
Təkcə bu kəndin deyil, digər dağ kəndlərində yaşayan sakinlərimizin də odun yanacağı ilə təmin edilməsi barədə aidiyyəti üzrə tapşırıqlar vermişik. Bu məsələ artıq qanuni həllini tapmışdır. Bu barədə ərazi nümayəndələri sizi məlumatlandıracaq.
Azərbaycanımızın yüksək inkişafından hər birimiz məlumatlıyıq və bununla fəxr edirik. Bu yüksək inkişafı gündən-günə yaxşılaşan sosial həyatımızın hər sahəsində hiss edirik. Şəhər və qəsəbələrlə yanaşı, ən ucqar yaşayış məntəqələrində yaşayan əhalinin rifahının yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir. Son illər bu ərazidə görülən işlər dediklərimizə sübutdur. Avtomobil yolunun asfaltlaşdırlması ilə yanaşı bir neçə müasir tipli məktəb binası inşa edilmiş, körpülər tikilmişdir. Bu cür sosial layihələrtin icrası bundan sonra da davam edəcəkdir.
İcra başçısı son zamanlar əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətindəki mühüm dövlət tədbirlərindən söhbət açaraq minimum əmək haqları, müavinətlər, pensiyalar, müxtəlif kateqoriyadan olan şəxslərə verilən təqaüdlərin miqdarının artırılmasını və digər tədbirləri dövlətin öz vətəndaşlarına olan hədsiz qayğısı kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, hər bir Azərbaycan ailəsi bu gün yüksək səviyyədə bu sosial qayğının təzahürlərini hiss edir. Elə bir ailə yoxdur ki, dövlətin bu qayğısından yararlanmasın.
Qeyd etmişdir ki, bu dövlət qayğısı davamlı şəkildə olacaqdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifahının yaxşılaşdırılması möhtərəm Prezidentimizin və dövlətimizin syasi xəttinin əsasını təşkil edir. Bütün bunların ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin vətəndaşlarına göstərdiyi hədsiz diqqət və qayğısı olduğunu bildirərək görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa çağırmışdır.