Şəvqo kəndində ilk dəfə əhalinin səyyar qəbulu keçirilmişdir
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan 13 kənddən biri də Şəvqodur. Kənddə 75 təsərrüfatda 350 nəfər əhali yaşayır. Ucqar dağlıq ərazidə yerləşən kənddə bir ibtidai məktəb, bir kitabxana və seçki məntəqəsi vardır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıqdır. Sərt qayaların qoynunda yerləşdiyinə görə mövcud olduğu tarixi ərzində ilk dəfə 2017-ci ildə bu kəndə elektrik xətti çəkilmiş, elektrik enerjisinin verilişinə başlanmışdır.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayonun ən ucqar bir kəndində əhali ilə görüşünü sakinlər sevinclə qarşılamışlar. Kənddə ilk dəfə keçirilən səyyar qəbulda rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
İcra başçısı iştirakçıları salamlayaraq, bildirmişdir ki, nümayəndəliyin digər kəndlərində vaxtaşırı görüşlərimiz olmuşdur. Bu gün sizinlə yaşadığınız bu gözəl Şəvqo kəndində görüşməkdə məqsədimiz problemlərlə yerində tanış olub, həllinə birgə nail olmaqdır. Əslində bu kəndin ən böyük problemlərindən biri elektrik xəttinin olmaması idi ki, bu artıq həllini tapıbdır. İkinci böyük problem avtomobil yolunun əsaslı təmiridir. Bunun üçün aidiyyəti üzrə müraciət olunmuş, müəyyən tədbirlər görüləcəkdir.
Kənd sakinlərindən Malik Həmdəmov, Zaman Baxşıyev, Qalib Allahyarov və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə müstəqil Azərbaycanımızın yüksək inkişafı, dünyada tanıdılmasından sevinclə danışmışlar. Son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər eləcə də icra başçısına belə ucqar bir kəndə əhali ilə görüşə gəldiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürlərini bildirmişlər.
Görüş iştirakçıları görülən işlərlə yanaşı kəndə gələn avtomobil yolunun genişləndirilməsi, yeni məktəb binasının tikilməsi, Sibiyyət kəndinə qədər 800 metr yolun çəkilməsi, mövcud ibtidai məktəbin ümumi orta məktəbə çevrilməsinə köməklik göstərilməsi barədə təkliflər vermişlər.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirmiş, məsələlərin aktuallığını önə çəkərək həlli üçün çalışacağını vurğulamışdır.
Bildirmişdir ki, ucqar dağlıq ərazidə yerləşən Pəlikəş, Asxanakəran, Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin mərkəzinə qədər yolların asfaltlaşdırılması ilə əhalinin rahatlığı təmin olunmuşdur. Elə siz sakinlər də bu yollardan istifadə edirsiniz. Lakin nümayəndəliyin mərkəzindən ətraf kəndlərə gedən yolların əsaslı təmirə ehtiyacı vardır. Şəvqo kəndinin də hazırda ən böyük problemi yolların qaydaya salınmasıdır. Bu da tədricən həllini tapacaqdır.
Kənd rayon mərkəzindən xeyli uzaqda dağlıq ərazidə yerləşdiyinə görə təbii ki, yerli şəraitə uyğun müəyyən çətinlikləri də vardır. Buna baxmayaraq yüksək inkişafa malik dövlətimiz şəhər və qəsəbələrlə yanaşı, ən ucqar yaşayış məntəqələrində yaşayan əhalinin rifahının yaxşılaşdırılması üçün də tədbirlər həyata keçirir. Son illər bu ərazidə görülən işlər dediklərimizə sübutdur. Avtomobil yolunun asfaltlaşdırlması ilə yanaşı bir neçə müasir tipli məktəb binası inşa edilmiş, sahə xəstəxanası üçün yeni bina tikilmişdir. Bu cür sosial layihələrtin icrası bundan sonra da davam edəcəkdir. Dünyanın heç bir dövlətində ucqar yaşayış məntəqələrində əhali üçün bu qədər işlər görülmür. Bunlar hamısı dövlətimizin gücünü göstərir.
İcra başçısı son zamanlar əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn əhəmiyyətli dövlət tədbirlərindən bəhs edərək, minimum əmək haqları, müavinətlər, pensiyalar, müxtəlif kateqoriyadan olan şəxslərə verilən təqaüdlərin miqdarının artırılmasını və digər tədbirləri dövlətin öz vətəndaşlarına olan hədsiz qayğısı kimi dəyərləndirmişdir.
Bütün bunların ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin vətəndaşlarına göstərdiyi hədsiz diqqət və qayğının parlaq təzahürü olduğunu diqqətə çatdıran icra başçısı bundan sonra da əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini əminliklə söyləmiş, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.