Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

2019-cu ilin birinci yarımilinin sosial-iqtisadi nəticələri müzakirə olunmuşdur

06 avqust 2019 | 16:00

Avqustun 6-da Astara Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilmişdir. Rayon icra hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iclasda iştirak etmişlər.  

İclası giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirmişdir ki, iyulun 31-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə 2019-cu ilin birinci yarımilində Respublikada sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə geniş nitq söyləyən dövlət başçısı iin əvvəlindən qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini, mühüm əhəmiyyətli böyük infrastruktur layihələrin icra olunduğunu bildirmişdir.

Ölkə iqtisadiyyatının bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorunun 3,2 faiz, kənd təsərrüfatı 13 faiz, qeyri-neft sənayesinin isə 15,7 faiz artdığını bildirmişdir. 

Hesabat dövründə ticarət dövriyyəsi 20 faiz, qeyri-neft ixracı 15 faiz,  əhalinin gəlirləri 6,6 faiz artmışdır. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulmuş, büdcə daxilolmaları 440 milyon manatdan çox artmışdır.

Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı Sərəncamlarla böyük həcmli sosial paketin icrasına başlanmış, dövlət büdcəsindən maliyyələşən bütün təbəqədən olan insanların əmək haqları, təqaüdlər, maaş və məvacibləri, minimum əməkhaqqı və minimum pensiyalar əhəmiyyətli dərəcədə artırılmışdır. Bu böyük sosial paket 4 milyondan çox insanı əhatə etmişdir.

Cənab Prezidentin tapşırığına əsasən problemli kreditlərlə bağlı məsələlər həllini tapmışdır. Ölkə rəhbəri tərəfindən atılan bu humanist addımlar bütün vətəndaşlar kimi rayonumuzun sakinlərinin də böyük sevincinə səbəb olmuşdur. Bu diqqət və qayğıya görə bütün astaralılar adından möhtərəm prezidentimizə təşəkkür və minnətdarlığımızı bildiririk.

2019-cu ilin I yarımilində  rayonumuzda da xeyli iş görülmüşdür. Yerli gəlir və xərclərin icrası tam həyata keçirilmiş, ümumi məhsul və xidmətlərin həcmi 33 milyon manat olmuşdur. Bunun 12 faizi sənayedə, 26 faizi kənd təsərrüfatında, 11 faizi tikintidə,  48 faizi  ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 2 faizi nəqliyyat və anbar təsərrüfatında, 1 faizi  informasiya və rabitədə olmuşdur.

Tikinti-abadlıq və quruculuq sahəsində rayonda görülən işlər təqdirəlayiqdir. Astara şəhərinin Kələdəhnə ərazisində yaşayış üçün yararsız olan keçmiş peşə məktəbinə məxsus yataqxana binalarında yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həmin yataqxana binaları Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülmüş, orada təmir bərpa işlərinə başlanılmışdır.

Şəmətük kəndində 20 şagird yerlik ibtidai modul tipli məktəb binasının, Ərçivan qəsəbəsində çəltik dəyirmanının, Motlayataq kənd tibb məntəqəsi üçün yeni binanın tikintisi başa çatdırılmış,  Burzubənd kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik bina yeni dərs ilində istifadəyə veriləcəkdir. Hazırda tikintisinə ehtiyac olan digər məktəblərimizin inşası istiqamətində işlər davam etdirilir.

Ölkə başçısı cənab İlham Əliyev hesabat dövründə təkcə Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar 4 Sərəncam imzalamışdır. Bu  yüksək diqqət və qayğısına görə sakinlərimiz adından Möhtərəm Prezidentə hədsiz minnətdarlıq və təşəkkürümüzü bildiririk.

Rayon Su Kanal Sahəsi 3600 abonentə su təchizatı xidməti göstərir. 2019-cu ilin 6 ayı ərzində Xanbulançay su mənbəyindən götürülmüş 440 min kub metr suyun 95 min kub metri su istehlakçılarına satılmışdır.

Ötən mövsüm ərzində istehlakçılara suyun çatdırılmasında yaranmış nasazlıqlar aradan qaldırılmış, hazırda şəhər əhalisi fasiləsiz olaraq  içməli su ilə  təmin olunur. Bununla yanaşı kəndlərə də içməli su xətlərinin çəkilişinə başlanmışdır. Beynəlxalq inkişaf agentliyinin dəstəyi və kənd icmasının köməkliyi ilə Kijəbə qəsəbəsi ərazisində 150 ev təsərrüfatının suvarma suyuna olan tələbatını ödəmək məqsədi ilə su xəttinin çəkilişi başa çatdırılmış, sakinlərin istifadəsinə verilmişdir.

Hesabat dövründə əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatı təmin olunmuş, şəbəkənin əsaslı təmiri istiqamətində bir sıra işlər görülmüşdür. İstismar müddəti başa çatmış müxtəlif diametrli qaz kəmərləri, sayğaclar, yarasız vəziyyətdə olan qaz tənzimləyiciləri yenisi ilə əvəz olunmuşdur.

İlin əvvəlindən 85 nəfər abonent üçün yeni qaz sayğacları quraşdırılmış, rayon üzrə ümumi abonentlərin sayı 17410-a çatmışdır.

2019-cu ilin I yarımilində əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə rayon ərazisində istismara yararsız elektrik xətləri dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Ümumilikdə bu sahədə həyata keçirilən tədbirlərin nəticəsində rayonda fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchizat təmin olunmuş, şəbəkənin ötürücülük qabiliyyəti artırılmış, qəza açılmaları minimuma endirilmişdir.

 Ölkə başçısının müvafiq sərəncamına əsasən ucqar dağlıq ərazilərdə yerləşən və bu günə qədər elektrik xətti olmayan Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə vəsait ayrılmasına görə vətəndaşlarımız ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər.

Rayonda kənd təsərrüfatı sahəsinə də  diqqətlə yanaşılmışdır. Aqrar sahədə çəltikçiliyin, sitrus meyvəçiliyinin və çayçılığın inkişafına dair qəbul edilmiş Dövlət Proqramlarının icrası ilə bağlı mühüm işlər görülmüşdür. Vətəndaşlarla aparılmış maarifləndirmə izahat işləri nəticəsində 140 hektarı buğda,  44 hektarı arpa olmaqla ümumilikdə 184 hektar sahədə taxıl əkilmişdir. İyun ayında sahələrdə başlanan biçin başa çatdırılmış, məhsuldarlıq buğdada 22, arpada 19 sentener təşkil etmişdir.

Cari ildə rayonun ayrı-ayrı təsərrüfatlarında 237 hektar sahədə çəltik əkilmiş, lazımi aqrotexniki qulluq göstərilmiş, suvarma ilə bağlı heç bir  problem olmamışdır. 

Çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində çay plantasiyalarının ümumi sahəsi 345 hektara çatdırılmışdır. Cari ildə rayon üzrə ümumilikdə 325  ton məhsul istehsal edilmişdir

Son illər rayonda sitrus və subtropik meyvə bağlarının salınması geniş vüsət almışdır. Hazırda rayon üzrə sitrus və subtropik meyvə bağlarının ümumi sahəsi 4 min hektara yaxındır.

Rayon üzrə cari ildə fərdi həyətyanı torpaqlarla birlikdə 2100 hektara yaxın  sahədə tərəvəz əkilmiş, 8200 ton məhsul yığılmışdır. 

2019-cu ilin may ayında Qax Damazlıq Təsərrüfatından rayona  barama toxumu gətirilərək kümçülərə paylanılmış, rayon üzrə 14 kümçü tərəfindən ümumilikdə 1262 kq barama tədarük olunaraq Şəki-İpək kombinatına təhvil verilmişdir.

Rayon sakinlərinin məşğuliyyət sahələrindən biri də heyvandarlıqdır. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və yeni damazlıq heyvanların alınması istiqamətində müəyyən işlər görülmüş, o cümlədən aztəminatlı ailələr özünüməşğulluq layihəsi çərçivəsində iri və xırdabuynuzlu mal-qara ilə təmin olunmuşdur.

Torpaq sahələrinin normaya uyğun suvarma suyu ilə təmin olunması əkinçiliyin inkişafını təmin edən əsas amillərdən biridir. Buna görə də rayonda irriqasiya sistemləri yeniləşdirilmiş, qapalı suvarma şəbəkələri işlək vəziyyətdə saxlanılmış, meliorasiya tədbirləri tam həyata keçirilmişdir. Bu da torpaqların su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir.

Hesabat dövründə rayon ərazisində 76 min p.m kanal və arxlar lildən təmizlənmiş, əkin sahələrinə suyun fasiləsiz verilməsi təmin edilmişdir.

Astaraçayda 300 p.m, Pensərçayda 200 p.m məcra təmizlənmə işləri, Ərçivançayda 1500 p.m genişləndirmə işləri aparılmış, hazırda bu istiqamətdə işlər davam edir.

Cənab Prezidentin müvafiq Sərəncamına əsasən ayrılan vəsait hesabına hazırda Pensər çayında sahil mühafizə bəndlərinin tikintisinə başlanılmışdır. Əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən bu tədbirlər  sakinlərin böyük sevincinə səbəb olmuşdur.

Əhalinin sosial müdafiəsi sahəsində də tədbirlər davam etdirilmiş, pensiya və müavinətlərin vaxtında ödənilməsi təmin olunmuşdur. Bildirirəm ki, növbəyə dayanmış imtiyazlı şəxslərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 1 ailə üçün yaşayış mənzili, 10 ailə üçün isə fərdi evlərin tikilməsi nəzərdə tutulmuşdur.

Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi birinci yarımillikdə də davam etmişdir. Cənab prezidentin sərəncamı əsasında rayonun on beş min nəfər əhalisinin yaşadığı uzunluğu 11.6 km olan, 6 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolu yüksək səviyyədə  asfaltlaşdırılaraq istifadəyə verilmişdir. 

Rayon ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,3 milyon  manat vəsait ayrılmış, hazırda yaşayış binasının tikintisi üçün torpaq ayırma və layihə-smeta sənədlərinin hazırlanmasına başlanılmışdır.

 Baş verən təbiət hadisələri daşınmaz əmlakların sığortalanması məsələsini daha da aktuallaşdırmışdır. Bununla əlaqədar rayon dövlət Sığorta Filialı, ərazi nümayəndələri və bələdiyyələr verilmiş tövsiyə və tapşırıqların icrasına diqqəti daha da artırmalı, təbliğat və maarifləndirmə işlərinin aparılması üçün müntəzəm tədbirlər həyata keçirməlidirlər. 

2019-ci ilin I yarımilində Rayon Təhsil şöbəsində müəyyən işlər görülmüşdür. Ümumtəhsil məktəblərin məzunlarından 450 nəfər ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, 200 nəfər məzun keçid balını toplamışdır. Onlardan 34 nəfər 500-dən,  4 nəfər isə 600-dən yuxarı bal toplamışdır.

2019-cu ilin 6 ayı ərzində rayon Mədəniyyət şöbəsi yay mövsümü dövründə yerli əhaliyə və rayona gələn turistlərə mədəni xidmətlərin təşkilinə dair hazırladığı “Tədbirlər planına" uyğun olaraq qarşıya  qoyulmuş vəzifələrin həyata keçirilməsinə başlamış və bu sıradan olan tədbirlərin keçirilməsi davam etməkdədir.

 Hesabat dövründə Rayon Mərkəzi Xəstəxanasına və tabeliyində olan səhiyyə müəssisələrinə müraciət edən sakinlərə tibbi xidmətlər göstərilmişdir. Pensər kənd sahə xəstəxanasının təmiri davam etmiş,  Motalayataq kənd tibb məntəqəsi üçün yeni binanın tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir.

Ölkə rəhbərinin göstərişinə əsasən əhalinin kütləvi olaraq tibbi müayinədən keçirilməsi ənənəvi hal almışdır. Bununla əlaqədar rayon icra hakimiyyətinin Mərkəzi Xəstəxana ilə birgə hazırladığı qrafik əsasında mütəxəssis həkimlərdən ibarət komissiya və həkim briqadası rayonun qəsəbə və kəndlərinə ezam olunmuş, ərazilərdə əhalinin tibbi müayinəsi aparılmışdır.

Rayon Gənclər və İdman İdarəsi 61 tədbir həyata keçirmişdir. Aidiyyəti təşkilatlarla birgə keçirdiyi yerli tədbirlərdə 8 min  nəfərdən çox gənc və idmançı iştirak etmişdir. İdmançılarımız respublika və beynəlxalq yarışlarda müvəffəqiyyətlə iştirak etmiş, beynəlxalq yarışlardan 20 medal qazanmışlar.    

Müstəqil respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində bütün tədbirlər həyata keçirilmişdir. Ötən müddət ərzində şəhər, qəsəbə və kənd ərazi nümayəndələri, icra hakimiyyəti başçısının aparatı, bələdiyyələr və sahibkarlar tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrin yardım fonduna 25 min manatdan çox vəsaitin köçürülməsi təmin edilmişdir.

Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar Asan Xidməti rayonda olmuş və 10 xidmət növü üzrə 60 gün müddətində 11 min nəfərə yaxın vətəndaşa müxtəlif fəaliyyət növləri üzrə xidmətlər göstərilmişdir.

Vətəndaşların ərizə, şikayətlərə baxılması və qəbulu işinin daha da yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Ərazilərdə mütəmadi keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, lazımi tədbirlər görülmüşdür. Ərazilərdə keçirilən 21 səyyar qəbulda 94 müraciət və təklif söylənilmişdir. Müraciətlər əsasən elektrik xətt təsərrüfatının yenilənməsi, kənd ara yollarının təmiri, qazlaşma, sahilbərkitmə  və  leysan yağışların fərdi yaşayış evlərinə və təsərrüfatlara vurduğu ziyanların aradan qaldırılması barəsində olmuşdur. Həlli mümkün olan məsələlərin icrası təmin edilmiş, rayonun imkanları xaricində olan məsələlər barədə aidiyyəti üzrə yuxarı orqanlara müraciətlər olunmuşdur.

Rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev,  Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəbrayıl Salmanov, rayon Məşğulluq Mərkəzinin sektor müdiri Vahab Vahabov, Maliyyə idarəsinin rəisi Cavid Abbasov və başqaları müşavirədə çıxış etmişlər.

Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha prioritet olan məsələlər gündəmdədir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün ölkə başçısının yaratmış olduğu imkanlardan səmərəli istifadə edərək rayonda ənənəvi kənd təsərrüfatı sahələrini - sitrusçuluq, çayçılıq, çəltikçilik, tərəvəzçilik, arıçılıq və digər sahələri genişləndirməklə məhsul istehsalını  artırmalıyıq. Ən ümdə məsələlərdən biri də turizm sahəsinin inkişafına diqqətin yönəldilməsidir. Bu sahədə müəyyən irəliləyişlər vardır. Bunu rayonumuza gələn turistlərin sayının ildən-ilə artmasında görə bilərik. Ən ucqar kəndlərimizin yolları tikiləndən, gözəl park-bulvar salınandan sonra rayonumuza maraq xeyli artmışdır. Bunları daha da inkişaf etdirməli, yeni, müasir tipli otellər tikilməli, istirahət yerləri salınmalıdır. Bunun üçün iş adamlarına lazım olan şəraitin yaradılmasına, hər cür köməklik göstərməyə hazırıq.

Kənd təsərrüfatına əhalinin marağı artsa da, daha çox işgüzarlıq göstərilməli, bütün torpaqların təyinatı üzrə istifadəsinə çalışmalıyıq. İş adamları, fermerlər aqrar sahənin inkişafı üçün dövlət tərəfindən edilən güzəştlərdən yararlanmaldırlar. Yaradılan bu imkanlardan səmərəli istifadə edilməlidir.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan inkişaf strateqiyası, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti ilə davam etdikcə, müstəqil Azərbaycanımız gündən-günə inkişaf edir, güclənir. Bu əlbəttə ki, bizi çox sevindirir. Ona görə də cənab Prezidentimizin ətrafında sıx birləşməli, ölkəmizdə hökm sürən əmin-amanlığı, sabitliyi qorumalı və dövlətimizin hərtərəfli inkişafına əməli işimizlə töhfəmizi verməliyik.

Sonda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalı” ilə təltif olunmuş Cahangir Əliyevə və dövlət qulluğunda  fərqləndiyinə görə “Tərəqqi” medalı ilə təltif olunmuş rayon icra hakimiyyəti başçısı aparatının məsul işçisi Arif Əliyevə medallar təqdim edilmişdir.

Keçidlər