Ovala və Xıçaso kəndlərində əhali ilə görüş
Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərin əksəriyyəti dağlıq ərazidə yerləşir. Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə görüşə gəldiyi Ovala və Xıçaso kəndlərinin ərazisi də dağlıqdır. Görüşdə rayonun aidiyyəti idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər. Bu kənd sakinlərinin əsas məşğuliyyəti sitrusçuluq, heyvandarlıq və arıçılıqdır.
İcra başçısı ötən görüşdən sonra sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində müəyyən işlərin görüldüyünü, daha çox vaxt tələb edən digər məsələlərin həlli üçün yolların axtarıldığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, yolların cari təmiri aparılmış, bir neçə avtomobil körpüsü salınmış, qəzalı vəziyyətdə olan elektrik dirəkləri və xətlər dəyişdirilmişdir. Bu işlərin görülməsində, əsasən yolların qaydaya salınmasında yerli əhalinin işgüzarlığını xüsusi qeyd edir, sizə təşşəkkürümü bildirirəm. Bu gün sizinlə görüşməkdə də məqsədimiz problemlərlə yerində tanış olub, həllinə köməklik göstərməkdir. Buyurun təkliflərinizi verin.
Kənd sakinlərindən Mirzağa Rəhmətov, Eyyub Rəhmətov, Tərlan Hidayətov, Vəskinə Mərufova, İsaq Mərufov, Fazil Məmmədov, Canağa Gənciyev, Cümşüd Eynəliyev və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə müstəqil Azərbaycanımızın yüksək inkişafı, dünyada tanıdılmasından iftixar duyduqlarını söyləmişlər. Son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər eləcə də, icra başçısına rayonun ucqar kəndlərinə əhali ilə görüşə gəldiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürlərini bildirmişlər.
Görüş iştirakçıları görülən işlərlə yanaşı Sipiyəpart-Ovala yolunun təmirinə, Şağlazüzə-Xıçaso-Sipiyəpart yolunun asfaltlaşdırılmasına, çürümüş elektrik dirəkləri və xətlərinin dəyişdirilməsinə, Ovala kənd ümumi orta məktəbi üçün əlavə sinif otağının tikintisinə, Ovala kənd ümumi orta məktəbinə ixtisaslı müəllimlərin göndərilməsinə, Xıçaso kəndinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsi barədə və digər təkliflər vermişlər.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək bəzi məsələlərin yerində həlli ilə əlaqədar tapşırıqlar vermişdir.
Qeyd etmişdir ki, son illər rayonumuzda ən ucqar dağ kəndlərinin yolları asfaltlaşdırılmış, yeni məktəb binaları, səhiyyə müəssisələri inşa edilmiş, su xətləri çəkilmiş, bir sözlə əhalinin rahat yaşayışının təmin edilməsi üçün mühüm işlər görülmüşdür. Çox sağ olun ki, siz bunları dəyərləndirir və çıxışlarınızda cənab Prezidentə hədsiz məhəbbətinizi ifadə edir, minnətdarlığınızı bildirirsiniz. Eyni zamanda bu işlərin görülməsində fəal iştirak etməyinizə görə mən də sizə çox sağ olun deyirəm.
Burada əsas problem kimi qeyd etdiyiniz Şağlazüzə-Xıçaso-Sipiyəpart yolunun və Ovalada deyilən Sipiyəpart-Ovala yolunun asfaltlaşdırılması ilə bağlı bildirirəm ki, bunlar tədricən həllini tapacaqdır. Hazırda yaxın kəndlərin asfalt yolları ilə rahat və il boyu hərəkət təmin olunmuşdur. Əvvəllər bu dağ kəndlərinə yalnız yay mövsümündə getmək mümkün idisə, hazırda ən müasir avtomobillərlə ən ucqar dağ kəndlərimiz olan Pəlikəş, Hamoşam, Toradi və digər kəndlərə ilin bütün fəsillərində, hər cür hava şəraitində getmək mümükündür.
Bu kəndlərimiz olduqca səfalı, turizmin inkişafı üçün çox əlverişlidir. Artıq yeni Ələt-Astara yolu istifadəyə veriləndən, kəndarası yollarımız asfaltlaşdırılandan sonra rayonumuza maraq xeyli artmış, turist axını güclənmişdir. Bunu inkişaf etdirmək lazımdır. Gələcəkdə bu sahədə böyük irəliləyişin olacağı realdır.
İşgüzarlığınız, zəhmətkeşliyiniz məni çox sevindiri, bundan razı qaldım. Gözəl sitrus bağları yetişdirmisiniz. Bu sahə gəlir gətirən sahə olduğundan daha da inkişaf etdirməklə, yeni, daha əlverşli üsullardan istifadə etməklə, məhsuldar sortların yetişdirilməsinə diqqəti artırın.
Bu gün Respublikamızda, rayonumuzda çox inqilabi dəyişikliklər gedir. Həyata keçirilən sosial layihələrin miqyası gündən-günə genişlənir. Bütün bunlara görə ulu öndər siyasətinə və bu siyasəti uğurla davam etdirərək, müstəqil Azərbaycanımızı inamla işıqlı sabahlara aparan ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdar olmalıyıq.
Üzərimizə düşən əsas vəzifə ölkəmizdə hökm sürən əmin-amanlığı qorumaq və ölkə Prezidenti ətrafında sıx birləşərək gördüyü möhtəşəm işlərdə ona dəstək olmaqdan ibarətdir. Bu yolda hər birinizə uğurlar arzulayıram.
Səyar qəbul-görüşlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak etmiş, çıxış edərək Respublikada sosial-iqtisadi sahədə gedən işlər barədə əhalini məlumatlandırmışdır.